2 Yanvar 17:35
311
12 Punto 14 Punto 16 Punto 18 Punto

Geridə qoyduğumuz 2023-cü ilin demək olar ki, hər günü mühüm tarixi hadisələrlə yadda qaldı. Əlbəttə, bunlardan ən önəmlisi ərazi bütövlüyü və suverenliyimizin tam təmin olunması idi. Cənab Prezident İlham Əliyevin 31 dekabr Dünya Azərbaycanlılarıının Həmrəylik günü və Yeni il münasibətilə müraciətində dediyi kimi “Dövlət suverenliyimizin bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır”. Bundan başqa 2023-cü ilin yanvar ayında "Qərbi Azərbaycana Qayıdış Konsepsiyası"nın qəbul edildi. Bununla da Azərbaycan növbəti illərdə milli hədəflərinin və strateji məqsədlərinin xüsusi istiqamətini elan etdi. Apreldə Laçın yolunda dövlət sərhəd-buraxılış məntəqəsinin quraşdırılması ilə Azərbaycan ərazi bütövlüyünü de-fakto bərpa etdi. Sentyabrda Qarabağda lokal xarakterli anti-terror tədbirləri keçirildi. Bu Azərbaycanın tam və əbədi olaraq suverenliynin təmin olması demək idi. Zəfər Günündə Xankəndində hərbi paradın keçirilməsi Azərbaycan dövlətinin və onun Silahlı Qüvvələrinin gücünün və əzminin bütün dünyaya nümayişi idi. Bununla da Azərbaycan öz ərazisində iki yüz ildən çox davam edən separatizmə qalib gəldiyini və bir əsrlik saxtakarlığa son qoyulduğunu bütün dünyaya nümayiş etdirdi. Bütün bunlarla yanaşı dekabr ayında Azərbaycanın 2024-cü ildə COP-29-a ev sahibliyi etməsi ilə bağlı BMT-nin yekdil qərar qəbul olundu. Bütün bunlar Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasətinin, əzminin və iradəsinin nəticəsidir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

O qeyd edib ki, 2023-cü ilin sentyabrın 19-da başlamış və cəmi bir gün, ondan da az davam edən antiterror tədbirləri Azərbaycan xalqının yaddaşından heç bir vaxt silinməyəcək mühüm tarixi hadisə və müasir Azərbaycan tarixinin şanlı səhifələrindən biridir: “Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələnən antiterror tədbirləri nəticəsində ölkəmizdə separatizmin kökü kəsildi. Əminliklə deyə bilərik ki, Azərbaycan torpaqlarında separatizm bir daha baş qaldıra bilməz. Separatçı rejim bizim qarşımızda diz çökmüş, ağ bayraq qaldırmış, təslim olmuş, torpaqlarımızdan əbədi olaraq çıxarılmış və tarixin zibilxanasına atılmışdır”.

Millət vəkili vurğulayıb ki, Azərbaycanın parlaq qələbəsi nəticəsində şəhidlərimizin qanı yerdə qalmadı: “Azərbaycan Ordusu peşəkarlıq, qəhrəmanlıq, əsgər və zabitlərimiz fədakarlıq göstərmişlər. Həm Birinci, həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı zamanı şəhid olmuş əsgər, zabitlərimizin, mülki şəxslərin, Xocalı qurbanlarının qisası döyüş meydanında alınmışdır. Bu gün hər bir Azərbaycan vətəndaşı, dünyada yaşayan hər bir azərbaycanlı haqlı olaraq qürur hissi keçirir. 2023-cü ilin aprel ayında ərazi bütövlüyümüzü tam bərpa etmişdik. Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsi qurulmuş və o gündən bəri Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilmişdir”.

Deputat hesab edir ki, heç bir ittiham, təzyiq Azərbaycan dövlətinin polad iradəsinə təsir edə bilmədi: “Vətən Müharibəsi dövründən bu yana yaxşı xatırlayırıq ki, dünyada, xüsusilə Qərb ölkələrində Ermənistanın arxasında dayanan, onlara daim dəstək göstərən ölkələrdə nə qədər hay-küy qaldırılmışdı, bizə qarşı əsassız ittihamlar irəli sürülmüşdü. Cənab Prezidentin dediyi kimi “Biz haqq yolundayıq, öz sərhədimizi özümüz nəzarətə götürmüşük və heç kimə imkan vermərik ki, bizim torpağımızda at oynatsın.”

Tamam Cəfərova bildirib ki, ötən üç ildə Azərbaycan xalqının birliyinin, həmrəyliyinin simvoluna çevrilmiş “Dəmir yumruq” Azərbaycan dövlətinin gücünün rəmzidir: “Bu, eyni zamanda Azərbaycanda hökm sürən xalq-iqtidar-ordu birliyinin simvoludur. İkinci Qarabağ müharibəsindəki tarixi zəfərimiz, antiterror əməliyyatları, seperatçı rejimin tarixin tozlu səhifələrinə qarışması bütün bunlar Azərbaycan xalqını bir araya gətirərək bir yumruq halına gətirmişdir. Dost-düşmən hər kəs bilməlidir ki, “Dəmir yumruq” hər zaman yerindədir və yerində də olacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər