Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi təəccüb doğurdu. Bu "qərar" Azərbaycanla Avropa Şurası əlaqələrinə böyük zərbədir. Amma görünən odur ki, xüsusilə son bir neçə ayda Qərbdən Azərbaycana qarşı təzyiq kampaniyası davam edir.
Bunu Teleqraf.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
“Bundan öncə Avropa Parlamenti Azərbaycana qarşı qərəzli qətnamə qəbul edib. Amerika Konqresində də müvafiq dinləmələr keçirilib. ABŞ Dövlət Departamenti “dini azadlıqlarla” bağlı Azərbaycana qarşı qərəzli qərar qəbul etmişdi”, - deyə o qeyd edib.
Mərkəz sədri hesab edir ki, bu "qərar"ların arxasında erməni lobbisi dayanır:
“AŞPA-nın indiki "qərar"ında Azərbaycandakı Prezident seçkiləri və “insan hüquqları” ilə bağlı hər hansı bir məsələ qeyd olunsa belə, bu, məntiqsizdir. Çünki Azərbaycanda seçkilər ilk dəfə keçirilmir. Bundan öncə də ölkəmizdə seçkilər keçirilib. Elə bundan öncə də həmin qurumlar bu və ya digər formada Azərbaycana qarşı ənənəvi mövqedən çıxış edib”.
Fərid Şəfiyev hesab edir ki, Azərbaycana qarşı Avropada olan “yanaşmalarda” yenilik yoxdur:
“Ötən ilin sentyabrında Azərbaycan öz ərazisində erməni separatizminə son qoyub. Uzun müddət davam edən Ermənistan-Azərbaycan münaqişəsi həll olunub. Bu, sözsüz ki, onlar üçün yeni bir faktdır. Azərbaycanı hədəf alan bütün “qərar"lar, “bəyanat"lar məhz bu fakta qarşıdır. Burada uduzan tərəf Avropa Şurası olacaq. Əgər Qərb regionda və Azərbaycanla Ermənistan arasında sülh prosesində rol oynamaq istəyirdisə, tarazlı mövqe tutmalı idi. Ona görə də bundan sonra Azərbaycanın Qərb platformasında Ermənistanla hər hansı danışıqlar aparması gözlənilmir”.