Qazaxıstanın sülh danışıqları üçün platforma olaraq seçilməsi Azərbaycan və Ermənistan üçün məqbuldur.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Qazaxıstan liderinin Ermənistana səfərini belə şərh edib:
“Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Ermənistana səfərinin Azərbaycan üçün zərəri yoxdur. Əksinə, Tokayev Ermənistan Baş naziri Nikol Paşinyanı inandırmağa çalışıb ki, iki bölgə – Mərkəzi Asiya və Cənubi Qafqazın inkişafı və bir-birinə daha sıx bağlılığı nəqliyyat və enerji layihələrinin reallaşmasıyla bağlıdır və Orta dəhliz layihəsinin potensialı böyükdür. Bu layihənin əsas iştirakçılarından biri Azərbaycandır. Ermənistan da bu projenin bir hissəsi olaraq gəlir qazana bilər, bir şərtlə ki, Azərbaycanla sülh sazişi imzalasın və Zəngəzur dəhlizinin işə düşməsinə şərait yaratsın. Tokayev Paşinyana bunları anlatmağa çalışıb.
Tokayevin Azərbaycanla Ermənistan arasında danışıqlarda Qazaxıstanın platforma kimi istifadəsi təklifi də müsbət dəyərləndirilməlidir. Qazaxıstan Azərbaycanın strateji tərəfdaşıdır, bir-birimizi tarixi köklər bağlayır, türk dünyasının inteqrasiyasında maraqlar üst-üstə düşür. Həmçinin Qazaxıstan KTMT və Avrasiya İqtisadi Birliyində Ermənistanla tərəfdaşdır. Bunları nəzərə alaraq, Qazaxıstanın görüşlər üçün məkan kimi seçilməsi tərəflər üçün məqbuldur”.