“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- ABŞ Prezidenti Co Bayden Bakıda keçirilən Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin iştirakçılarına maraqlı məktub ünvanladı. Amerika lideri yazır ki, sülh sazişi Cənubi Qafqazı və Azərbaycanın regiondakı rolunu əsaslı şəkildə dəyişəcək, ABŞ bu cəhdi dəstəkləməyə hazırdır. Baydenin bu mesajını necə şərh etmək olar, nəyə eyham vurur?
- Bayden ona eyham vurur ki, Amerika sülh müqaviləsinin ən qısa vaxtda imzalanmasında maraqlıdır, Rusiyadan fərqli olaraq vasitəçilik iddiası da yoxdur. Üstəgəl, artıq etiraf edirlər ki, Azərbaycan bölgənin lider dövlətidir, sülh müqaviləsi imzalansa, liderliyi daha da güclənəcək. İlk dəfədir bu cür fikir dilə gətirirlər. Baydenin bu dəfəki məktubu ilə ötən il həmin tədbirə göndərdiyi məktubu müqayisə elədim. ABŞ prezidenti keçən ilki məktununda daha çox enerji əməkdaşlığından danışmışdı, bu dəfə isə vurğunu sülh və əməkdaşlığa yönəldib. Baydenin bu məktubunu müsbət qiymətləndirmək olar.
Hesab edirəm ki, Azərbaycan sülh müqaviləsi imzalanmadan da bölgədə liderliyini təsdiqləyib. Amerika da sadəcə bunu etiraf edir.
- ABŞ və Türkiyə arasında artan təmasların da əsas mövzularından biri Cənubi Qafqazda sülhdür. Xarici işlər nazirləri Hakan Fidan və Entoni Blinkendən sonra prezidentlərin müşavirləri də bu haqda maraqlı müzakirə apardılar. ABŞ və Türkiyənin Cənubi Qafqazla bağlı artan fəallığı nə ilə əlaqəlidir?
- Türkiyə ABŞ ilə birlikdə NATO-nun üzvüdür. Əlbəttə, zamanla münasibətlərdə müəyyən problemlər ortaya çıxır, amma tərəfdaşlıqdan da qopmurlar, müxtəlif məsələlər üzrə dialoq davam edir. Hakan Fidan xarici işlər naziri təyin edildikdən sonra bu dialoq daha da genişlənib. Hakan Fidan tez-tez Blinkenlə görüşür, telefonda danışır, fikir mübadiləs aparır. Hesab edirəm ki, bunun Cənubi Qafqaz və Azərbaycana da faydası var. Üstəgəl, ABŞ Türkiyənin bölgədə artan rolunu da qəbul etmək məcburiyyətindədir. Yəni bu cür təmaslar və dialoqun Azərbaycana da xeyri var.
Orta dəhliz layihəsi də mövcuddur ki, Azərbaycan və Türkiyə burada iştirak edir. Amerikanın bu layihəyə də dəstəyi var. Bu baxımdan, hesab edirəm ki, Hakan Fidan və Blinken arasında artan təmasların müsbət bəhrələrini görəcəyik.
Amerika həqiqətən də bəzi dövlətlərdən fərqli olaraq, bölgədə sülh, sabitlik və əməkdaşlığın formalaşmasını istəyir. Elə dövlət və mərkəzlər var ki, Azərbaycanla Ermənistan arasında sülhdə maraqlı deyillər. Məsələn, Rusiya və İrandakı mərkəzlər, Fransa... Amma ABŞ bir az fərqli siyasət yürüdür. Eyni zamanda, ABŞ anlayır ki, Cənubi Qafqazda Türkiyə üzərindən də möhkəmlənmək olar. Bütün hallarda ABŞ ilə Türkiyə arasındakı sülh əməkdaşlığının bölgə üçün faydası var.
- ABŞ-nin müttəfiqi Avropa Birliyi də Vaşinqtonla eyni mövqedədir?
- Hesab edirəm ki, Avropa Birliyi də böyük ölçüdə Cənubi Qafqazda sülh və əməkdaşlıqda maraqlıdır. Avropa Birliyi vasitəçilikdə də israrlı deyil. Düzdür, əvvəllər Avropa Birliyinin rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə liderlərin görüşləri keçirilib, amma sonra aydın oldu ki, Azərbaycan və Ermənistanın bu vasitəçiliyə ehtiyacı yoxdur. Təəssüf ki, Avropa Birliyinin bəzi qərarları ziddiyyətli oldu. Məsələn, Ermənistana missiya göndərməyin heç bir mənası yox idi. Bu, bölgədə gərginliyi artırdı, üstəgəl, nəylə məşğul olduqları da bəlli deyil.
Ermənistana missiyanın göndərilməsi və Avropa Parlamentinin qərəzli sənədləri də Avropa Birliyinin vasitəçiliyinə də kölgə saldı. İndiki məqamda Avropa Birliyi ABŞ kimi bölgədə sülh və əməkdaşlıqda maraqlı olsa da, tərəflərin vasitəçilərə ehtiyacları yoxdur.
- Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin iddia edir ki, Avropa Birliyinin Ermənistandakı mülki missiyası NATO missiyasına çevrilir. Həmçinin diplomat deyir ki, bu missiya Azərbaycan, Rusiya və İrana qarşı kəşfiyyat məlumatları toplamaqla məşğuldur. Qaluzinin bu iddiaları nə qədər əsaslıdır?
- Qaluzinin bu açıqlaması əvvəlki bəyanatlarından fərqlənir. Rusiya rəsmilər əvvəllər deyirdilər ki, ancaq Rusiyaya qarşı kəşfiyyat məlumatları toplayırlar. İndi bura Azərbaycan və İranı da qatıblar. Görünür, Rusiya bu məsələdə Azərbaycan və İranı yanında görmək istəyir. Əlbəttə, Azərbaycan da bu missiyanın fəaliyyətini mənfi qiymətləndirir. İrandan da müəyyən etirazlar oldu. Amma Azərbaycan Rusiya qədər bu missiyanın üzərinə getmir, çünki Avropa Birliyi ilə tərəfdaşlığımız var. Rusiya Ukraynadakı müharibəyə görə Avropa Birliyi ilə bütün körpüləri yandırıb.
Hesab edirəm ki, sülh prosesi irəliləyər və müqavilə imzalanarsa, bu missiyanın əhəmiyyəti daha da azalacaq. Bunu Avropa Birliyinin rəhbərliyi də anlayır. Ara-sıra Avropa Birliyindən belə mesajlar da gəlir ki, sülh müqaviləsi imzalanarsa, missiyanın geri çağırılması məsələsinə baxıla bilər.
- Əslində, Rusiyadan da sülhlə bağlı müsbət açıqlamalar var. Amma Rusiyanın bütün açıqlamalarında vasitəçilik məsələsi qaldırılır. ABŞ və Avropa Birliyi bu məsələdən yan keçərkən, Rusiya niyə hələ də vasitəçilikdə israr edir və onun belə bir adla prosesə girmək imkanları nə qədərdir?
- Azərbaycan və Ermənistanın ABŞ və Avropa Birliyinin vasitəçiliyinə ehtiyacı olmadığı kimi, Rusiyanın da belə bir roluna ehtiyacı yoxdur. Rusiya israr edirdi ki, guya sərhədlər arxivlərindəki xəritələr əsasında müəyyənləşə bilər. Amma son anlaşmalar göstərdi ki, Bakı və İrəvanın bu məsələdə Rusiyanın xəritələrinə ehtiyacları yoxdur. Azərbaycan və Ermənistandakı xəritələr kifayətdir ki, sərhədlər müəyyənləşsin. Amma Rusiya yenə də israrla vasitəçiliyindən danışır. Çünki bölgəyə təsir imkanlarını itirmək istəmir. Rusiya başa düşür ki, Azərbaycan və Ermənistan birbaşa danışıqlarda müsbət nəticələr əldə etdikcə, bölgəyə təsir imkanları azalır. Buna görə vasitəçilikdə israrlıdır.
- Bakı və İrəvan sülhə çox yaxın olduğumuzu bildirsə də, imzalanma prosesinin yubandığını görürük. Gecikmənin mümkün səbəbləri nələrdir?
- Yubanma Ermənistan rəhbərliyinin Almatı bəyannaməsi ilə əlaqəli israrı ilə bağlıdır. İsrar edirlər ki, sülh müqaviləsində Almatı bəyannaməsinə istinad edilsin, sərhədlər bu əsasda müəyyənləşsin. Biz bununla razı ola bilmərik. Heç 1992-93-cü illərdə Azərbaycan ərazilərini işğal edəndə Almatı bəyannaməsi Ermənistanın yadına da düşmürdü. Azərbaycanın İkinci Qarabağ Müharibəsində qəsələbəsindən sonra bu bəyannamə yadlarına düşdüb.
Biz Almatı bəyannaməsinin əleyhinə deyilik, harada mümkündürsə, orada sərhədlər bu əsasda müəyyən edilə bilər. Məsələn, Qazax-Tavuş istiqamətində bu prinsiplə müəyyənləşdi. Amma sərhədlərin elə hissələri ola bilər ki, orada qarşılıqlı razılaşma olmalıdır.
Ermənistanın bu israrı sülh sazişinin imzalanmasına yeganə əngəldir. Ermənistan bu israrından vaz keçsə, müqaviləni yaxın aylarda imzalamaq mümkündür.