9 Yanvar 09:05
1 608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- İl başlayar-başlamaz Fransa Prezidenti Emmanuel Makron yenə ermənilərə qahmar çıxdı. O, bundan sonra da Ermənistanı tək qoymayacağını bildirdi. İrəvanda isə sülh müqaviləsinə hazırlığın getdiyi deyilir. Belə bir məqamda Makron niyə bitmək üzrə olan ədavəti körükləyir, onun hansı hesabları var?

- Bu Makronun yox, ABŞ-nin hesabıdır. ABŞ Azərbaycanda təxribat mühiti yaratmağa çalışır, bunu da məqsədli şəkildə edir. Bu təxribata hazırlıq gedir. Makrona gəlincə, onun öz fikri yoxdur, olmayıb, bu mümkünsüzdür. Çünki onu vəzifəyə Amerika gətirib, Amerikanın da ondan tələbləri var və bunları yerinə yetirmək məcburiyyətindədir. Makron həm də erməni xislətindən əl çəkə bilmir, bunda qeyri-adi bir şey görmürəm.

Məqsədləri Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkisinə kölgə salmaq, onun demokratikliyinə şübhə yaratmaq və bunun üçün daxildəki bəzi qüvvələrdən yararlanmaqdır. Vaxt getdikcə bəzi şəxslər bu məqsədlə mətbuata ikibaşlı açıqlamalar verirlər. Üstəgəl, Avropa məhkəmələri kütləvi şəkildə Azərbaycan əleyhinə qərarlar çıxarırlar.

Digər yandan, kimlərsə Mərkəzi Seçki Komissiyasının qabağına gedib indidən “saxta nəticələr”dən danışırlar, sonra “Meydan TV” kimi Qərbdən maliyyələşən media qurumlarını çağırıb bunu tirajlayırlar. Azərbaycanın əleyhinə olan bütün qüvvələr də bunları həvəslə yayırlar.

Mediamız bunun üstünə getməlidir. Hələ təbliğat başlamayıb, artıq anti-təbliğat aparırlar.

Prezident İlham Əliyevin əleyhinə güclü təbliğat başlayıb. Fransa da, ABŞ də, digər qüvvələr də onların içindədir. Bunlar təsadüfi deyil. Fransanın Azərbaycandakı uzantıları fəallaşıblar. Müvafiq dövlət qurumları bu məsələlərlə məşğul olmalıdır, indidən qarşısını almaq lazımdır. Fransa da bu addımları elə-belə atmır. Artıq qərar verilib, Fransada hökumət yenilənir.

Fransada iki erməni yüksək vəzifəyə təyinat alıb. Həmin şəxslər vaxtilə Ermənistanda vəzifədə olublar. Bu o deməkdir ki, Fransa açıq şəkildə Azərbaycana qarşı təxribata hazırlaşır.

- Ermənistan hansı yolu seçəcək: Fransanın yedəyində gedəcək, ya sülhə gələcək?

- Paşinyan Fransanın yedəyində getmək istəmir, amma burada İran və Rusiyanın da maraqları var. İran bu və digər formada Zəngəzur dəhlizi ilə bağlı maraqlarını təmin edib, Azərbaycanla anlaşdı. Rusiyanın isə maraqları tam təmin olunmayıb. Rusiya çalışacaq ki, özünə bağlı qüvvələr və ya hərbçilərin əlləri ilə Ermənistanda dövlət çevrilişi etsin. Qərbin də maraqları təmin olunmayıb.

Paşinyan dekabrın sonunda MDB-nin sammiti üçün Peterburqa getməklə Qərbi çaşdırdı. Bundan sonra ABŞ Dövlət Departamenti Azərbaycana rəsmən iftira atdı. Guya Azərbaycan tolerant deyil, burada başqa dinlərə qarşı dözümsüzlük var və sair. ABŞ bizi ən böyük dəyərlərimizlə - tolerantlıq və multikulturalizmlə bağlı “ittiham” elədi. ABŞ bizə qarşı bundan başqa böyük nə etməliydi?

Bir sözlə, ABŞ hələlik Ermənistanla bağlı istəklərinə nail olmayıb. Bu səbəbdən də Azərbaycana qarşı fəaliyyətlərini, diplomatik hücumlarını davam etdirəcək. Bir-iki həftədən sonra ABŞ-nin Azərbaycan daxilindəki adamlarının fəallığı daha da güclənəcək. Azərbaycanı siyasi toqquşma arenasına çevirməyə çalışırlar. Buna görə də, Ermənistan sülh müqaviləsi ilə bağlı vaxtı uzadır. Bununla da o təəssüratı yaraymağa çalışırlar ki, guya sülhü Azərbaycan rəhbərliyi istəmir, bunu bacarmır. Yəni bununla Qərbin Azərbaycan daxilindəki adamlarına “yeni mövzu” verirlər.

Məsələn, İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycan müxalifəti yaxasını cırırdı ki, Xankəndi qaldı, Xocalı qaldı... İndi də ayrı “mövzular”a keçirlər. Amma hər şeyin yerbəyer olduğunu görəndə ağızlarına su alıb oturdular.

