26 Yanvar 19:36
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan bir sıra Avropa təsisatlarının ikili standartları ilə üzləşir. Avropa Şurası Parlament Assambleyasının bugünlərdə ölkəmizlə bağlı qəbul etdiyi qərar da bunun göstəricisidir. Əslində, Azərbaycan üzv olduğu beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq siyasəti həyata keçirir, hər zaman onlarla əlaqələri yüksək səviyyədə qurmağa üstünlük verib. Bu baxımdan, AŞPA da istisna deyil. Lakin görünən odur ki, təşkilat öz fəaliyyətində Avropa dəyərlərinə deyil, müəyyən dairələrin maraqlarına üstünlük verir.

Bunu Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, AŞPA-da qəbul olunmuş “qərarın” heç bir əsası yoxdur:

“Həqiqəti əks etdirməyən iddialara görə, guya Azərbaycan təşkilat qarşısında götürdüyü öhdəliklərini yerinə yetirmir, təşkilatla əməkdaşlıq xəttinə sadiq deyil. Buna səbəb olaraq da bildirirlər ki, 2023-cü il aprelin 23-də Azərbaycan Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulandan sonra Qərb təsisatları, habelə AŞPA dəfələrlə Azərbaycandan həmin sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsini tələb edib. Habelə Laçın dəhlizinə səfər etmək istədiklərini bildirsələr də, müsbət cavab ala bilməyiblər və s. Əslində isə Azərbaycan dövləti həm Vətən müharibəsində, həm də ötən ilin 19-20 sentyabr tarixlərində keçirdiyi lokal antiterror tədbirləri sayəsində ərazi bütövlüyünü, suverenliyini təmin etdiyi halda AŞPA Azərbaycanın Qarabağdakı lokal antiterror tədbirlərini pisləyən qərəzli qətnamə qəbul etdi. Bu cür “sənədlərin” qəbulu AŞPA-nın timsalında bəzi beynəlxalq təşkilatların siyasi məsələlərə selektiv yanaşmasının və işğalçı dövləti dəstəkləməsinin əyani sübutudur”.

Millət vəkilinə görə, 44 günlük müharibə elə bir vəziyyət yaratdı ki, bir çox Avropa dövlətləri, siyasi dairələr üçün bu vəziyyət gözlənilməz oldu və yeni reallığı bu günə qədər qəbul edə bilmirlər:

“Nəzərə almaq lazımdır ki, AŞPA-da Azərbaycanın əleyhinə “səs” verən ölkələr regionumuzdan çox uzaqdadır və bölgənin problemlərini, reallıqlarını anlamırlar. 2023-cü ilin sentyabrından sonra bölgədə vəziyyət yenə də dəyişdi, lakin bu dəyişikliklər də Avropadakı məlum dairələrin təfəkkürünü dəyişmədi. Əslində, AŞPA-nın mövqeyi əvvəlki vəziyyətin geri qaytarılmasını nəzərdə tutur, Azərbaycana qarşı tamamilə əsassız və absurd tələblər irəli sürür. Bu da qəbulolunmazdır”.

Deputat hesab edir ki, AŞPA ilə böhranın əsasında bu gərginliyin səbəbkarı olan bəzi Qərb dövlətlərinin Azərbaycana olan qərəzi dayanır:

“Xüsusilə, Fransa bu prosesdə “fəal”dır. Fransızlar və onlarla eyni mövqedə çıxış edən alman deputatlar bu məsələdə çox “fəallıq” göstərir və başqa ölkələrdən olan həmkarlarına təsir edirlər. Həqiqətən də Avropa Şurasını insan hüquqları narahat edirsə, niyə 30 il ərzində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına səssiz qaldılar, 1 milyon qaçqın, köçkünümüzün vəziyyətindən narahat olmadılar? Nə üçün Azərbaycan ərazilərini azad etdikdən sonra Ermənistan tərəfindən viran edilmiş torpaqlarımıza səfər etmək üçün müraciət etmədilər? Bütün bunlar göstərir ki, onları beynəlxalq hüquq, insan haqları və ədalət maraqlandırmır. Bu kimi təşkilatlar yalnız və yalnız müəyyən dairələrin tapşırıqlarını yerinə yetirərək belə bir mövqedə dayanırlar”.

Sevinc Fətəliyeva vurğulayıb ki, bu amillərin fonunda AŞPA-nın Azərbaycana qarşı məlum mövqeyinin heç bir əsası yoxdur:

“Demokratik inkişaf yolu seçmiş, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycana qarşı qərəzli addımların və irəli sürülən ittihamlar heç bir fakta söykənmir. Bütün bunlar birbaşa ikili standartların, erməni təəssübkeşliyinin ifadəsidir. Lakin Azərbaycan güclü dövlətdir, heç kim Azərbaycanla təhdid dilində danışa bilməz. Beynəlxalq hüquqa və ədalət prinsiplərinə zidd qərarlar vermək ilk növbədə Avropa Şurasının ziyanınadır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər