11 Aprel 18:40
1 897
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, Ermənistan üzərində iki fərqli qütb arasında ayrıcı xəttlər izlənilir. Rusiya-Qərb arasında İrəvan uğrunda doğrudan da rəqabətin getdiyi nə dərəcədə inandırıcıdır? Bu prosesin Cənubi Qafqaza təsir elementləri nədən ibarətdir?

- Fakt odur ki, Qərb-Rusiya qarşıdurması səmimi deyil. Hərbi gücü və imkanları ilə Qərb Ermənistana gəlməsə, Rusiya ənənəvi qaydada qarovulçu funksiyasını davam etdirir. Bu o deməkdir ki, Ermənistan üzərində təhlükəsizlik xidmətini Rusiya həyata keçirəcək. İqtisadi baxımdan isə Avropa İttifaqı və ABŞ dəstək verəcək. Bu, təzə anlayış deyil. Ukrayna müharibəsindən öncə, ATƏT-in Minsk Qrupunun dövründə bu bölgü vardı. O vaxt Rusiya Ermənistana kreditlər ayırırdı. Qərb də müxtəlif proqramlar vasitəsi ilə yardımlar edirdi. İndi isə Qərb Ermənistanla bağlı daha çox iqtisadi yükü üzərinə götürür. Çünki Rusiyanın hazırda bu məsələdə imkanları məhduddur. Ermənistanın hərbi, təhlükəsizlik məsələsi isə Rusiyanın öhdəliyində qalacaq.

- Belə çıxır ki, sonuncu Brüssel görüşü Qərbin üzərinə düşən öhdəliklərin açıqlanması kimi xarakterizə oluna bilər?

- Bu bir növ Qərblə Rusiya arasında olan razılaşmadır. Sadəcə olaraq Qərbdəki seçicilərə görüntü yaradırlar ki, təzə bir siyasi sterotiplər formalaşıb. Göstərməyə çalışırlar ki, guya Ermənistan Qərbyönümlü siyasət seçib. Məhz buna görə də, ona yardım lazımdır. Bu yalanı təqdim edərkən Azərbaycanın üzərinə əsası olmayan tənqidlər səslənir. Guya Azərbaycan Rusiyanın əli ilə nələrisə edə bilər və s. Amma hamı başa düşür ki, Azərbaycan müstəqil siyasət həyata keçirir. Ermənistana sadəcə olaraq bu şəkildə himayədarlıq lazımdır.

- Keçmiş Minsk qrupunun mahiyyətini indiki məqamda gündəmə gətirməkdə məqsəd nədir?

- Əslində həmin siyasət biraz korrektə olunmuş şəkildə davam olunur. İddia edirlər ki, Ermənistan Rusiyanın moderatorluq etdiyi təşkilatlardan tamamilə çıxacaq və s. Bunlar əsassızdır. Qərbin, Rusiyanın mütəxəssisləri bu kimi sterotipləri mümkün qədər tirajlamaqla prosesin mahiyyətini gizlədir. Vəziyyət tam aydın şəkildə özünü göstərir.

- Nəyə görə belə nəticəyə əsaslanırsınız?

- Çünki Ermənistanın Rusiyadan uzaqlaşması ilə bağlı heç bir ciddi addım atılmayıb. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və İrəvan aeroportunda (Zvartnostda) olan 15-20 rus əsgərinin çıxarılmasından başqa heç bir məsələ yoxdur. Əslində KTMT Ermənistana lazım deyil. Bu təşkilatın imkanları yoxdur və heç vaxt olmayıb. Ermənistanla Rusiya arasında hərbi müttəfiqlik barəsində saziş var. Amma heç kim bundan danışmır. İran-Türkiyə sərhədini Rusiya sərhədçiləri qoruyur. Həmçinin rus sərhədçiləri Azərbaycan-Ermənistan şərti sərhədində yerləşir. Bu o deməkdir ki, rus əsgərinin Ermənistanda sayı artır. Eyni zamanda Rusiya ilə Ermənistan arasında hava hücumundan birgə müdafiə ilə bağlı saziş mövcuddur. Bu raketlər Moskva yaxınlığında yerləşən ümumi komandanlıq mərkəzindən idarə olunur. Rusiyanın digər vilayətləri kimi Ermənistanın hava məkanı belə qorunur. Ona görə də, bu kimi əsas məsələləri kənara qoyub başqa mövzulardan danışmaq yersizdir.


Müəllif: Tapdıq Qurbanlı