17 Fevral 10:56
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 7-də növbədənkənar Prezident seçkiləri – Zəfər seçkisi ilk dəfə olaraq müstəqil həyatımızda ərazilərimizin hər bir yerində keçirildi. Prezident seçkilərinin bütün digər seçkilərlə müqayisədə ən vacib seçkilər olduğu üçün bütün ərazilərdə keçirilməsi mühüm əhəmiyyətə malikdir. Ölkənin tarixində əbədi olaraq qalacaq bu əlamətdar hadisədə mühüm hadisələrdən biri də Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinin Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs verməsi oldu. Artıq bütün bunlar arxada qaldı və fevralın 13-də Konstitusiya Məhkəməsi Prezident seçkilərinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolunda əks olunmuş nəticələri təsdiq etdikdən bir gün sonra Prezident İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirildi.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi bildirib ki, dövlətimizin başçısı andiçmə mərasimində söylədiyi nitqində ölkəyə rəhbərlik etdiyi dövrdə ölkəmizin keçdiyi inkişaf yolu barədə ətraflı məlumat verdi. Faktlar da təsdiqlədi ki, həmin dövr uğurlarla zəngin və qələbələr ili kimi yadda qalıb. Bu dövr həm də qarşıya çıxan çətinliklərin və problemlərin aradan qaldırılması, xalqımız üçün önəmli olan Qarabağın işğaldan azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası kimi yadda qalacaq. Növbədənkənar prezident seçkiləri Azərbaycanda yeni eranın-inkişaf mərhələsinin əsasını qoydu. Xalqın gələcəyə olan inamı daha da artdı. Çünki Prezident əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq and içdi: “Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm”.

Sonra möhtərəm Prezidentimiz müqəddəs “Qurani-Şərif”ə əl basaraq and içdi: “Əlimi “Qurani-Şərif”ə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərə və ənənələrə sadiq olacağam, onları daim uca tutacağam”.

Xalq böyük səs çoxluğu ilə seçdiyi, 20 ildir ki, etibar etdiyi Prezidentin ətrafında sıx birləşib. Ölkəmizin reytinqinin ildən-ilə yüksəldiyini, mövqeyinin möhkəmləndiyini görən xalqın dövlətimizin başçısına inamı daha da artdı. İyirmi ildən çoxdur ki, Azərbaycan xalqı Prezident İlham Əliyevə öz dəstəyini göstərir. İlham Əliyev 2003-cü ildə ilk dəfə seçiləndə xalqı əmin etmişdir ki, qarşıda duran bütün vəzifələri icra edəcək. Bu illər uğurlarla, qələbələrlə dolu illər olmuşdur. Çətinliklər də, problemlər də oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi. Dövlətimizin başçısının qarşıya qoyduğu prioritet vəzifə Ermənistan-Azərbaycan münaqişəsini yalnız ərazi bütövlüyümüz çərçivəsində öz həllinin tapması, doğma ata-baba yurdlarından didərgin salınmış soydaşlarımızın isti ocaqlarına təhlükəsiz qaytarılması idi. Əsas vəzifələrdən biri də heç vaxt Azərbaycan xalqının öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyi idi. Artıq dövlət başçımız qarşısına qoyduğu vəzifələrə nail olub. Bütün bunlar barəsində andiçmə mərasimində də ətraflı məlumat verildi.

Ç.Qənizadə vuğulayıb ki, dövlət başçımız Vətən müharibəsində qazanılan qələbədən danışarkən diqqətə çatdırıb ki, şəhidlərin və on minlərlə Azərbaycan gəncinin şücaəti, fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün azad Qarabağda yaşayırıq, ərazi bütövlüyümüzü, öz ləyaqətini bərpa edən xalq kimi, şəhər və kəndlərimizi yenidən qururuq. Əgər Ermənistan və onun rəhbərliyi, onun arxasında dayanan qüvvələr beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl etsəydilər, Ermənistana onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq olunsaydı, heç olmasa, böyük dövlətlər onların işğalçılıq siyasətini pisləsəydilər, bəlkə də müharibəyə ehtiyac qalmazdı. Təəssüf ki, bütün çağırış və xəbərdarlıqlarımız havada qaldı. Sanki kimsə hesab edirdi ki, Azərbaycan xalqı bu işğalla barışmalı olacaq. Biz isə nəyə qadir olduğumuzu döyüş meydanında göstərdik. Cəmi 44 gün ərzində döyüş meydanında Ermənistan ordusunu tamamilə darmadağın etdik. Şuşanın azad edilməsi tarixi hadisə olaraq, eyni zamanda, İkinci Qarabağ müharibəsinə son qoydu. Çünki ondan sonra Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olmuşdur, bizim qarşımızda ağ bayraq qaldırmışdır, təslim olmuşdur və beləliklə, İkinci Qarabağ müharibəsi başa çatdı.

Hüquq müdafiəçisi dövlət başçımızın nitqinə istinad edərək bildirib ki, müharibədən üç il sonra baş tutan antiterror tədbirinin də əsas səbəbkarı qanunsuz erməni hərbi birləşmələrinin terror aktlarını davam etdirməsi, separatçıların beynəlxalq hüquq normalarına riayət etməmələri oldu. Azərbaycan cəmi bir gün davam edən antiterror tədbirləri ilə ərazi bütövlüyün, suverenliyini tam bərpa etdi. O, sözünə davam edərək dövlət başçımızın növbədənkənar prezident seçkiləri haqqında dediklərinə də münasibət bildirib. Prezident seçkilərinin əsas əlaməti, xüsusiyyəti və önəmi ondadır ki, müstəqillik dövründə ilk dəfə idi ki, seçkilər ölkəmizin bütün ərazilərində keçirilmişdi. Məhz Xankəndidə hələ 1980-ci illərin sonlarında xalqımıza qarşı qanlı cinayətlər başlamışdır. Məhz Xankəndidə xalqımıza qarşı soyqırımı planlaşdırılırdı və oradan idarə olunurdu. Məhz Xankəndidə erməni millətçiləri və ondan sonra Ermənistan dövləti bizə qarşı ərazi iddialarını irəli sürmüşdü.

Hüquq müdafiəçisi deyib ki, artıq Azərbaycanda yeni dövr başlayır. Dövlətimizin başçısının dediyi kimi, biz bu dövrə alnıaçıq, üzüağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq. Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi: “Dövlətimizin başçısı Ermənistana, onun havadarlarına da ciddi mesaj göndərdi. Bildirdi ki, Ermənistan və ona hərbi cəhətdən dəstək verənlər bilməlidirlər ki, bizi heç nə dayandıra bilməz. Növbəti illərdə qarşımızda duran əsas vəzifələrdən söhbət açaraq dedi ki, bunlardan biri Silahlı Qüvvələrimizin daha da gücləndirilməsidir. Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik!”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər