19 Fevral 19:57
2 202
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Zaur müəllim, Azərbaycan Prezidentinin Münxen Təhlükəsizlik Konfransında iştirakı, müxtəlif platformalarda keçirilən görüşlər Qərb müstəvisində olan yanaşmalara necə təsir edəcək?

- Prezident İlham Əliyev Münxen Təhlükəsizlik konfransına o fonda dəvət edildi ki, Qərbin Azərbaycana sualları var idi. Əslində Azərbaycan tərəfinin də Qərbə ünvanlanan çoxlu sualları fonunda bu səfər təşkil edildi. Çünki Azərbaycana qarşı qeyri-adekvat davranan şəxslərlə bağlı Qərbin verməli olduğu cavablar vardı. Onlar Azərbaycanın daxili işlərinə qarışmaq niyyətlərini ortaya qoyurdu. Azərbaycan Prezidenti isə bəyan edirdi ki, ölkənin daxili işlərinə heç kəs qarışa bilməz. Əgər Qərb müxtəlif beynəlxalq təşkilatlardan Azərbaycana təzyiqlər edəcəksə, Bakı bu təzyiqlərə qarşılıqlı şəkildə cavab verəcək. Belə olan təqdirdə Qərbdə də başa düşürdülər ki, Azərbaycan Prezidentinin siyasəti həmişəki kimi dəyişilməz qalacaq. Bakı öz mövqeyindən bir addım da geri çəkilməyəcək. Bu, ortaya qoyulan prinsipial mövqedir.

- Bakının Qərblə bağlı tələbləri nədən ibarət idi?

- Azərbaycan özünün milli maraqlarının Qərb tərəfindən nəzərə alınmasını istəyir. Əgər hər hansı beynəlxalq təşkilatlar tərəfindən Bakının maraqları nəzərə alınmayaraq birtərəfli qaydada geosiyasi oyunları bölgədə oynamaq istəyəcəklərsə, Azərbaycan buna imkan verməyəcək. Azərbaycan Prezidentinin Münxen Təhlükəsizlik Konfransına dəvət edilməsi də onu göstərir ki, Qərb özü ilk olaraq Bakıya doğru addım atmış oldu. Beləliklə, Azərbaycan Prezidentinin Münxendə iştirakı xahiş edildi.

- Almaniya kanslerinin iştirakı ilə üçtərəfli görüşün təşkili prosesdə hansı irəliləyişlərlə yadda qala bilər?

- Olaf Şolzun ev sahibliyi ilə baş tutan görüşlər olduqca əhəmiyyətli idi. Şolz Azərbaycan Prezidenti ilə Ermənistanın baş nazirinin görüşünün əsas təşkilatçısı oldu. Görüşün keçirilməsi Almaniyanın burada iştirakı, rəsmi Berlin tərəfindən verilən tezislər olduqca önəmlidir. Avropa İttfaqının mərkəzi ölkəsi olan Fransa və Almaniya başa düşdülər ki, indiki halda Emmanuel Makronun danışıqlarda iştirakı mümkün deyil. Bunu Azərbaycan tərəfi qəbul etməyəcək. Almaniya isə Azərbaycanla tam olaraq bağları qırmayıb. Rəsmi Berlinin bu və ya başqa proseslərdə iştirak etmək şansı var. Ona görə də, Münxendə bu fürsət dəyərləndirildi.

- İkitərəfli görüşlərlə bağlı yaradılan şərait və reallıq nədən ibarət oldu?

- Şolzun bu görüşün ilkin dəqiqlərində iştirakı Bakı üçün lazım idi. Avropa İttifaqının əsas iki ölkəsindən biri olan Almaniya reallıqları gördü. Beləliklə də Bakının baxış bucağının nədən ibarət olduğu bilindi. Məhz bundan sonra Azərbaycan və Ermənistan liderlərinin görüşü yeni formata cavab verən tədbirlər sırasındadır. Sözsüz ki, hər iki ölkə lideri müxtəlif platformalarda görüşə bilər. Buna rəsmi Bakı etiraz etməyib. Azərbaycan tərəfi təmaslardan qaçmayıb.

- Rəsmi Bakı bu kimi görüşlərdən nə qazanır?

- Hər bir görüş Azərbaycanın tələblərinin Ermənistan tərəfindən qəbul edilməsidir. Bu, eyni zamanda Bakının diplomatik qələbəsi və vacib nüansları əldə etməsi ilə nəticələnir. Praqada Makronun iştirakı ilə keçirilən görüşdə də bunun nəticələri olub. Makronun ikiüzlü siyasət aparmasına baxmayaraq Bakı istəyinə nail olmuşdu.

- Sülh müqaviləsinin imzalanması ilə bağlı bu təmasların təsiri necə olacaq?

- İndiki halda qısa zamanda sülh müqaviləsinin imzalanmasından danışa bilmərik. Ermənistan tərəfi sülh istiqamətində müvafiq addımlar atmalıdır. Amma hər iki tərəfdən görüşlərin təxirə salınmaması irəliyə doğru gedilən yoldur.

- ABŞ-nin Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı mümkün cəhdlərini necə qiymətləndirirsiniz?

- Entoni Blinkenin iştirakı ilə ötən il bir neçə dəfə görüşlər keçirilib. Bu görüşlərdə kifayət qədər ciddi nəticələr əldə edilmişdi. Sülh müqaviləsinin mətni və sair məsələlərlə bağlı nəticələr var idi. Amma proseslərin sonrakı gedişində Fransanın işi pozması müşahidə edildi. Ümumilikdə ABŞ-nin bu prosesə töhfə verməyə çalışması yaxşı əlamətdir. Amerika sıradan bir ölkə deyil. Vaşinqtonun bu proseslərə diqqətlə yanaşması normal addımdır.

- Münxen konfransını Azərbaycanın mövqeyinin ifadəsi baxımından nəticələrini necə dəyərləndirmək olar?

- Münxen toplantısında Prezident İlham Əliyevin iştirakı Qərb-Azərbaycan münasibətləri ilə bağlı bir sıra sualları arxada qoydu. Bir daha göstərmiş oldu ki, Azərbaycan xarici siyasətdə heç bir tərəfə istiqamlənmir. Bakı özünün balanslı siyasətini davam etdirəcək. Qərbin Mərkəzi Asiyaya çıxışı və digər geosiyasi proseslərin gedişində Türkiyə və Azərbaycanın əhəmiyyəti və çəkisi getdikcə artacaq. Bu isə ona imkan verəcək ki, Bakının tələbləri üçüncü tərəflər tərəfindən yerinə yetirilsin.


Müəllif: Tapdıq Qurbanlı