6 Fevral 19:50
1 691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Cümşüd bəy, ilin ilk rübündə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanacağı proqnozlaşdırılır. Hazırkı situasiyada bu ehtimalı necə dəyərləndirirsiniz? Qarşıdakı bir neçə ayda İrəvanın razılaşmaya imza atacağı gözlənilirmi?

- Azərbaycan II Qarabağ müharibəsindən sonra özünün sülh təkliflərini Ermənistana təqdim edib. Erməni tərəfi də başa düşür ki, Azərbaycanla sülh müqaviləsi bağlanmasa, onun vəziyyəti daha pis olacaq. Çünki qeyri-müəyyənlik Ermənistanı çıxmaza aparır. Bundan da Ermənistan bir dövlət kimi xilas ola bilməyəcək. Hazırda Rusiya ilə ciddi problemləri olan Ermənistan üçün Fransa və İranın edə biləcəyi heç bir şey yoxdur. Əslində bu gün Fransa və İran birbaşa Rusiyanın əlinə oynayır. Belə olan halda rəsmi İrəvan ABŞ-nin da tapşırıqlarını icra edə bilmir. Ona görə də, Ermənistan çaşqın bir vəziyyətdədir.

- Sülh olmasa, proseslər hansı məcraya yönələ bilər? Ermənistanın inadkar davranışları necə nəticələnəcək?

- Ermənistanı bu bəladan ancaq Azərbaycan və Türkiyə çıxara bilər. Gürcüstanla indiki halda olan yaxınlıq hələlik Ermənistana fayda verməyəcək. Hazırda Ermənistandan əhalinin sürətli köçü başlayıb. Ölkənin rəsmi statistikasına görə, 2022-ci illə 2023-cü ilin müqayisəsində gediş sürətinin 10 faizdən çox olduğu müəyyənləşib. Özlərinin hesablamalarına görə, Ermənistanı hər il orta hesabla 300 min erməni tərk edir.

- Ermənistanın daxili qanunverciliyinin sülhə əngəl olduğu məlumdur. Belə çıxır ki, proses ancaq bu maneələr aradan qalxdıqdan sonra yekunlaşacaq...

- Burada bir çoxlarının arzuları da ola bilər. Çünki Azərbaycan-Ermənistan münasibətlərinin yaxın dövr üçün bir-birinə yaxınlaşacağı ehtimalı azdır. Bunun üçün Ermənistan konstitusiyasını dəyişməlidir. Azərbaycana və Türkiyəyə qarşı qanunvercilik aktlarında olan müddəaları aradan qaldırmaq üçün Ermənistan referenduma getməlidir. Bu ölkənin problemləri çoxdur. Paşinyanın isə bu problemləri bir-bir həll etməyə vaxtı çatmayacaq.

- Sülh sazişinin imzalanması fonunda bölgədə sabitliyin təminatı ilə bağlı nə kimi gözləntilər var?

- Ermənistan üçün çıxış yolu ən azı Azərbaycanla çərçivə sülh sazişinin imzalanmasıdır. Eyni zamanda Zəngəzur dəhlizinin açılması ilə bölgədə qarşılıqlı münasibətlər formalaşa bilər. Sözsüz ki, hazırda Zəngəzur dəhlizinin açılmasında tək Azərbaycan maraqlı deyil. Çin də Zəngəzur dəhlizinin açılmasına böyük diqqət göstərir. Orta Asiya ölkələrinin da bu dəhlizlə bağlı gözləntiləri böyükdür. Avropaya çıxış imkanları bağlanan Rusiya üçün bu dəhliz olduqca önəmlidir. Çünki Asiyaya çıxış üçün olan imkanlar yüksək dağlıq bölgələrdən keçir. Məhz rus mallarını Avropaya, Asiyaya çıxartmaqdan ötrü ən rahat yol Zəngəzur dəhlizidir.

- Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistanın və ona dəstək verən ölkələrin narahatlığı nədən ibarətdir?

- Erməni tərəfinin narahatlığı başqa amillərlə bağlıdır. İrəvanda Azərbaycan Prezidentinin tezisləri diqqətlə izlənilir. Onlar Azərbaycan liderinin Qarabağla bağlı dediklərinin hamısının icra edildiyini analiz edirlər. İndi də Zəngəzurla bağlı onların narahatlığı yaranıb. Sözsüz ki, Azərbaycanın heç bir dövlətə ərazi iddiası yoxdur. Amma Zəngəzur, Dərələyəz, Göyçə tarixi Azərbaycan torpaqlarıdır. Azərbaycan isə özünün olanı istəyir. Bu da Azərbaycanın haqqıdır. Bunu kimsə qadağan edə bilməz.

- Dəhlizlə bağlı digər yanaşmalar da ortaya atılır. Maneəsiz keçid əvəzinə gömrük və sərhəd yoxlanışı əsasında hərəkətdən bəhs edilir...

- Rusiya ilə Kalininqrad variantı bu gün əsas nümunədir. Bu gün həmin variant dünyada qəbul edilir. Fakt odur ki, Rusiyadan Kalininqrada gedən rusların yükləri heç bir yoxlanışdan keçmir. Onlar rahat şəkildə qatara oturub Kalininqrada və geriyə hərəkət edirlər. Eyni prinsipləri Zəngəzurda da tətbiq etmək mümkündür. Azərbaycanın da istəyi məhz bununla bağlıdır.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər