Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində yeni nüanslara toxundu. Ölkə başçısı hələ də Ermənistanın işğalı altında qalan 8 kəndlə bağlı məsələdən bəhs etdi. 8 kənddən dördünün anklav olmadığı vurğulandı və dərhal azad edilməli olduğu erməni tərəfinin diqqətinə çatdırıldı. Dövlət başçısı sonuncu dəfə Sankt-Peterburqda Nikol Paşinyanla görüşdə bu məsələni onun nəzərinə çatdırdığını söyləyib. Məhz bu baxımdan 4 yaşayış məntəqəsinin dərhal azad olunması, digər 4 kəndin azad edilməsinin isə danışıqlar prosesində müzakirə mövzusu ola biləcəyi vurğulandı.
Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.
“Bu, Ermənistana verilən mesajdır. Çünki qarşı tərəf prosesi bundan sonra da uzadacağı təqdirdə müəyyən çətinliklərlə üzləşə bilər. Prezident İlham Əliyevin də xatırlatdığı Fərrux, Sarıbaba və digər əməliyyatlar onlara ötürülən növbəti siqnal idi. Azərbaycan Ermənistanın prosesə əks davranışlarına adekvat olaraq güc amilindən istifadə edə biləcəyini də gizlətmir”, - deyə o qeyd edib.
Polkovnik hesab edir ki, Ermənistan tərəfindən gündəmə gətirilən sərhəd xəttindən qoşunların güzgü prinsipi ilə geri çəkilməsi məsələsi məntiqsizdir:
“Torpaqlarımız işğal altında olduğu dövrdə də, ermənilər kəskin atıcıların, yəni snayperlərin ön xəttdən geri çəkilməsini təklif edirdi. İndi isə snayperlər deyil, qoşunların geri çəkilməsindən danışılır”.
Üzeyir cəfərova görə, əslində Ermənistan tərəfi də bilir ki, bu reallaşlması mümkün olmayan məsələdir:
“Zəngilandan və yaxud Naxçıvan istiqamətindən Azərbaycan qoşunlarını necə geri çəkə bilər? Görünən odur ki, qarşı tərəfdə güzgü prinsipini doğru-düzgün başa düşən mütəxəssisləri yoxdur. Sülh müqaviləsi imzalanırsa, etimad mühiti yaranırsa, qoşunların geri çəkilməsinə də ehtiyac qalmır”.