Xaricdən alınan sifarişlərin icrası həyata keçirilir. Başqa sözlə, Cənubi Qafqaz yenidən bölünmə mərhələsinə qədəm qoyur. Məsələn, Bidzina İvanişvilinin aktiv şəkildə siyasətə qayıtması təsadüfi deyil. Azərbaycanda da bəziləri fəallaşıblar. Paşinyanın da ziddiyyətli açıqlamaları göstərir ki, Cənubi Qafqazı siyasi döyüş arenasına çevirməyə çalışırlar.

- Cənubi Qafqazın gələcəyi ilə bağlı proqnozunuz necədir: bölgəmiz formalaşmaqda olan yeni dünya düzənində harada olacaq?

- Cənubi Qafqazdakı düzənin gələcəyi Azərbaycan dövlətinin mövqeyindən asılıdır. Çünki bölgənin güclü və aparıcı dövləti Azərbaycandır, hərbi, iqtisadi cəhətdən üstün mövqedəyik. Azərbaycan Cənubi Qafqazın siyasi xəritəsini yenidən cızan dövlətdir, çünki bəzi əraziləri uzun müddət işğalda olmuşdu. Cənubi Qafqazın gələcək siyasi arxitekturasının memarı İlham Əliyev olmasa, burada düzənsizlik olacaq. Buna görə də, o memar elə İlham Əliyevin özüdür.

Cənubi Qafqaz ABŞ və Rusiya arasında geosiyasi, siyasi toqquşma mərkəzinə çevrilməkdədir. Hadisələr göstərir ki, Rusiya Ukraynadan sonra Gürcüstanı nəzarətə götürmək istəyir. Azərbaycanla işi yoxdur, çünki yürütdüyümüz siyasət buna imkan vermir. Bütün hallarda Rusiya bizim strateji tərəfdaşımızdır.

Rusiya İkinci Qarabağ Müharibəsi və bundan sonra haqq işimizin həyata keçməsində bizə maneə yaratmadı, buna görə də onu qiymətləndirməliyik.

Bölgədə bir də daimi mövqeyi olmayan bir Ermənistan var. Ermənistan rəhbərliyinin mövqeyi yoxdur, ən təhlükəli şey də mövqesizlikdir. Belə bir durumda bölgənin gələcək siyasi düzəni Azərbaycanın mövqeyindən asılı olacaq. Yəqin ki, bu, prezident seçkisindən sonra özünü daha açıq büruzə verəcək. Çünki İlham Əliyev danışan yox, işləyən siyasətçilərdəndir, liderlərdəndir. Populizmi sevmir, fikirlərini əmələ çevirən, konkret nəticələrlə danışan siyasətçidir.

- Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlu bildirdi ki, Zəngəzur dəhlizi 2028-ci ilədək açılacaq, artıq Ermənistan da buna müsbət yanaşır. Sizcə, bu projenin reallıq payı nə qədərdir?

- Ermənistanın dəhlizi açmamaq şansı qalmadı. 10 noyabr bəyanatına görə, Ermənistan işğalda saxladığı 8 Azərbaycan kəndini qaytarmalıdır. Bu kəndlərdən 4-ü (Qazaxın) Azərbaycan sərhədinə bitişikdir, qalanları da anklavdır. Azərbaycan bu əraziləri mütləq götürəcək. Həmin ərazilər qaytarıldıqdan sonra Ermənistanı dünyaya bağlayan yeganə “həyat yolu” Azərbaycan ordusunun nəzarətinə keçəcək. Ermənistan bunu yaxşı başa düşür.

Qar yağdı, Lars yolu bağlandı, bununla Ermənistanın dünyaya çıxışı kəsilir. İndi Azərbaycana çıxa bilmir, İranla yollarında problemləri var, çıxmaqda çətinlik çəkir. Türkiyə ilə də sərhədləri bağlıdır. Yəni Ermənistanın Zəngəzur dəhlizini açmaqdan başqa yolu qalmır. Paşinyanın son fikirlərindən də belə anlaşılır ki, Ermənistan buna hazırdır.

Azərbaycan ilin sonunadək Ağbəndə qədər olan dəmir yolunu çəkəcək, eyni zamanda Naxçıvanda Ermənistan sərhədinədək olan dəmir yolu yenilənir. Dəmir və avtomobil yollarının Ermənistandan keçən hissəsinin isə layihələndirilməsi və reallaşdırılması isə ən azı 2027-28-ci illərədək gedəcək. Uraloğlu da peşəkarlıqla hesablayır ki, dəhliz o vaxta qədər reallaşacaq.

Əlbəttə, Ermənistan yayınmasa... Amma Ermənistan istəsə də, istəməsə də bu dəhlizi açmaq məcburiyyətindədir.

Artıq İran faktoru zərərsizləşdirilib. Prezident İlham Əliyev çox ağıllı gediş elədi. İran və Azərbaycan arasında dəhlizlə bağlı imzalanmış anlaşma bir növ Tehranın maraqlarını təmin etdi. Artıq İran bu işin içində yoxdur. Rusiyanın maraqları var. Əgər bu maraqlar təmin olunmasa, Paşinyan hakimiyyətdən getmək məcburiyyətində qalacaq.

Paşinyanın yerinə kim gəlsə, avtomatik Azərbaycanla sülh müqaviləsini də, sərhədlərin delimitasiyasına dair anlaşmanı da imzalayacaq. Çünki onların Qarabağ maraqları yoxdur, hakimiyyət maraqları var. Bunun ardınca digər problemlər, eləcə də Zəngəzur məsələsi həll olunacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər