“Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda III Beynəlxalq Minatəmizləmə Konfransı Zəngilanda başlayıb Bakıda sona çatdı. Bu, ölkəmiz üçün son dərəcə həssas və ağrılı məsələdir. Xüsusən də noyabrda ev sahibliyi edəcəyimiz COP29 tədbiri öncəsi ətraf mühitə ağır zərbələr vuran minaların təmizlənməsi məsələsinin müzakirəyə çıxarılması yüksək qiymətləndirilməlidir. Çünki bu, yalnız insanlığa, yaşamaq hüququna qarşı deyil, eyni zamanda ətraf mühitin çirklənməsi və "yaşıl gələcək" ideyasının məhvi ilə nəticələnən dəhşətli terrordur.
Teleqraf.com xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camal deyib.
O bildirib ki, Azərbaycanın adı mina və partlamamış hərbi sursatlardan əziyyət çəkən ölkələr siyahısında əhalisinin sayına və ərazisinə görə demək olar, ön yerdədir:
“Otuz illik işğal və 44 günlük müharibədən 2023-cü ilin 20 sentyabrında keçirilən anti-terror tədbirlərinə - erməni separatizminin məhvinə qədərki müddətdə bölgədə ermənilər tərəfindən 1,5 milyondan çox mina basdırılıb. Bu, Azərbaycan ərazisinin 12 faizinin minalar və partlamamış sursatlarla çirklənməsi deməkdir. Bu ərazilər kənd təsərrüfatı üçün yararlı torpaqların 28 faizini təşkil edir. Prezident İlham Əliyevin sözügedən konfrans iştirakçılarına ünvanladığı məktubda qeyd etdiyi kimi, mina və partlamamış hərbi sursatlar hələ də dünyanın bir çox ölkəsində insan təhlükəsizliyini təhdid edən kəskin problemlərdən biridir. Müharibə bitdikdən on illər sonra belə insanların həyatını təhlükəyə atmaqla yanaşı, minalar sosial-iqtisadi inkişafa, ətraf mühitə, mədəni irsə, münaqişədən sonrakı bərpa və inkişaf təşəbbüslərinə ciddi maneələr yaradır. Azərbaycan uzun illərdir ki, bu problemin həll yollarını axtarlr. 44 günlük müharibədən sonra Azərbaycan-Ermənistan danışıqlarının əsas istiqamətlərindən biri mina xəritələrinin verilməsi olub. Bəzi hallarda danışıqların nəticəsi olaraq mina xəritələrinin verilməsi baş tutub, lakin bu xəritələrin cəmi 25 faizi düz olub - Ermənistan bu məsələdə də verdiyi sözü tutmayıb. Hətta bir müddət öncə mina xəritələrinin hamısının Azərbaycana verildiyini iddia etsələr də, xəritələr hələ də rəsmi İrəvan tərəfindən gizlədilir, yaxud dəqiq məlumatlar verilmir. Ermənistanın mina xəritələrindən təzyiq vasitəsi kimi istifadə etməyə çalışır”.
Politoloq xatırladıb ki, düşmən ölkə 44 günlük müharibədən sonra mina xəritələrini Azərbaycan ərazisində terror fəaliyyətlərinə görə həbs edilən erməni hərbçilərin geri alınması üçün istifadə edirdi:
“Hətta 2021-ci ildə Baş nazir Nikol Paşinyan özü bildirmişdi ki, bütün mina xəritələrini verməyə hazırdırlar, əvəzində erməni terrorçuları qaytarsınlar. Bu, təsdiq edir ki, Ermənistan beynəlxalq müstəvidə humanizm prinsiplərinin ən həssas amillərindən olan mina məsələsindən siyasi məqsədlər üçün istifadə edir”.
A.Camalın sözlərinə görə, Ermənistanın mina terrorunun ümumi hədəfini isə işğal dövrü və sonrası olmaqla iki hissəyə ayırmaq olar:
“İşğal dövründə hədəf Azərbaycan Ordusunun irəliləməsinin qarşısını almaq idi. 44 günlük müharibədən sonra isə azad olunmuş ərazilərin bərpasını və insanların evlərinə qayıdışını çətinləşdirməkdir. Ermənistan tərəfi nə qədər sülhdən danışsa da, onlar bir gün bölgədə siyasi vəziyyətin dəyişə biləcəyinə hələ də ümid edirlər və istisna edilməməlidir ki, vəziyyətin dəyişməsindən istifadə edərək, ərazi iddialarını yenidən rəsmi şəkildə irəli sürə bilərlər. Bunu mayın 28-də Xocalı sakinləri ilə görüşdə Prezident İlham Əliyev də dilə gətirdi. Fikrimcə, mina xəritələrinin verilməməsi də işğalçılıq mahiyyəti daşıyan siyasətin - bütövlükdə antihumanizm və terrorçuluğun tərkib hissəsidir.
Ən dəhşətlisi isə beynəlxalq ictimaiyyətin Ermənistanın mina terroru qarşısında susqunluq nümayiş etdirməsidir. Azərbaycanı vaxtilə Qarabağı “blokada”da saxlamaqda ittiham edənlər, humanizmdən danışan təşkilatlar və ölkələr mina terroru ilə bağlı nəinki rəsmi İrəvana təzyiq etməyib, ümumiyyətlə, bu haqda danışmırlar. 1991-ci ildən indiyə qədər Azərbaycan torpaqlarında Ermənistanın mina terrorunun 3400-dən çox qurbanı olub. 44 günlük müharibədən sonra isə 361 nəfər vətəndaşımız mina terrorundan əziyyət çəkib. Onların 68-i, aralarında 2 jurnalist həmkarımız olmaqla, həlak olub, 293-ü ağır yaralanıb. Humanizmdən bəhs edən dünya birliyi isə 30 il ərzində torpaqlarımızdakı erməni işğalına susduğu kimi, indi də mina terrorunu gözardı edir.
Ən ağır və ağrılı bir məqamsa odur ki, minalanmış ərazilərin təmizlənməsi işində də Azərbaycana dəstək verilmir. Hesablamalara görə, azad edilmiş ərazilərin minalardan təmizlənməsi üçün 30 ilə yaxın müddət və 25 milyard dollardan çox vəsait lazımdır. Azərbaycan minaların təmizlənməsi və azad edilmiş ərazilərin bərpası işini təkbaşına həyata keçirmək məcburiyyətindədir. Bu çətin işdə qardaş Türkiyə başda olmaqla bir neçə ölkədən başqa Azərbaycana ciddi dəstək verən demək olar, yoxdur”.
Onun sözlərinə görə, Azərbaycan mina terroru ilə bağlı davamlı olaraq beynəlxalq birliyi məlumatlandırır:
“Bunu əslində dünyanın susmuş vicdanının oyandırılması uğrunda mübarizə də adlandıra bilərik. Zəngilan şəhərində keçirilən beynəlxalq konfransın məqsədlərindən biri də budur. Bu konfransın Zəngilandan – azad olunmuş ərazilərdən başlaması xüsusilə əhəmiyyətlidir. Bununla beynəlxalq ictimaiyyətin diqqətini mina terroruna daha çox çəkə, eyni zamanda, işğal dövründə erməni vandalizminin vurduğu ziyanı əyani şəkildə göstərə bildik. Konfrans iştirakçılarının, xüsusən əcnəbilərin Zəngilan məscidini və yenidən qurulmuş digər obyektləri ziyarət etməsi bu kontekstdə çox əhəmiyyətlidir. Bu, beynəlxaq aləmə bir mesajdır ki, Azərbaycan 30 il ərzində faktiki xarabazara çevrilmiş, daşı daş üstündə qoyulmamış əraziləri işğaldan azad etməklə orada normal həyatı bərpa etmək istəyir. Bu torpaqlarda insanlar üçün təhlükəsiz və rahat şərait yaratmaq istəyir. Bu istəyin qarşısını alan amil Ermənistanın mina terrorudur. Bu terrora nəhayət, son vermək üçün Ermənistan durdurulmalı, beynəlxalq hüquqa hörmət prinsipləri prioritet olmalıdır”.