Sərhəddə atəşkəsin tez-tez pozulması, təxribatların baş verməsi Ermənistan və daha çox onu təşviq edən qüvvələr tərəfindən həyata keçirilən məqsədli prosesdir. Ermənistan və Qərb arasındakı 5 aprel tarixində keçirilən görüş fonunda bu təxribatlar davam edir. Bu görüşə qədər və bundan sonrakı proseslərə diqqət yetirdikdə, əsas niyyətlərinin bu təxribatları davamlı şəkildə həyata keçirmək olduğunu deyə bilərik.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Onun sözlərinə görə, İrəvan təbliğat kampaniyasına başlayır ki, guya Azərbaycan Ermənistanın təhlükəsizliyinə təhdid yaradır:
"Rusiya və KTMT bu məsələlərdə üzərinə düşən öhdəliyi yaxşı yerinə yetirə bilmir. Ona görə də Ermənistana əlavə təhlükəsizlik zəmanətləri lazımdır, bunu da Qərb verə bilər. Düşünürəm ki, 5 aprel görüşü buna hesablanıb. İkinci niyyət ondan ibarətdir ki, təxribatlar zamanı hansısa ərazidə “irəliləyiş” əldə etməklə Ermənistan cəmiyyətinə müəyyən stimul vermək və revanşist duyğuları gücləndirmək məqsədi daşıyır. Bundan başqa niyyətlərdən biri ola bilər ki, Ermənistan son dövrlər ciddi şəkildə silahlanma yolunu seçib. Hindistan, Fransa, İran, o cümlədən Yunanıstandan Ermənistana silahlar tədarük olunur. Bu hərbi ləvazimatları real döyüş zamanı sınaqdan çıxarmaq məsələləri ola bilər. Təxribatların aparılması ona hesablanıb ki, Azərbaycanın həyata keçirdiyi böyük qayıdış proqramı əngəllənsin. Bu gərginliyi saxlamaqla ərazilərin məskunlaşmasına mane olunsun. Ermənistanı təhrik edən qüvvələr, xüsusilə Qərb onda maraqlıdır ki, məhz bunun fonunda Ermənistanın təhlükəsiz zəmanətləri ilə bağlı müəyyən addımlar atsın və Rusiyanı bölgədən sıxışdıraraq onun yerini tutsun".
Oqtay Qasımov bildirib ki, bütün hallarda Brüssel görüşünün nəticələri ilə bağlı aydın təsəvvür olmasa da, ilkin məlumatlar hər halda müəyyən qənaətlər formalaşdırır:
"Belə görüşün keçirilməsi birtərəfli qaydada Cənubi Qafqazda sülh və sabitliyə zərər vuran hadisə oldu. Əgər, doğrudan da Qərb dairələri sülh olmasını istəyirdilərsə, o zaman hətta Azərbaycanın iştirak etmədiyi formatda bu görüş olmamalı idi. Ən azı Azərbaycanı dəvət etməyiblərsə, o halda Ermənistanın qarşısında başqa şərtlər qoyula bilərdi. İlk olaraq, Azərbaycanla sülh müqaviləsi imzalansın və bölgəyə sabitlik gəlsin. Ermənistandan Rusiyanı sanksiyalardan yayındıran addımlardan çəkinməyə çağırmalıydılar. Bu, olmalı idi. Bununla bağlı məlumat yoxdur. Baxmayaraq ki, verilən məlumatlar və ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidentinə telefon zəngində də qeyd olundu ki, guya yalnız Ermənistanın iqtisadi yardımla bağlı müzakirələr aparılacaq. Bu mənə çox da inandırıcı gəlmir. Belə ki, bir neçə saat davam edən görüşdə yalnız bu məsələ müzakirə olunduğunu düşünmək doğru olmazdı. Nəzərə alsaq ki, həmin görüşə əvvəlcədən elan olunduğu kimi yalnız Blinken və Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen qatılmadı. O görüşə həmçinin Avropa İttifaqı Xarici məsələlər üzrə ali komissarı Jozef Borrel də qatıldı. Borrelin görüşdə iştirakı onu deməyə əsas verir ki, bu görüşdə həm də təhlükəsizlik məsələləri müzakirə olunub. Digər tərəfdən, bu olmasa belə, yenə neytrallıq və bitərəflik pozulub. Ermənistana gözlədikləri səviyyədən qat-qat az olsa da, 360 milyon dollar civarında yardım nəzərdə tutuldu ki, bu dörd il müddətinə hesablanır. Amma belə bir şey Azərbaycan üçün də edə bilərdilər. Əgər doğrudan da bölgədə tərəflər arasında bərabərlik işarəsi qoyulubsa, bu belə olmalı idi.
Azərbaycana ən azı digər istiqamətləri, ərazilərin bərpasını demirəm, minalardan təmizlənmək üçün bizə də vəsait ayıra bilərdilər. Hansı ki, biz bunu görmürük. Çox kiçik qrantlar və müəyyən texniki vasitələrlə çıxmaq şərti ilə, biz Qərbdən o cümlədən Amerika, Avropa İttifaqından hansısa ciddi dəstəyi görmədik. Ermənistana ayrılan bu səviyyədə dəstək qədər Azərbaycan 4-5 günlük müddətdə hər il 50-60 milyon dollar dəyərində əraziləri minalardan təmizlənmək üçün yardım edə bilərdilər ki, bu da bölgədə sülh və sabitlik üçün vacib şərt ola bilərdi".
Ekspertin fikrincə, 5 aprel görüşü region dövlətlərindən Rusiyaya qarşı yönəldiyi iddia olunsa da, bu, yalnız Rusiyaya qarşı deyil:
"Əsas hədəf Azərbaycan-Türkiyə ittifaqıdır. Ermənistanın gücləndirilməsi son mərhələdə nəyə gətirib çıxarda bilər? İrəvanın Ankara ilə problem olsa da, onunla qarşıdurmaya getmək imkanı yoxdur. İranla hansısa problemi görünmür. Gürcüstanla Ermənistan arasındakı müəyyən ziddiyyətlər ki var, onlar da çox kəskin səviyyədə deyil. Ermənistanın gücləndiyi vaxt, hədəf seçəcəyi əsas ölkə Azərbaycandır. Ona görə də Azərbaycan bu məsələləri ciddi şəkildə izləyir və reaksiyalar verir. Bunu Azərbaycan Prezidentinin həm Blinkenlə telefon danışığında, o cümlədən Türkiyə parlamentinin NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu ilə görüşdə söylədiyi fikirlərdən gəldiyimiz qənaət budur. Məhz həmin revanşist duyğuların gücləndirilməsi, Ermənistanın silahlandırılması, hərbi təlim keçirilməsi, ordusunun yenidən təşkil olunması Azərbaycana qarşı yönəlmiş bir addımdır".