Qazaxıstan Cənubi Qafqaz regionunda əsas tərəfdaşlarından biri olan Gürcüstanla əlaqələrin hərtərəfli möhkəmləndirilməsinə böyük önəm verir.
Teleqraf.com xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşündə deyib.
Qazaxıstan liderinin sözlərinə görə, Astana və Tiflis arasındakı dostluq və qarşılıqlı anlaşma ikitərəfli əlaqələrin dərinləşdirilməsində mühüm uğurların əldə olunması üçün möhkəm əsas rolunu oynayır.
Həmsöhbətlər görüşdə mədəni-humanitar əlaqələrin möhkəmləndirilməsinə xüsusi diqqət yetiriblər.
Papuaşvili həmçinin Gürcüstanın Qazaxıstanla münasibətləri daha da gücləndirməyə sadiq olduğunu təsdiqləyib. Onun sözlərinə görə, Tiflis Astana ilə hərtərəfli əlaqələrin, o cümlədən nəqliyyat və logistika sahəsində əməkdaşlığın dərinləşməsinə ümid edir.
Gürcüstan parlamentinin sədri Tokeyavin Transxəzər beynəlxalq nəqliyyat dəhlizinin birgə inkişafı ilə bağlı təşəbbüsünü dəstəkləyib.
Transxəzər beynəlxalq nəqliyyat marşrutu 2014-cü ilin fevralında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır.