ABŞ-ın İraq və Suriyada hərbi əməliyyatlara başlaması dünyada müharibənin coğrafiyasının daha da genişləndirilməsinə xidmət edir. Rusiya-Ukrayna müharibəsi, Qəzza zolağındakı qanlı toqquşmalar, Yəməndə Husilərə endirilən zərbələr, ardınca isə İrana hücumlar 2024-cü ildə müharibə vəziyyətinin daha ciddi olacağından xəbər verir. Baş verənlərin arxasında böuük güclərin dayandığını nəzərə alsaq, Üçüncü Dünya Müharibəsinin astanasında olduğumuzu deyə bilərik.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiz Alıyev ABŞ-ın Yaxın Şərqdə başladığı yeni hərbi əməliyyatları şərh edərkən bildirib.
Onun sözlərinə görə, dünya faktiki olaraq yeni müharibənin içərisindədir: “Ukraynada, Yaxın Şərqdə baş verən qanlı toqquşmaların sosial, iqtisadi təsirləri dünyanın hər bir ölkəsinə dəyir: “ABŞ prezidenti Co Baydenin birbaşa əmri ilə İraq və Suriyaya avia-zərbələrin endirilməsindən sonra Yaxın Şərqdə müharibə daha da genişlənəcək. Dünyada neft-qaz bazarı uğurunda gedən mübarizənin tərkib hissəsi olan hərbi qarşıdurmalar hər zaman ABŞ-nin qələbəsi ilə başa çatıb. Çünki bu münaqişələrin ssenariləri Ağ Evdə, Pentaqonda hazırlanır. Birinci və İkinci dünya müharibələrində də Amerika sonda meydana atıldı və döyüşüb əldən düşmüş ölkələr üzərində qələbə qazandı. Hazırda Rusiya-Ukrayna savaşından, Yaxın Şərqdəki gərginlikdən birbaşa fayda götürən ölkə ABŞ-dir. Fevralın 24-də iki ili tamam olacaq Rusiya-Ukrayna müharibəsi dövründə ABŞ hərbi sənaye məhsullarının istehsalını və satışını artırıb və həm silah, həm də neft-qaz satışından əldə etdiyi gəlirlər ötən dövrdəki gəlirlərindən xeyli yüksək olub. Ağ ev “biz dünyada yeni münaqişələrin olmasını istəmirik” desə də, reallıq fərqlidir. ABŞ və NATO qanlı müharibələrdən minimum itkilərlə çıxır. Onlar gərginlik ocaqları yaradaraq İsraili, bəzi ərəb ölkələrini, PKK terror təşkilatını, Ukraynanı silah-sursatla təmin edir, onlar üçün əməliyyat planları qurular. Bu gün Donetskdə, Luqanskda aparılan hərbi əməliyyatların planları ABŞ, İngiltərə, Almaniya və Fransanın paytaxtlarında hazırlanır. Qərbdən olan
muzdlular, könüllülər Ukraynada Rusiyaya qarşı döyüşürlər. Məlum olur ki, son iki ildə “Gazprom”u Avropadan sıxışdırıb çıxaran ABŞ Rusiyanın buradakı qaz bazarını ələ keçirib. İndi növbə İrana çatıb. Bu ölkənin də neft-qaz bazarından sıxışdırılıb çıxarılması istiqamətində aktiv işlər gedir. Avropanı poliqona çevirib silah satışı artıran ABŞ 2023-cü ildə xarici hökumətlərə hərbi texnikasının satışını 16% artaraq rekord həddə - 238 milyard dollara çatdırıb. ABŞ-ın nəhəng hərbi silah sənaye müəsssisələri olan Lockheed Martin, General Dynamics və Northrop Grumman kimi şirkətlər səhmləri rekord həddə çatıb. Dünyada müharibələrin sayı artıqca ABŞ-dan daha çox silah-sursat alınacaq, xüsusilə də, Şərqi Avropa ölkələri öz müdafiə imkanlarını genişləndirmək üçün okeanın o tayına yeni sifarişlər verəcəklər. Milyardlarla dollar dəyərində qırıcılar, hava hücumundan müdafiə sistemlərinin alınması üçün müqavilələr imzalanır”.
Politoloqa görə, ABŞ və dostları çox istəyərdi ki, Azərbaycan və Ermənistan arasında müharibə bitməsin, sülh müqaviləsi imzalamasın: “Nə yaxşı ki, ölkə rəhbərliyi Qarabağda hərbi əməliyyatları qısa zaman kəsiyində həyata keçirərək Ermənistan üzərində qələbə qazandı. Bu gün biz artıq sülh prosesindən, sərhədlərin delimitasiyasından danışırıq. Bu, bəzi ölkələri ciddi şəkildə narahat edir”.