30 Yanvar 15:06
1 451
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nikol Paşinyan Azərbaycanla Ermənistan arasında hücum etməmək haqqında paktın imzalanması məsələsini gündəmə gətirməklə, sülh prosesini arxa plana keçirməyə çalışır. Əslində bir-birinə hücum etməmək haqqında öhdəlik götürən dövlətlər əvvəlcə hüquqi cəhətdən bir-birini tanımalıdır. Dünya tarixinə düşmüş keçmiş SSRİ ilə Hitler Almaniyası arasında imzalanmış hücum etməmək haqqında pakt mövcud idi. Amma bu pakt imzalanmamışdan əvvəl SSRİ və Almaniya bir-birini tanıyırdı, qarşılıqlı olaraq səfirliklər fəaliyyət göstərirdi. Molotov-Rubentrop paktından əvvəl də Polşa ilə Almaniya arasında hücum etməmək haqqında beynəlxalq sənəd imzalanmışdı. O zaman da Varşavada Almaniya, Berlində isə Polşa səfirliyi var idi.

Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.

“Bu o deməkdir ki, ökələr bir-birini tanımalıdır. Yəni kiminlə hücum etməmək haqqında pakt imzalandığı bəlli olmalıdır. Bu, tanınan dövlətlərə aiddir. Azərbaycanla Ermənistan isə bir-birinin ərazi bütövlüyünü tanımır, paytaxtlarında səfirlikləri yoxdur. Belə olan halda hansı sərhədlərə hücum etməmək haqqında paktdan söhbət gedə bilər?”, - deyə o qeyd edib.

Politoloq hazırda Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşmədiyini söyləyib:

“Bu məsələni həll etdikdən sonra hansısa qarşılıqlı razılaşmadan söhbət gedə bilər. Əslində bu, Paşinyanın səriştəsiz olduğunu göstərir. Görünür, o, bir çox yerlərə girib-çıxmağı yaxşı bacarır deyə siyasəti də bildiyini düşünür. Çünki hücum etməmək haqqında paktı yalnız bir-birini tanıyan, beynəlxalq səhnədə rəsmi statusu olan dövlətlər imzalaya bilər”.

Zərdüşt Əlizadəyə görə, Azərbaycan-Ermənistan sərhəddi dəqiqləşmədiyinə görə, iddia edilən heç nəyin əsası yoxdur:

“Azərbaycanın 8 kəndi hələ də Ermənistanın işğalı altındadır. Erməni tərəfi kəndləri qaytarmaqla bağlı tərəddüd edir. Ona görə də, Paşinyanın bu iddiaları əsassızdır. Bu günlərdə Ermənistanla Gürcüstan arasında imzalanan strateji tərəfdaşlıq haqqında müqavilə də Paşinyana nəsə əlavə imtiyazlar vəd etmir. Burada regional situasiyanı nəzərdən qaçırmaq olmaz”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər