Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Tofiq müəllim, Azərbaycanla Ermənistan arasında Qazaxın 4 kəndinin təhvil verilməsindən sonra sülh müstəvisində proseslərin davam etdiyi açıqlanıb. Nikol Paşinyan da sülhə bağlı müsbət fikirlər səsləndirib. Sizcə, real müstəvidə tərəflər sülhə nə dərəcədə yaxındırlar?
- Hazırda vəziyyət olduğu kimi qalır. Ermənistan tərəfindən verilən açıqlamalar danışıqlarla bağlı deyil. Bu, daha çox daxili vəziyyətlə əlaqəlidir. Çünki Azərbaycanla Ermənistan arasında sərhədlərin dəqiqləşməsi ilə bağlı hələ görüləsi çox iş var. Sərhədlərin müxtəlif hissələrinə aid yanaşmalar fərqli ola bilər. Hətta ayrı-ayrı illərin xəritələrindən istifadə də mümkündür. Bu mənada Azərbaycanın mövqeyi dəyişməyib.
- Paşinyan sülhlə bağlı fikirlərində nə dərəcədə səmimidir? Vaxtilə “Qarabağ Ermənistandır” deyən bir şəxsin indi “sülh göyərçini” kimi görünməsinə necə inanmaq olar?
- Bəzən ölkəmizdə də Paşinyanın yanaşmalarına qiymət verərkən onun “sülh” tərəfdarı olması ilə bağlı fikirlər səslənir. Bu məsələyə dair heç də birmənalı yanaşma olmamalıdır. Unutmaq olmaz ki, 6 il ərzində Azərbaycan qarşı işğalçı siyasəti təbliğ edib, həyata keçirməyə çalışan məhz Paşinyan olub. Onun işğalçı siyasəti nəticəsində minlərlə Azərbaycan əsgəri şəhid olub. 2020-ci ilin yayında Tovuz istiqamətində məhz Paşinyanın rəhbərliyi ilə həyata keçirilən təxribat nəticəsində Azərbaycanın generalı, bir neçə yüksək rütbəli zabiti şəhid olub. 2020-ci ildən sonra Ermənistan büdcəsindən Azərbaycan ərazisində mövcud olmuş qondarma, separatçı rejimi saxlamaq üçün 1 milyard dollardan çox vəsait ayıran da Paşinyan idi. Sadəcə olaraq indiki halda Ermənistan baş nazirinin bəzi fikirlər səsləndirməsi məhz Azərbaycan dövlətinin ona göstərdiyi təzyiq nəticəsində baş verir. Hazırda da elə görüntü yaratmağa çalışırlar ki, guya torpaqlarından pay verirlər və s. Amma əsl həqiqət elə deyil. Vaxtilə Ermənistan tərəfindən işğal edilmiş torpaqlar geri qaytarılır. Ona görə də, bəzi şərhçilər yaxın keçmişi yaddan çıxarmasınlar. O postda Paşinyan və qeyrisinin olmasının Azərbaycan üçün heç bir fərqi yoxdur. Çünki Azərbaycan nəyə nail olursa, bu, dövlətimizin fəaliyyətinin nəticəsində baş tutur.
- Zəngəzur dəhlizi ilə bağlı məsələlər sanki gündəmdən çıxıb. Ara-sıra Türkiyə tərəfindən dəhlizin 2028-2029-cu illərdə açılmasına dair fikirlər eşidilir. İran üzərindən Naxçıvana əldə ediləcək çıxış fonunda Zəngəzurdan keçəcək dəhlizin arxa plana keçməsi hansı məntiqə əsaslanır?
- Bu məsələdə Azərbaycanın strateji məqsədləri bəllidir. Açıq şəkildə göstərilib ki, Azərbaycan qanunsuz olaraq iki yerə bölünüb. Bu anormal vəziyyəti bu və ya digər yollarla aradan qaldırmaq lazımdır. Sadəcə bu istiqamətdə müəyyən mövzuların səslənməsi vaxt tələb edir. Bunlar da mərhələli şəkildə icra olunacaq. Zəngəzur dəhlizi və Azərbaycanın iki hissəsinin təhlükəsizlik və eksterial bağlantısının təmin olunması strateji məqsəddir. Buna nail olmaq üçün siyasi iradə nümayiş edilir. İran üzərindən Naxçıvana olacaq çıxış isə normal bir prosedurdur. Nə qədər çox bağlantı olsa, bu, bir o qədər yaxşıdır. Burada hər hansı bir problem yoxdur. Araz çayı üzərindən tikilən körpülər də zaman etibarilə lazım olacaq. Bu bağlantıların hamısının istifadəsi bu və ya digər hallarda Azərbaycan üçün mütləqdir.
- Rusiyanın Qarabağ bölgəsində konsulluq açması ilə bağlı verilən açıqlamanın mahiyyəti nədən ibarətdir? Xankəndidə konsulluq açmaqla Rusiya nəyə nail olmaq istəyir?
- Konsulluğun harada, necə açılması Azərbaycanın daxili işidir. Bununla bağlı rəsmi müraciət və ona razılıq olmalıdır. Bu məsələdə Azərbaycan Ermənistanla müqayisədə fərqli mövqedədir. Əslində, o bölgədə diplomatik nümayəndəliyin olmasına ehtiyac yoxdur. Orada konsulluğun nə iş görəcəyi maraqlıdır... Kəşfiyyatla məşğul olmaq üçün bu bölgənin seçilməsi də gülüncdür. İndi müasir texniki vasitələrlə istənilən məlumatı əldə etmək olur. Azərbaycan vətəndaşları belə öz ata-baba ocaqlarına, Xankəndiyə qayıtmadığı halda rus konsulluğunun orada nə işlə məşğul olacağı da suallar yaradır. Bölgəyə nə turist, nə də ki Rusiya vətəndaşlarının axını yoxdur. Ona görə də, bu, səhv şəkildə ifadə edilən, başa düşülən məsələdir. Burada Ermənistanla aparılan müqayisə də diqqətdən yayınmamalıdır. Çünki erməni tərəfi orada konsulluğun açılmasını özlərinin absurd təhlükəsizliyini təmin etmək üçün istəyir. Buna isə ehtiyac yoxdur. Gələcəkdə Ermənistanla Azərbaycan arasında qarşılıqlı şəkildə əhalinin qayıtması nəzərdə tutulsa, bu halda o tərəflərdə müəyyən ölkələrin konsulluğunun olması bizim maraqlarımıza uyğundur. İndiki halda Rusiya parlamentində konsulluğun açılması ilə bağlı səslənən mövqe yersizdir. Bu istiqamətdə diplomatik işlər görülməlidir. Qanunverici deyil, icraçı orqanlar bu məsələyə qiymət verməlidir. Əslində Rusiya parlamentində diplomatik mövzuya aid mövqeyin səslənməsi prosedururn pozulması deməkdir.