10 Aprel 15:09
1 689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Anar Əliyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Anar bəy, Brüssel görüşünün nəticələri ilə bağlı fərqli yanaşmalar var. Rusiyadan da sərt reaksiya verildi. Proseslərin bundan sonrakı inkişafını necə xarakterizə etmək olar?

- Aprelin 5-də Brüsseldə Avropa İttifaqı-Ermənistan və ABŞ formatında görüş keçirildi. Burada Ermənistanın iqtisadi müstəqilliyinə nail olunması, Qarabağdan könüllü şəkildə köçmüş dinc sakinlərin Ermənistan cəmiyyətinə inteqrasiyası məqsədilə Avropa İttifaqı tərəfindən 4 il ərzində 170 milyon, ABŞ tərəfindən isə illik 65 milyon dollar olmaqla vəsaitin ayrılması razılaşdırıldı. Görüş öncəsi Ermənistana qarşı “təhdidlər”in qarşısının alınması, təhlükəsizliyinin təmin edilməsi, silahlandırılması və bölgə ilə bağlı məsələlərin müzakirə ediləcəyi, qərarların qəbulu gözlənilirdi. Bu xüsusda Azərbaycanın ciddi iradlarına cavab olaraq ABŞ Dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Prezident İlham Əliyevlə telefon danışığı apararaq bu görüşün heç bir halda ikinci tərəfə, xüsusilə də Azərbaycana qarşı olmadığını bəyan etdilər. Sözsüz ki, bu görüş bölgənin gələcəyinə çox ciddi təsir edəcək nəticələrlə yekunlaşdı. Azərbaycan narahatlığında haqlı idi.

- Sizcə, görüşlə bağlı diqqətdən yayınan əsas məqam nədən ibarət idi? Bağlı qapılar arxasında hansı məsələlər müzakirə olunub?

- Məqsədli şəkildə dünya ictimaiyyətinin, bölgə xalqları və dövlətlərinin diqqətindən yayındırmağa çalışdıqları həmin gün başqa bir görüşün keçirilməsi idi. Üçlü formatda baş tutan görüşdən bir neçə saat öncə Nikol Paşinyan ABŞ-nin xarici yardımlar siyasətinin aparıcı həlqəsi USAID rəhbəri Samanta Pauerlə bir araya gəlib. Əslində bölgənin qarışdırılması, xaosun gətirilməsi, ABŞ və Avropa təsisatlarının maraqlarının təmin edilməsinə xidmət edəcək qərarlar məhz bu görüşdə razılaşdırıldı. Bu mənada Brüssel görüşləri Azərbaycan liderinin dəfələrlə bəyan etdiyi kimi ölkəmizin iştirak etmədiyi formatlar çərçivəsində bölgə ilə bağlı müzakirələrin aparılması, ayrıcı xəttlərin dərinləşməsi, regiona konfrantasiyanın, münaqişə mühitinin daxil olunması məqsədi daşıyırdı. Bu mənada 5 aprel görüşü istisna xarakterə malik idi.

- Bu formata oxşar görüşlər Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə necə təsir edəcək?

- Belə kimi görüşlər Ermənistan cəmiyyətində sürətli şəkildə Azərbaycanla sülh müqaviləsi imzalanması, iki cəmiyyət arasında inam-etimad mühitinin formalaşması ilə bağlı kövrək də olsa yaranmış təsəvvürləri ciddi şəkildə təhdid edir. Ermənistan cəmiyyətində yanlış təsəvvürlərin formalaşmasına rəvac verilir. Bu mənada Ermənistanın Qərbdəki havadarlarının erməni cəmiyyətində yaratmağa çalışdıqları xam xəyallar, xülyalar yenidən böyük bəlalara gətirib çıxara bilər. Əslində bu Qərb üçün o qədər də maraqlı deyil. Ermənistan onlar üçün qurbandır. Bu ölkə növbəti bir plasdarmdır. İrəvanı alət etməklə bölgədə zəifləmiş təsir imkanlarını genişləndirmək və neoimperialist maraqlarını həyata keçirməyə çalışırlar.

- Sizcə, İrəvanın Qərbə doğru açıq davranışları fonunda KTMT-dən sonra Avrasiya İqtisadi Birliyindən də uzaqlaşması gözlənilirmi?

- Brüssel Ermənistanın Rusiyadan iqtisadi asılılığının aradan qaldırılması, iqtisadi müstəqilliyinin təmin edilməsinə xidmət edən bir görüş idi. Həmçinin bu görüşü bölgənin gələcəyi ilə bağlı çirkin planların qurulduğu və region dövlətlərinin, xalqlarının maraqlarına böyük zərbələr vura biləcək proseslərin başlanğıcı kimi də qiymətləndirilə bilər. Aİ və ABŞ Ermənistana ayırdığı maliyyə yardımları bu ölkənin iqtisadi müstəqilliyinin təmin olunması və Rusiya iqtisadiyyatından asılılığın aradan qaldırılması fonunda gülüş doğuracaq rəqəmlərdir. 2023-cü ildə Ermənistanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 7,3 milyard dolları ötüb. Cari ildə həcmin əlavə 1 milyard artacağı da proqnozlaşdırılır. Eyni zamanda Ermənistanın real iqtisadiyyatının 70 faizdən çoxu birbaşa Rusiyadan asılıdır. Bu ölkəyə hər il Rusiya biznes strukturlarından milyardlarla dollar vəsait göndərilir. Bu məanda Aİ-ı və ABŞ-dan Ermənistana ayrılan rəqəmlər yalnız şou və təbliğat xarakteri daşıyır.

- Belə çıxır ki, görüşün əsas mahiyyəti tamam başqa müstəvidə keçirilib?

- Sözsüz ki, bu ciddi müzakirələrin həyata keçirildiyi görüşlərdən diqqəti yayındırmaq üçün önə çıxarılan istiqamətdir. Ermənistan üçün Rusiyanın kurasiyasından çıxıb Qərbin çətiri altına girmək üçün hələlik real imkanlar yoxdur. Qərbin bu görüşlərdə əsas hədəfi bölgənin yenidən münaqişə, qarşıdurma məkanına çevilməsidir. Azərbaycanın və Türkiyənin regionda genişlənən nüfuzunun, təsir imkanlarının qarşısını almaq niyyəti də var. Bir müddət öncə Türkiyə və İraq çox mühüm razılaşma əldə edib. Razılaşmaya əsasən Türkiyədən başlayaraq Bəsrə körfəzinə qədər 1200 km-lik dəmir və avtomobil yolu çəkiləcək. Bununla Türkiyə yeni bir dəhliz formalaşdırmış olacaq. Ərəb dünyası, Hindistan və Çindən gələcək yüklərin Bəsrə körfəzindən Fars körfəzinə İraq-Türkiyə üzərindən dünya bazarına çıxarılmaq imkanları mövcuddur.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər