Zəngəzur dəhlizi məsələsi həllini tapıb, çünki Ermənistan Baş naziri Nikol Paşinyan yolun açılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə vəd verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan bildirib.
“Azərbaycan prezidentinin son bəyanatlarından sonra hər şey aydınlaşdı. Artıq Azərbaycan prezidentinin sülh sazişini imzalamaq üçün qarşımıza hansı siyahını qoyduğu bəllidir. Əminəm ki, müqavilədə başqa məsələlər də var. Azərbaycanlılar artıq Ermənistandan cavab gözləyirlər”, - sabiq nazir deyib.
Oskanyan qeyd edib ki, məsələlərdən biri Avropa İttifaqı (Aİ) missiyasının şərti sərhəddən çıxarılması ilə bağlıdırsa, digəri dəhliz mövzusudur:
“İndi Əliyev həll edildiyi üçün bundan danışmağa ehtiyac duymur. Dəhliz artıq əlçatandır, Paşinyan özü vəd verib”.