Çinin nüfuzlu “Asia Times” qəzeti Türkiyənin ilk 5-ci nəsil KAAN döyüş təyyarəsindən yazıb.
Teleqraf.com xəbər verir ki, “Türkiyənin yeni təyyarəsi qlobal bazarı alt-üst edəcək” adlı məqaləsində çinli müəllif sözügedən qırıcının ABŞ F-35-lərinə ciddi rəqib olacağını bildirir.
“İlk uçuşunu uğurla reallaşdıran yeni nəsil döyüş təyyarəsi KAAN ABŞ-yə yuxarıdan aşağı baxır, böyük ehtimalla, F-35-in müştərilərini ovlayacaq”, - məqalədə deyilir.
KAAN-ın Türkiyənin hərbi aviasiya sənayesinin flaqmanı olacağını yazan “Asia Times” təyyarənin F-16 donanmasını əvəz etməyə hazırlaşdığını da iddia edir:
“2016-cı ildə başlanan KAAN layihəsi Türkiyənin 2030-cu illərdən etibarən arsenaldan çıxarılacaq ABŞ istehsalı F-16 donanmasının yerini almağı hədəfləyir. KAAN fəlsəfəsi Türkiyə 2019-cu ildə Rusiyadan S-400 müdafiə sistemi aldıqdan sonra ABŞ-nin rəhbərlik etdiyi F-35 konsorsiumunu tərk etdikdən sonra inkişaf edib.
KAAN Türkiyənin hərbi aviasiya sənayesinin flaqmanı olacaq. Ölkədə yerli reaktiv mühərriklərin istehsalı layihəsi üzərində iş aparılır, onun süni intellektlə dəstəklənən dizaynı və imkanları 6-cı nəsil döyüş təyyarəsi üçün nəzərdə tutulur”.
KAAN-ın texniki xüsusiyyətlərinin yer aldığı məqalədə ilk potensial müştərilər arasında Azərbaycanın da adı çəkilir:
“Çox güman ki, Türkiyə KAAN-ı qlobal döyüş təyyarələri bazarına çıxarmağı hədəfləyir. Potensial müştərilər kimi çoxdankı strateji tərəfdaş Azərbaycanla yanaşı, BƏƏ, İndoneziya və Pakistan da göstərilir”.