6 Mart 15:06
5 392
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Qafqazın üç respublikası var. Hər üç dövlətin tutacağı yol bölgənin gələcək siyasi konfiqurasiyasını müəyyən edəcək. İndiki mərhələdə region ölkələrinin fərqli strateji xəttlər izlədiyi müşahidə edilir. Bu xüsusda Ermənistan və Gürcüstan Avropa Birliyinə doğru yönələn xətt götürüb.

Bunu Teleqraf.com-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

“Azərbaycanın haqlı əsaslara görə, Avropa İttifaqına olan yanaşması birmənalıdır. Digər tərəfdən bu dövlətlərin Rusiyaya münasibətdə mövqeləri fərqlidir. Gürcüstan və Ermənistan Rusiyaya qarşı düşmənçilik münasibətləri səviyyəsindədir. Azərbaycan isə öz maraqlarını təmin etmək üçün müəyyən şərtlər formalaşdırıb” – deyə o qeyd edib.

Partiya sədrinə görə, proseslərin bu məcrada inkişafı Azərbaycanın Cənubi Qafqazda ayrıca siyasi vahid kimi meydana çıxmasına zəmin yaradacaq:

“Bütün bunlar isə fərqli bir gələcək vəd edir. Azərbaycanın Türk Dövlətləri Təşkilatına önəm verməsi Cənubi Qafqaz ölkələrindən fərqləndirən xüsusiyyətdir. Gürcüstanla Ermənistanın bu birliyə dəvət edilməsi ilə bağlı yanaşma fərqlidir. Azərbaycan-Gürcüstan və Türkiyə arasında müttəfiqlik mövcuddur”.

Sərdar Cəlaloğlu hesab edir ki, Gürcüstanda yaşayan Azərbaycan türkləri faktoru və Qərbi Azərbaycanlıların Ermənistana qayıdışı fonunda bu dövlətlərin də TDT-yə üzvlük məsələsinə baxıla bilər:

“Çünki Qərbi Azərbaycanlıların ata-baba yurdlarına dönüşü fonunda Ermənistan əhalisinin 30-40 faizi Azərbaycan türklərindən formalaşacaq. Prosesə strateji yanaşmaqla Ermənistan və Gürcüstanın da Türk Dövlətləri Təşkilatına dəvət edilməsi ilə Cənubi Qafqazın siyasi vahidliyinə nail olmaq mümkündür”.


Müəllif: Tapdıq Qurbanlı