Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- ABŞ İordaniyadakı hərbi bazasına hücuma görə İranı ittiham edir. Ölkə Prezidenti Co Bayden və müdafiə naziri Lloyd Ostin İrana sərt cavabın veriləcəyini bildirib. Sizcə, Tehrana veriləcək cavab hansı formada ola bilər?
- Bu dəfə İrana veriləcək cavab təsirli olmalıdır. Bayden Təhlükəsizlik Şurasını topladı və orada qərar alındı ki, bu dəfə İrana dərs olacaq cavab verilməlidir. Bununla bağlı iki mühüm istiqaməti ayırıblar.
Birinci istiqamət dini lider (Əli Xameneyi), prezident (İbrahim Rəisi) və SEPAH-ın ofislərinin bomardman edilməsi ilə bağlıdır. Söhbət SEPAH-ın həm Tehran, həm də ayrı-ayrı yerlərdəki qərargahları və obyektlərinin vurulmasından gedir.
İkinci variant İranın hərbi sənaye kompleksinə işləyən zavod və fabriklərin bombardman edilərək sıradan çıxarılması ilə əlaqəlidir.
Hansı varianta üstünlük veriləcəyini söykəmək çətindir. ABŞ və İsraildən gələn mesajlar göstərir ki, birnci variant ön plana keçə bilər. Hesab edirəm ki, bu baş versə, İsrailin özü təkbaşına İrana qarşı hərbi əməliyyata başlaya bilər.
- Söhbət hava zərbələri, ya quru əməliyyatlarından gedir?
- Quru əməliyyatları olmayacaq. Ümumiyyətlə, İrana qarşı hazırlanan planlarda quru və ya yerüstü əməliyyatlar nəzərdə tutulmur. Uzaqdan yüksək dəqiqlik raketlərdən istifadə oluna bilər. Məsələn, “Tomahavk”, yaxud F-35 qırıcılarından istifadə olunan digər raketlərdən istifadə nəzərdə tutulur.
Artıq ABŞ-nin təyyarədaşıyan gəmiləri İran yaxınlığındakı sulardadır. Həmin gəmilər “Tomahavk”, F-16, F-35 və digər yüksək dəqiqlikli sistemlərlə silahlanıb. Belə görünür ki, nəzərdə tutulan obyektlər ilkin olaraq “Tomahavk”larla vurulacaq. Bunun ardınca təyyarədaşıyan gəmidə olan F-35 və F-16-lar nöqtə zərbələri ilə İranın hərəkətini iflic edəcək. Hər halda yazılanlar və söylənilənlər bundan ibarətdir.
Hesab edirəm ki, Amerikanın əməliyyatları təxminən belə olacaq. Əməliyyatların vaxtilə ilə bağlı dəqiq danışmaq çətindir. Amma zənnimcə, fevralın ortalarını keçməməlidir.
- Artan beynəlxalq təzyiq və mümkün hərbi əməliyyatların İran üçün nəticələri necə ola bilər?
- İranın BMT-dəki daimi nümayəndəsi bildirdi ki, ölkəsinə hücumlara qətiyyətlə cavab verəcəklər. İran mediasında da əhalini ruhlandıran belə materiallar tirajlanır. Amma mən müstəqil bir şərhçi kimi deyə bilərəm ki, məsələn, İranın Amerikanın “Tomahavk” raketlərinin qarşısını ala biləcək sistem və ya silahı yoxdur.
“Tomahavk” atılır, maneələrdən yüksək dəqiqliklə yayınaraq hədəfinə çatır və onu sıradan çıxarır. F-35-lərin də radarlarla tutulması çox çətindir, bu baxımdan yenilənmiş F-16-lar da kifayət qədər effektlidir. İlyarım əvvəl İsfahanda bir neçə zavoda zərbə endirilmişdi, o zaman İran mediası iddia edirdi ki, hücum dronlarla olub. Sonra məlum oldu ki, hücum Hörmüz boğazında dayanmış təyyarədaşıyan gəmidə yerləşdirilmiş F-35-lərlə həyata keçirilib. Yəni F-35-lər radarlara ilişmədən İran ərazisinə daxil olaraq zərbə endirib geri qayıdıblar.
Oxşar əməliyyatların təkrarı nəzərdə tutulur. Mən dediklərimin hamısının yüz faiz dəqiq olduğunu iddia etmirəm. Mümkündür ki, bu dəfə yanıldıcı variantlar seçsinlər. Hər halda döyüş gəmiləri İrana ən yaxın nöqtələrdə yerləşdirilib. Bir sözlə, mümkün əməliyyatlarda esmines və kreyserlərdə yerləşdirilmiş yüksək dəqiqlik raketlərlə İrana zərbələrin endirilməsi üstünlük təşkil edə bilər.
- Son gəlişmələr fonunda İranda etniklərin yaşadığı və Tehrandan narazı bölgələrə kənar qızışdırıcı müdaxilə ehtimalı nə qədərdir?
- Məncə, hazırda bu proses getmir. Yəqin ki, bu, hərbi əməliyyatlardan sonrakı dövrə təsadüf edəcək. Qənaətimə görə, hərbi əməliyyatlar etniklərin və ya qeyri-farsların yaşadıqları ərazilərə toxunmayacaq. Əsas hədəf Tehran və SEPAH-ın onun ətrafında yerləşən obyektləridir.
Amerikanın indiki məqamda etnik amili ön plana çəkəcəyini düşünmürəm, zərbələr coğrafi olaraq nəzərdə tutulur.