Azərbaycan Ordusunda II Qarabağ müharibəsindən sonra da inkişaf istiqamətlərinə uyğun tədbirlər davam edir. Ordunun silah və texnikalarla təminatı ilə bağlı bir neçə ölkə ilə razılaşmalar mövcuddur. Bu xüsusda Azərbaycan digər tərəfdaş ökələr kimi, Serbiyadan da silahların alınmasında maraqlı olduğunu bəyan edib.
Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.
“Azərbaycanla Serbiya arasında yüksək münasibətlər var. Təxminən 4 il öncə Serbiyanın Təhlükəsizlik Şurasının katibi Azərbaycanda sərfərdə olub. Bu səfərdə Serbiya silahları ilə bağlı müəyyən müzakirələr aparılmışdı. Müəyyən silahların Azərbaycana satılması ilə bağlı tərəflər arasında razılıq əldə olunmuşdu”, - deyə o qeyd edib.
Polkovnik Azərbaycanla Serbiya arasında təkcə müdafiə sahəsində deyil, digər müstəvilərdə də sıx münasibətlərin olduğuna diqqət çəkib:
“Sözsüz ki, əlaqələrə bugünkü konteksdən də baxmaq düzgün deyil. Serbiya istehsalı olan silahların başqa ölkələrə, o cümlədən də Ermənistana satılması faktları da var. Serbiya tərəfi bunu özəl şirkətlər vasitəsi ilə həyata keçirildiyi izahını vermişdi”.
Üzeyir Cəfərova görə, bu gün dünyada silah ticarəti ən böyük gəlirli sahələrdən biridir:
“Dövlət və yaxud özəl xəttlərlə silah-sursatın satışı həyata keçirilir. Burada böyük vəsaitlərin dövriyyəsi mövcuddur. Hətta bəzi dövlətlər öz büdcəsini müdafiə sənayesi xətti ilə genişləndirir. Sözsüz ki, Azərbaycan bu kimi məsələləri hər zaman diqqətdə saxlayaraq adekvat addımlar atır”.