13 Mart 20:27
3 372
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, Nikol Paşinyanın sərhədlərin dəqiqləşməsi, ankavlarla bağlı açıqlaması hansı məntiqə əsaslanır? Ermənistanın Azərbaycan kəndlərinin mövcudğunu inkar etməsi nələrə səbəb ola bilər?

- Əslində Paşinyanın bəyanatlarında məntiq axtarmaq çox çətindir. Hüquqi baxımdan o, ziddiyyətli bəyanatlar verir. Bu, ermənilərin anneksiya mətinqinə əsaslanır. Yalan və qanuna əsaslanmayan bu yanaşmalar onlar üçün xronoloji məsələdir. Bundan öncə Ermənistanın baş naziri ərazilərlə bağlı müxtəlif bəyanatlar səsləndirib. Erməni tərəfinin hansı əraziləri nəzarətdə saxladığı açıqlanmışdı. Buna uyğun olaraq müxtəlif fikirlər səslənmişdi. Amma bütün bunlar Paşinyanın adət etdiyi bir məntiqə uyğundur. Vaxtilə Xankəndidə qondarma “arsax Ermənistandır və nöqtə” ifadəsini işlətmişdi. O vaxt belə bir bəyanat verəndə keçmiş Dağlıq Qarabağı, həm də onun ətrafında 7 rayon əhatə olunurdu. İddia edirdilər ki, Ermənistanın ərazi bütövlüyü bu torpaqların içərisindədir. Bir çox hallarda isə o 1975-ci ilin xəritələrindən və ərazilərlə bağlı hansısa rəqəmlərdən danışırdı. İndi isə erməni tərəfi yeni bir variantı təbliğ edir. Artıq 1975-ci ilin xəritələri belə onlar üçün əsas sayılmır.

- İrəvanı bu cür mövqe sərgiləməyə vadar edən amillər nədən ibarətdir?

- Kənarda olan havadarları Ermənistanı anneksiya siyasətini davam etdirməyə təhrik edir. Faktiki olaraq Ermənistan qanunvericliyinin hüquqi aktları Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarını özündə ehtiva edir. Bu, açıq şəkildə onların işğal etmək, mənimsəmək, özlərinə birləşdirmək siyasətinin hələ də davam etdiyini göstərir. Paşinyanın sonuncu bəyanatı bir daha sübut edir ki, onlar sülh istəmir. Qarşı tərəf münasibətlərin ədalətli həllində maraqlı deyil.

- Azərbaycan İrəvanın son davranışlarından hansı nəticələr çıxara bilər?

- Bakı buna adekvat olmalıdır. Azərbaycan öz mövqeyini əks etdirən bəyanatları daha kəskin şəkildə gündəmə gətirməlidir.

- Sizcə, indiki halda Azərbaycan daha çox hədəfi hansı strategiya üzərində qurmalıdır?

- 1920-ci ildə indiki Ermənistan, yəni Ararat Respublikasının ərazisi 9 min kv km-ə yaxın idi. Keçmiş sovet dövründə qanunsuz olaraq Azərbaycan xalqının razılığı olmadan ərazilər Ermənistana verilib. Bununla da Ermənistanın ərazisi üç dəfə artırılıb. Hətta Ermənistan sovet ittifaqı dağıldıqdan sonra da bu reallığı tanımayıb. Çünki sonrakı qanunvercilik aktlarında keçmiş Dağlıq Qarabağ, işğal edilmiş digər Azərbaycan əraziləri Ermənistan aid formada təsbit olunub. Əgər Ermənistan ərazi məsələsi, hərbi təcavüz və anneksiya siyasəti, etnik təmizləmə, soyqırımı aparıbsa, Azərbaycan bu məsələni gündəmə gətirməlidir. Azərbaycan öz ərazi bütövlüyünü məhz 1920-ci ildə olan tarixi torpaqlar çərçivəsində qəbul edir. Buna aid də danışıqlar aparılmalıdır.

- 8 kəndin qaytarılması məsələsi necə həll oluna bilər? Növbəti antiterror əməliyyatlarının başlaması ehtimalını necə dəyərləndirirsiniz?

- Bakı sülh gündəminə sadiqdir. Amma burada digər tarixi, hüquqi amillərin gündəmə gətirilməsi prinsipi təmin edilməlidir. Bu heç də Azərbaycan Ordusunun dərhal hücuma keçməsi demək deyil. Danışıqlar masasında beynəlxalq palformalarda Azərbaycan öz mövqeyini və hüququnu açıq şəkildə bəyan etməlidir. Ermənistanın işğalçılıq siyasəti açıq şəkildə ifşa olunmalıdır. İndiki mərhələdə məhz bu siyasət əsasdır. Sonrakı mərhələdə lazım olsa, Azərbaycan öz hərbi gücünü ortaya qoya bilər.


Müəllif: Tapdıq Qurbanlı