Fevralın 15-də Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Teleqraf.com xəbər verir ki, Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan İlham Əliyevi prezident seçkilərində qələbə münasibətilə təbrik edib, Azərbaycanın inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Azərbaycan Prezidenti və Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ölkələrimiz arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bir daha vurğulayıb və yüksək səviyyədə həyata keçirilən təmasların əlaqələrimizin möhkəmlənməsi işinə töhfə verdiyini bildirərək Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin bu ilin yanvarında ölkəmizə rəsmi səfərinin əhəmiyyətini qeyd ediblər.
Dövlətimizin başçısı Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini COP28-in uğurla keçirilməsi münasibətilə təbrik edib və eyni zamanda COP29-un Azərbaycanda keçirilməsi üçün göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib.
Telefon söhbəti zamanı əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub, əməkdaşlığın perspektivləri və gələcək təmaslar barədə fikir mübadiləsi aparılıb.