17 Fevral 16:43
2 083
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Minsk qrupunun fəaliyyətinə heç bir ehtiyac yoxdur. Prezident İlham Əliyevin bununla bağlı səsləndirdiyi fikirlər haqq-ədalətə söykənir.

Azərbaycan prezidentinin Münxendə ATƏT sədri İan Borqla görüşündə səsləndirdiyi fikirləri Teleqraf.com-a şərh edən millət vəkili Fəzail Ağamalı belə deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşlər ciddi əhəmiyyət kəsb edir:

“Cənab prezidentin bu konfrans çərçivəsində ayrı-ayrı dövlətlərin rəhbərləri, rəsmiləri və hökumət başçıları ilə apardığı müzakirələr, keçirdiyi görüşlər Azərbaycan dövlətçiliyinin beynəlxalq səviyyədə nüfuzunun artmasına yeni elementlər gətirir. Belə görüşlər və bu zaman cənab prezidentin səsləndirdiyi fikirlər bir daha Azərbaycanın mövqeyini gündəmə gətirir. Bununla Azərbaycanın mövqeyinin dəyişməz olduğu bir daha önə çəkilir, beləliklə, prezident səviyyəsində ölkəmizə qarşı ən müxtəlif səviyyələrdə özünü göstərən haqsızlıq və ədalətsizliyə qarşı Azərbaycan dövlətinin etirazları qəti şəkildə bildirilir, bu da öz bəhrəsini verir.

ATƏT-in sədri ilə görüşdə də bu qurumun fəaliyyində özünü göstərən passivlik gündəmə gətirildi. Təsadüfi deyil ki, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək kimi bir mandatı, missiyanı daşımasına baxmayaraq, Minsk qrupu ötən 30 il ərzində bu yöndə heç bir iş görə bilmədi, əksinə Ermənistanın işğalçılıq siyasətini stimullaşdırdı. Minsk qrupu Ermənistanın təcavüzkar niyyətlərinin cilovlanmasına xidmət etmədi.

Minsk qrupu ilə yanaşı, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi qurumlarının fəaliyyətsiziliyi, yaxud ermənilərin yanında olması işğal məsələsinin danışıqlar yolu ilə həll olunmasına mane oldu. Nəticədə Azərbaycan prezidenti Ali Baş Komandan kimi BMT Nizamnaməsinin 51-ci maddəsi və beynəlxalq hüquq normalarına əsaslanaraq, ərazi bütövlüyü və suverenliyimizin təmin edilməsi üçün hücum əmri verdi. Bu, həm də Azərbaycan Konstitusiyasının verdiyi səlahiyyətdir.

Azərbaycan torpaqları əsgərlərimizin qanı, qəhrəmanlığı və şücaətləri hesabına azad olundu. Minsk qrupu BMT və onun Təhlükəsizlik Şurasından belə bir mandat almasına baxmayaraq, 30 il bölgəyə turist kimi gəlib-getmişdisə, İrəvanda eyş-işrət, yeyib-içmək, kef və digər işlərlə məşğul olmuşdusa, o nəticəyə gəlməyə əsas verir ki, belə bir quruma ehtiyac yoxdur. Çünki Minsk qrupu nə öz nizamnaməsi, nə də BMT-nin ona verdiyi mandata uyğun fəaliyyət göstərib. Əgər Minsk qrupu işini təcavüzkarı dəstəkləmək və onu stimullaşdırmaqla bitmiş hesab edirsə, demək, cənab prezidentin söyləmiş olduğu fikirlər haqq-ədalətə söykənir. Hesab edirəm ki, bu fikirlər konkret nəticələrini verəcək”.

Prezident İlham Əliyev İan Borqla görüşündə ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin - Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və bu qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz olan strukturların rəsmən ləğv edilməsi məsələsini gündəmə gətirib. Dövlət başçısının sözlərinə görə, bu, ATƏT çərçivəsində büdcənin daha məqsədyönlü və vacib layihələrə istiqamətləndirilməsinə şərait yaradacaq.

“Qarabağ münaqişəsi artıq həll olunub, Azərbaycan öz suverenliyi və ərazi bütövlüyünü təmin edib. Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesi ikitərəfli xarakter daşıyır”, - İlham Əliyev vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər