22 May 19:26
1 686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq xarici işlər naziri Elmar Məmmədyarov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Elmar müəllim, Azərbaycanla Ermənistan arasında sülh müstəvisində danışıqlar prosesi davam edir. Müsbət nəticələr var. Amma kənar təsirlərin də rolu az deyil. Daha çox da kilsənin siyasi hakimiyyətə qarşı çıxmasında kənar faktorların olduğu deyilir. Sizcə, din faktoru ilə mövcud hakimiyyətə təzyiq Ermənistanın indiki davranışlarına nə kimi təsir edə bilər?

- Bir çoxları bunun arxasında ABŞ-ın, İranın olduğunu iddia edir. Ermənistanda isə kilsənin Rusiya tərəfindən hərəkətə gətirildiyini bildirirlər. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəis müavini də bu günlərdə İrəvanda səfərdə olub. Görünən odur ki, Azərbaycanla sülh müstəvisində aparılan danışıqlarda Ermənistana kimlərsə, təsir etmək istəyindən israrla imtina etmir. Burada üçüncü qüvvələr faktorunu unutmaq olmaz. Böyük ölkələr və təşkilatlar ABŞ, Rusiya, Avropa İttifaqında olan Fransa bu prosesdə yer almağa, mövqe sərgiləməyə çalışır. Çünki Avropa İttifaqının digər ölkəsi olan Almaniya bu proseslərə müdaxilə etmir, tərəf tutmur. Hətta Almaniya kansleri Olaf Şolz Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşün vasitəçi və tərəf kimi yer almayıb. O yalnız məkan sahibi kimi görüşü təşkil edib. Əslində bu düzgün yanaşmadır. Daha sonra Qazaxıstanda Azərbaycan və Ermənistan Xarici işlər nazirləri Almatıda məhz bu müstəvidə görüşdü. Onlar da ancaq görüş üçün yer və imkan verdiklərini açıqladılar.

- Tərəflərin vasitəçi olmadan razılığa gəlməsi ilə bağlı iddialar mövcuddur. Bakı və İravan arasında uzun müddət mövcud olan düşmənçilik fonunda bunun mümkünsüzlüyü önə çəkilir...

- Almatı razılaşması ilə bağlı fərqli fikirlər səslənirdi. Bakıdan, İrəvandan olan açıqlamalar da birmənalı deyil. Burada ən yaxşı variant tərəflərin heç bir vasitəçi olmadan görüşüdür. Hətta heç bir ölkədə, yəni üçüncü bir məkanda görüşə ehtiyac yoxdur. Azərbaycan Ermənistan sərhəddində iki tərəfli qaydada görüşləri təşkil etmək daha effektiv olar.

- Sərhəd görüşlərinin effektiv olacağı ilə bağlı ehtimallar nədən ibarətdir?

- Bunun üçün artıq president var. Delimitasiya və demarkasiya ilə bağlı komissiyaların görüşü də iki ölkənin sərhəddində baş tutub. Bu görüşlər əslində elə iki ölkənin sərhəddində baş tutmalıdır. Çünki nəyin harada olduğunu qarşı tərəf də görməlidir. Sülh sazişi ilə bağlı da heç bir vasitəçi olmadan effektiv müzakirələr aparmaq mümkündür. Beləliklə, prosesə heç kəs də maneə ola bilməyəcək. Bu olduqca önəmli bir faktordur.

- Sülh danışıqlarda yer almağa çalışan əsas tərəflər kimlərdir?

- Moskva, Brüssel, Paris və Vaşinqtonun məqsədi prosesi yaxından izləməkdir. Cənubi Qafqazda hansı hadisələrin baş verməsi onları həddindən artıq çox maraqlandırır. Hazırda sərhədlərin delimitasiyası ilə bağlı proses gedir və erməni tərəfi daha çox 1970-ci illərin, konkret olaraq 1976-cı ilin keçmiş sovet xəritələri əsasında sərhədlərin dəqiqləşməsində iddialıdır.

- Paşinyana qarşı olan etirazlar fonunda Azərbaycanla Ermənistan arasında sərhədlərin tam olaraq delimitasiya və demarkasiyasını aparmaq mümkün olacaqmı?

- Ermənistan müstəqillik tarixində iki problemlə üzləşib. Bunların biri aqressiv erməni diasporasıdır. İkinci təxribatçı qüvvə isə Ermənistan daxilində uzun illər oturuşmuş kilsə faktorudur. Din dövlətdən ayrı olmalıdır. Bir çox dünya ölkələrində bu amil məhz belə təsbit edilib. İrəvanın dinin, yəni kilsənin siyasətdən uzaq tutmaq niyyəti burada əsas şərtdir. İndiki iqtidar bunu bacaracaqsa, prosesləri irəliyə apara biləcəklər.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər