24 Fevral 15:39
1 824
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günlərdə Fransada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə bölgədə sülhə, təhküləsizliyə təhdid yaradan açıqlamalar, bəyanatlar səsləndirib. Fransa Prezidenti Emmanuel Makronun Paşinyanla görüşdəki açıqlamaları da bölgədə formalaşmaqda olan sülh prosesinə zərbə hesab edilir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

O qeyd edib ki, Paşinyan Azərbaycan Prezidenti ilə Münxen görüşündə sülh prosesinə sadiq qalacağını bəyan etmişdi:

“Amma hər dəfə sülh prosesində irəliləyiş olan kimi təxribatlara əl atır. Qarşı tərəf prosesi mümkün variantlarla pozmağa yönəlmiş hərəkətlər edir. Ermənistanın baş naziri ikitərəfli görüşlərdə başqa cür davranır və sülh prosesində maraqlı olduğu görüntüsü yaradır. Amma sonradan tamam əks iddialar səsləndirir”.

Millət vəkili hesab edir ki, erməni tərəfi yenidən Fransa ilə bir yerdə prosesi sıfırlayır:

“Bu daha çox bir addım irəli, iki addım geri strategiyasına əsaslanan məntiqsiz yanaşmadır. Parisin İrəvanı silahlandırması absurddur. Fransadan Ermənistana edilən indiki hərbi yardımla onun yenidən Azərbaycanla müharibə aparmaq imkanları yoxdur. Hərbi yardımlar beş qat artıq olsa belə Ermənistanın Azərbaycanla ayaqlaşması mümkün deyil”.

Rasim Musabəyova görə, əgər Ermənistana sülh lazımdırsa, zəhmət çəkib razılaşmaya imza atacaq:

“Onlara sülh lazım deyilsə, Azərbaycana dünəndən lazım deyil. Sadəcə olaraq regionda gərginlik yaratmaq istəyində olan qüvvələr var. Fransa Cənubi Qafqazda dayaq nöqtəsi axtarır. Paris Rusiya və İran faktorunu yaddan çıxarır. Çünki hər iki dövlət Fransanın bu bölgədə möhkəmlənməsini istəmir. Axırda isə əli boş qalan Ermənistan olacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər