Qazaxın işğal altında olan 7 kəndindən anklav olmayan 4 kəndin siyasi-diplomatik yolla Azərbaycana təhvil verilməsi tarixi hadisədir. Ermənistanın bu istiqamətdə masa arxasında sənəd imzalaması Azərbaycanın apardığı xarici siyasətin təntənəsidir. Bu, eyni zamanda Azərbaycanın yaratdığı reallığı heç kimin inkar etmək imkanı olmadığını da göstərir.
Bunu Teleqraf.com-a Azərbaycanın AŞPA-da nüməyəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov deyib.
O qeyd edib ki, indiki halda Qazaxın 4 kəndinin bir güllə atmadan qaytarılması çox böyük bir məsələdir:
“Azərbaycanla Ermənistan arasında sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı komissiyanın 8-ci toplantısında belə bir qərar verildi. Bu, ilk toplantıda da öz həllini tapa bilərdi. Ermənistanın məsələləri düzgün istiqamətdə yönəltmək imkanı və icazəsi olmadığına görə məsələ yubandı. Çünki söhbət burada tək Ermənistandan getmir. İrəvanın arxasında olan qüvvələr, ölkələr bu məsələdə də istiqaməti dəyişirdilər. Ona görə də, bu, Azərbaycanın xarici siyasətinin təntətənəsi olmaqla yanaşı, həmin qüvvələrin Ermənistan, bütövlükdə region üzərində məğlubiyyəti deməkdir”.
Millət vəkili hesab edir ki, Azərbaycanın sülh mövqeyinin alternativi olmadığı bir daha isbat olundu:
“Qazaxın kəndlərinin geri qaytarılması siyasi cəhətdən böyük çəkiyə malikdir. Regionun strateji əhəmiyyətini nəzərə alsaq, burada əsas istiqamətlər də aydın görünür. Sülh də məhz bu strateji regiondan başlayır. Bu o deməkdir ki, dünya bu reallığı qəbul etməlidir və edir. Məsələyə dərhal ABŞ, Avrop Birliyi, BMT və müxtəlif ölkələrdən verilən reaksiya da bunu təsdiq edir. Bu, eyni zamanda Azərbaycanın nə dərəcədə əhəmiyyətli ölkə olması faktoru kimi də qiymətləndirilir”.
Səməd Seyidova görə, Azərbaycanın regional və qlobal müstəvidə olan mövqeyi fonunda Avropa Şurasında da mövcud məsələləri həll etmək istəyirlər:
“Aqressiv və irqçi azlıq Azərbaycanın əhəmiyyətini başa düşən çoxluğa qarşı faktiki olaraq mübarizə aparır. Faciə odur ki, Azərbaycana qarşı olan qrupun aqressiv, irqçi davranışı çoxluğun mövqeyinə də təsir edir. Ona görə də, kəndlərin siyasi müstəvidə qaytarılmasının əhəmiyyəti daha çox vurğulanmalıdır. Beləliklə, həmin qüvvələrin də istəkləri, niyyətləri alt-üst olacaq”.