29 Yanvar 09:36
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurasının Azərbaycan nümayəndə heyətinin etimadnaməsini qəbul etməməsi qürurlu, müstəqil və suveren Azərbaycana qarşı köklü qərəzin, ölkəmizə qarşı riyakar, anti-Azərbaycan siyasətininin növbəti təzahürüdür. Aydın məsələdir ki, AŞPA-nın bu addımı öz ərazi bütövlüyünü və suverenliyini tam təmin edən Azərbaycan qarşı uğursuz qisas cəhdidir. AŞPA-da Azərbaycana qarşı gedən proses təsadüfi deyil. AŞPA-nın davranışı Fransanın ölkəmizə qarşı kampaniyasının davamıdır. AŞPA Prezident İlham Əliyevin müstəqil siyasətini, Ermənistanın məğlubiyyətini, tam suverenliyimizin bərpa olunmasını həzm edə bilmir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Deputat bildirib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın kağız üzərində qalmış məlum 4 qətnaməsinin icrasını özü təmin etməklə dünyaya yeni reallıq, yeni şərtlər təqdim etmiş oldu. 2020-ci il Vətən müharibəsindən və 2023-cü il antiterror əməliyyatından sonra Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdi və Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özü təmin etdi. Sözügedən hadisə BMT-nin əsası qoyulandan bəri dünyada ilk dəfə idi baş verirdi. Azərbaycan bütün beynəlxalq alətlərdən istifadə edərək, öz ərazi bütövlüyünü bərpa etdi. İndi isə Avropa Şurası ilə Azərbaycan arasında yaranan vəziyyətdən bir daha gördük ki, beynəlxalq hüququn prinsiplərini müəyyən edənlər üçün həmin hüquqların heç bir əhəmiyyəti yoxdur. Təbii ki, Avropa Şurasının Azərbaycan nümayəndə heyətinin etimadnaməsini qəbul etməməsinin arxasındakı həqiqətlər tam fərqlidir.

AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnamələrini mübahisələndirilməsi təşəbbüsünü irəli sürərkən guya bunu 7 fevralda Azərbaycanda keçiriləcək seçkiləri müşayiət etməyə dəvət edilməməsi, ölkədə “siyasi məhbus”ların olması ilə əlaqələndirsə də, əsas səbəbin Qarabağın azad olunması, suverenliyin tam bərpa edilməsi faktı ilə barışa bilməmələri, Ermənistana hər vasitə ilə dəstək olmaq siyasətindən irəli gəlir.

Xatırladaq ki, 2023-cü il aprelin 23-də Azərbaycan Respublikası tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulandan sonra Qərb təsisatları, habelə AŞPA dəfələrlə Azərbaycandan həmin sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsini, dolayısı ilə Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınmamasını tələb edib. Azərbaycan tərəfinin təzyiq qarşısında geri çəkilməyəcəyinə əmin olan AŞPA rəhbərliyi məzmunu saxlamaqla formanı dəyişmək qərarı verib. 2023-cü ildə AŞPA 3 dəfə ölkəmizə müraciət edərək Laçın yoluna məruzəçi göndərmək istədiyini bildirib. Ermənilərin “blokadada yaşadıqları”nı göstərmək və uydurma faktlar əsasında saxta hesabatların hazırlanmasına xidmət edəcək sözügedən absurd niyyətlərin reallaşmasına Azərbaycan imkan vermədi.

Tamam Cəfərova qeyd edib ki, hazırda Avropada bu qüvvələrin başında Fransa dayanır: "Fransa son vaxtlarda Almaniyaya təsir etməklə Avropa strukturları olan Avropa Parlamenti, Avropa İtifaqı və Avropa Şurası vasitəsi ilə Azərbaycana qarşı təzyiq kampaniyasını davam etdirməkdədir. Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrelin Azərbaycana qarşı qərəzli mövqeyi də buradan qaynaqlanır. Borrel bu günlərdə Brüsseldə keçirilmiş Aİ Xarici Əlaqələr Şurasının yekunlarına dair mətbuat konfransı zamanı yenə də erməni sevgisini açıq-aşkar nümayiş etdirib. Əslində, Borrelin ölkəmizə qarşı qərəz nümayiş etdirməsi ilk hal deyil. Bundan əvvəl də Aİ-nin ali nümayəndəsi erməni lobbisinin diktəsinə uyğun davranışlar sərgiləyib. Avropanın bu cəhdləri Cənubi Qafqazda yenidən revanişt qüvvələri həvəsləndirməyə və bölgədə gərginliyi davam etdirməyə xidmət edir.

Amma onlar unutmamalıdırlar ki, Avropanın bütün bu cəhdləri səmərəsizdir və nəticədə iflasa məhkumdur. O baxımdan Azərbaycan üçün nəinki AŞPA-da səsinin dondurulması, bu qurumun özü belə heç bir əhəmiyyət kəsb etmir. Çünki Azərbaycan vaxtı ilə Qarabağ probleminin həllinə görə Avropa Şurasına üzv olmuşdu. Artıq bu problem həll olunub və hazırda nəinki dünya səviyyəsində, heç Avropada da heç bir nüfuzu olmayan Avropa Şurasına Azərbaycanın heç bir ehtiyacı yoxdur. Azərbaycana qarşı istər diplomatik arenada, istərsə də hərb meydanında qisas cəhdi edənlərin aqibəti isə bəllidir. Bir daha vurğulamaq lazımdır ki, Avropa Şurası kimi erməni lobbisinin, Fransanın, Almaniyanın əlaltısına çevrilmiş, günü-gündən nüfuzunu daha da itirən bir qurumda təmsil olunmaq nə Azərbaycana lazımdır, nə də maraqlıdır. Millət vəkili Tamam Cəfərova belə deyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər