10 Yanvar 19:57
1 159
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Cümşüd bəy, ABŞ Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında daha bir görüşün keçirilməsi istiqamətində səylərini davam etdirir. Vaşinqtonun bu məsələdə aktivliyi nə ilə bağlıdır?

- ABŞ Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasında maraqlıdır. Vaşinqton bu kimi faktorlarla Moskvanın bölgədəki nüfuzunu aşağı salmaq, onu bölgədən çıxartmaq istəyir. Əsas məqsəd də məhz bununla bağlıdır. Amerika həmçinin imzalanacaq sülh müqaviləsinin müəllifi kimi də çıxış etmək niyyətindədir. ABŞ-da bu il prezident seçkiləri keçiriləcək. Hakimiyyətdə olan demokratların vəziyyəti hazırda o qədər də yaxşı deyil. Siyasi, ideoloji cəhətdən dəstək itiriblər.

- Bu bölgədə baş verəcək proseslər Amerikanın daxili siyasətinə nə dərəcədə təsirli görünür?

- Ağ Ev Cənubi Qafqazda məhz bu reallıq fonunda hansısa bir uğur əldə etmək istəyir. İsrailə gücləri çatmır, Türkiyə ilə münasibətləri bu və ya digər formada yaxşılaşdırmağa çalışırlar. Çünki orada kifayət qədər müsəlman icması var. Digər tərəfdən isə erməni lobbisindən maliyyələşməni təşkil etmək niyyətləri gizlin deyil.

- Azərbaycana qarşı rəsmi Vaşinqtonun son yanaşmaları fonunda bu addımlar nə dərəcədə effektiv ola bilər?

- Amerikanın bu mənada siyasəti fərqlidir. ABŞ üzdə sülhpərvər görünsə də, arxa planda ikiüzlü siyasət yürüdür. Azərbaycanın ABŞ tərəfindən tamamilə absurd məsələlərdə ittiham edilməsi heç bir məntiqə əsaslanmır.

- Bakıya qarşı Amerikadan olan qarayaxmaların pərdə arxasında nələr var?

- ABŞ-nin bir erməni qadının hazırladığı hesabatla və onu Dövlət Departamenti səviyyəsində gündəmə gətirməklə özünün sülhyaratma missiyası arasında dərin ziddiyyətin olduğunu görmək mümkündür. Hazırda ABŞ özünü hegemon dövlət hesab etsə də, bu mövqeyini də artıq əldə verib. Məhz bu kontekstdə ABŞ-nin maraqları ilə onun hərəkətləri düz gəlmir.

- Cənubi Qafqaz sanki yenidən Rusiya-ABŞ arasında mübarizə platformasına çevrilir...

- Rusiya Ukrayna cəbhəsindəki məğlubiyyətin əvəzini Qafqazda uğur qazanmaqla kompensasiya etmək istəyir. ABŞ dövlət katibi Entoni Blinkenin indiki halda əl-ayağa düşməsi bununla bağlıdır. Görünən odur ki, hazırkı Ağ Ev Administrasiyasında bu işlərlə məşğul olan tək adam elə Blinkendir. Qalanları başqa işlərlə məşğuldur.

- Ermənistanın sülhlə bağlı davamlı açıqlamalarının arxasında hansı əlamətlər gizlənir?

- Qarşıdakı dövrdə Rusiyada prezident seçkiləri keçiriləcək. Bu il martın 17-ə qədər Ermənistan tərəfi Azərbaycanla sülh sazişi imzalamasa, İrəvanda mütləq ara qarışacaq. Artıq Ermənistanda birmənalı şəkildə Nikol Paşinyanın əleyhinə olan qüvvəllər formalaşıb. Erməni katolikos II Qaregin də Paşinyana qarşı çıxan qrupa qoşulub. Daşnaksütun, Qarabağdan getmiş narazılar və yerli müxalifət Paşinyan hakimiyyətinə qarşı bir koalisiya formalaşdırıblar. Bu, sözsüz ki, Rusiyanın diktəsi ilə baş verir. Ona görə də, Ermənistan hakimiyyəti Azərbaycanla ən azı çərçivə sülh müqaviləsini bu ilin martına qədər imzalamağa can atır. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ardıcıl açıqlamaları da məhz buna hesablanıb.

- İran Ermənistana əhalisinin 95 faizini azərbaycanlılar təşkil edən Təbriz şəhərində konsulluq açmağa razılıq verib. Rəsmi Tehran bununla hansı mesajı verməyə çalışır?

- Bunlar fars xislətindən doğan amillərlə bağlıdır. Onlar çox yaxşı bilir ki, min illiklər onları dövlət kimi türklər qoruyub saxlayıb. Bu gün də İranda yenə də türklər çoxluq təşkil edir. İran gör nə günə qalıb ki, ermənilərdən kart kimi istifadə edir. Təbrizdə əhalinin az qala 95 faizindən çoxu Azərbaycan türkləridir. Orada yeganə Təbrizin Çarşı bazarına yaxın bir məhəllədə ermənilər yaşayır. Ona görə də, olduqca az sayda bir erməni üçün Təbriz şəhərində konsulluğun açılması fərqli məqsədlərə xidmət edir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər