17 Fevral 14:52
1 805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Münxendə ATƏT-in fəaliyyətdə olan sədri İan Borqla görüşündə vacib məsələlərə toxunulub. ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin, Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz olan strukturların rəsmi qaydada ləğv edilməsi gündəmə gətirilib. Sözsüz ki, bu kimi yanaşmalar ATƏT çərçivəsində büdcənin daha məqsədyönlü və vacib layihələrə istiqamətləndirilməsinə şərait yarada bilər.

Bunu Teleqraf.com-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov deyib.

“Böyük beynəlxalq təşkilatların problemləri ondan ibarətdir ki, onlar mövcud vəziyyəti real qiymətləndirə bilmirlər. Müasir, sürətlə inkişaf edən dünya, onun tempi, hadisələr zamanında düzgün təhlil edilmir. ATƏT bu xüsusda nümunədir. 2020-ci ildə Qarabağ münaqişəsi həll olunub, ölkəmizin ərazi bütövlüyü bərpa edilib. 2023-cü il sentyabın 19-20-də Azərbaycan öz suverenliyini təmin edib. Bundan sonrakı dövrdə Azərbaycanla Ermənistan Azərbaycan arasındakı proses ikitərəfli normallaşma xarakteri daşıyır. Amma ATƏT kimi təşkilatlar hələ də köhnə ab-hava ilə yaşayır” - deyə o qeyd edib.

Millət vəkili hesab edir ki, ATƏT kimi qurumlar sanki dəyişmək istəmir: “Ölkə başçısının ATƏT sədri ilə görüşdə səsləndirdiyi fikirlər məhz bu kontekstdə həmin təşkilatın gələcəyi üçün vacib tövsiyələrdir. Bunu qəbul edib-etməməsindən asılı olmayaraq Azərbaycan öz məsələsini həll edib. Əks halda reallığı və gedən prosesləri düzgün qiymətləndirə bilməyəcəklər”.

Millət vəkilinə görə, ATƏT-in Minsk Qrupu çoxdan süquta uğrayıb: “Amma onlar hələ də bunu saxlayır. ATƏT-in xüsusi nümayəndəsi gəlib burada yeyib-içib, çıxıb gedirdi. İndiyə kimi bu lazımsız vasitələri fəaliyyətdə saxlamaq yersizdir. Ona görə də, verilən mesaj yalnız ATƏT-ə deyil, bütün beynəlxalq təşkilatlara aiddir. Sürətlə dəyişən dünyanın nəbzini tutmaq onlar üçün çətindir. Çünki prosesləri təhlil etməyə başlayanda həmin məsələlər başqa istiqamətdə cərəyan edir. Ən böyük problem də budur. Azərbaycan Prezidentinin bu məsələni gündəmə gətirməsi tamamilə doğrudur. Başqa siyasi liderlər deyə bilmədiklərini, cəsarət göstərmədiklərini Prezident İlham Əliyev söylədi və onları bu prosesə dəvət etdi. Fakt odur ki, Avropada və dünyada mövcud bəzi təşkilatlar reallığı əks etdirmir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər