Ermənistanın sülh müqaviləsi ilə bağlı qəbuledilməz təklifləri prosesi uzadır.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinə mane olan məsələlərdən biri İrəvanın sazişin zəmanətçi ölkənin nəzarətində imzalanması təklifidir. Amma Azərbaycan belə bir zəmanətçini qəbul etmir. Prezident İlham Əliyev yerli telekanallara son müsahibəsində bunu açıq formada İrəvanın diqqətinə çatdırdı. Çünki bu, yeni problemlərə yol aça bilər. Zəmanətçi ölkə müqaviləni öz maraqları çərçivəsində dizayn etməyə çalışacaq ki, bu, yerdəki gərginliyin qalması anlamına gələcək. Artıq İlham Əliyev bu məsələdə son nöqtəni qoyub.
Ermənistan bundan sonra mövqeyində israrlı olsa, sülh müqaviləsi bağlanmaya da bilər”, - ekspert bildirib.
Məhəmməd Əsədullazadənin fikrincə, Əliyev vasitəçiyə ehtiyacın olmadığını deyəndə, bu mesajını Ermənistanla yanaşı, bu iddiada olan ABŞ-yə də ünvanlayıb:
“Ermənistan “zəmanətçi ölkə”dən danışanda ABŞ-ni nəzərdə tutur. İrəvan Amerikanın zəmanətçi olması ilə yanaşı, müqavilənin də bu ölkədə imzalanmasını istəyir. Əliyev buna ehtiyacın olmadığını bildirərək, Ermənistanın bu israrının üstündən xətt çəkdi. Bakı təkcə ABŞ-nin yox, Rusiya və Avropa Birliyinin də vasitəçi və ya zəmanətçi olmasını istəmir. Əliyev “ehtiyac yoxdur” dedikdə həm də bunu nəzərdə tutur.
Ermənistanın uzun müddət öz mövqeyində israr edəcəyini düşünmürəm. Təkliflərinin qeyri-konstruktiv və gərginliyə xidmət etdiyini anlayan İrəvan sonda geri çəkiləcək. Çünki yeni gərginlik yeni qarşıdurma deməkdir, Ermənistanın isə buna gücü çatmır.
İrəvanda Bakının şərləri qəbul ediləcək. Çünki Azərbaycanın təklifi gərginliyin aradan qaldırılmasına xidmət edir. Artıq Paşinyanın “Mülki Müqavilə” Partiyasından Əliyevin təkilflərinə dəstək mesajları gəlməyə başlayıb. Ermənistan baş naziri bir müddət sonra Vaşinqton və Parisin təlimatlarını qulaqardına vuracaq”.