5 İyun 17:51
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış futbol mütəxəssisi Joze Mourinyonun Türkiyənin "Fənərbaxça" futbol klubunun baş məşqçi postuna gətirilməsi böyük ajiotaja səbəb olub. Türk futbol tarixində bunun mühüm bir mərhələ olacağına, yeni istiqamətlər açacağına dair proqnozlar verilir. Futbol cameəsi ilə yanaşı, ictimai-siyasi arenada da Mourinyonun Türkiyəyə gəlişi fərqli bir mənzərənin yaranması ilə müşahidə edilir. Bu addımdan sonra diqqətlər Azərbaycan futboluna yönəlib ki, bəs biz nə üçün belə bir addım atmayaq. Azərbaycanda futbolun indiki durumunu nəzərə alaraq tanınmış bir mütəxəssisin kluba və ya milli komandaya gətirilməsi nə kimi dəyişikliklərə səbəb olar?

Mövzu ilə bağlı Teleqraf.com-a danışan futbol şərhçisi Natiq Muxtarlı məsələnin hansısa mütəxəssisin gətirilməsi ilə əlaqəli olmadığını bildirib:

“Türkiyə və Azərbaycan futboluna gələn mütəxəssisləri və futbolçuları müqayisə edərkən öncə ölkədəki futbolun durumu ilə maraqlanmaq lazımdır. Bunlar müqayisə edilməlidir. Türkiyə futbolunun böyük azarkeş kütləsi mövcuddur. Həmçinin orada futbola böyük maraq, yayım, sponsor var. Azərbaycan futbolunda isə daxili çempionatın oyunları belə tamamilə boş tribunalar önündə keçirilir. Avrokuboklarda xaluqələr yaradan “Qarabağ” futbol klubu belə ölkə çempionluğu üçün mübarizə aparanda stadion bom-boş olur. Yəni Azərbaycan futbolunda daxili çempionata heç bir maraq yoxdur. Belə bir maraq özümüzdə olmadığı halda hansısa böyük mütəxəssisin gətirilməsi heç nə verməyəcək. Bu, böyük pul itkilərindən başqa heç nə vəd etmir”.

Futbol şərhçisinə görə, Mourinyonun “Fənərbaxça"ya gətirilməsi də əslində şouya hesablanıb:

“Mourinyo bir brenddir. Belə bir brendin komandaya gətirilməsi bilet satışı, sponsorlardan, yayımdan əlavə qazanc deməkdir. Sözsüz ki, bu baş məşqçi ilə “Fənərbaxça”nın nə əldə edəcəyi bir qədər şübhəlidir. Bununla bağlı birmənalı fikir yoxdur. Mourinyo gəlibsə, “Fənərbaxça” uğur qazanacaq - anlayışı da düz deyil. Zaman-zaman Türkiyə futboluna adlı-sanlı məşqçilər çox gəlib. Bundan öncə “Beşiktaş”a adlı-sanlı bir baş məşqçi gətirilmişdi. Uğursuz oldu deyə sonra necə deyərlər, urvatsız şəkildə yola salındı. Amma bütün bunların fonunda Mourinyonun gəlişindən “Fənərbaxça” divident əldə edəcək”.

Natiq Muxtarlı hesab edir ki, Azərbaycanda futbol kontekstində Türkiyəyə, ərəblərə baxıb müqayisə apara bilmərik:

“Öncə Azərbaycanda futbol qurulmalıdır. Futbol ölkəmizdə biznesə çevrilməlidir. Çünki futbol bir biznesdir. Təəssüf ki, bu biznes Azərbaycanda yoxdur. Bütün futbol klubları dövlətin ümidinə qalıb. Klubların hər birinə dövlət 2-3 milyon manat pul ayırır ki, onlar yaşasınlar. Bundan başqa klubların heç bir gəliri yoxdur. Yayım, futbolçu satışı mövcud deyil. Yalnız “Qarabağ” avrokuboklarda müəyyən uğur qazandıqdan sonra bəzi futbolçuları satıb pul qazanmağa başlayıb. Ona görə də, biznes qurulmadan, stadionlara tamaşaçı cəlb etmədən heç bir inkişafdan danışmaq olmaz. Azərbaycan futbolunun probleminin həlli böyük məşqçi, bahalı futbolçu gətirmək deyil. İlk növbədə ölkədə futbolçu yetişdirmək lazımdır. Bunun üçün isə infrastruktur qurulmalıdır. Faktiki bu gün ölkənin ikinci böyük şəhəri olan Gəncə futbol komandası stadionunun olmamasına görə, öz oyunlarını Bakıda, Tovuzda keçirir. Naxçıvanın klubu “Araz-Naxçıvan” da oyunlarını Bakıda oynayır. Eyni zamanda uşaq futbolu inkişaf etdirilməli, futbolçu yetişdirilməlidir. Beləliklə, biz öz məhsulumuzu təqdim etməliyik. Öz məhsulumuz olduqdan sonra mütəxəssis axtarmağa dəyər”.

Futbol yazarı Kənan Məstəliyev də hesab edir ki, Mourinyo kimi futbol mütəxəssislərinin Azərbaycana gəlmək ehtimalı yoxdur:

“Çünki bunun üçün zəruri şərtlər olmalıdır. Belə bir mütəxəssisin işləyəcəyi tələblər başqadır. İnfrastruktur, sistem formalaşmalıdır. Azərbaycan futbolunda belə bir şəraitin yaxın 5-6 ilə təmin edilməsi də gözlənilmir. Problem tək maliyyə ilə bağlı deyil. Hansısa Azərbaycan klubunun bir baş məşqçiyə 20 milyon manat verməsi də anormal hal olar. Buna ehtiyac da yoxdur. Çünki həmin mütəxəssisin qarşısına qoyulan hədəflər də o pula uyğun gəlmir. Mourinyonu gətirib “Neftçi”nin baş məşqçisi qoymaqla uzağı o, Azərbaycan çempionu ola bilər. Ölkə çempionu olmaq üçün isə hansısa məşqçiyə yüksək məbləğdə pul verməyə dəyməz”.

Kənan Məstəliyevə görə, Samir Abbasov kimi məşqçi ilə də ölkə çempionu olmaq mümkündür: “Amma hansısa klubun başına bir məşqçi gətirib onun qarşısına avrokuboklarda nəticə əldə etmək şərti qoyulursa, öncə bunu şərtləndirən şərait yaradılmalıdır. Müvafiq bazası, idarəetmə sistemi, infrastrukturu, şəraiti olan klublar formalaşmalıdır ki, hansısa mütəxəssisə bunu təqdim etmək mümkün olsun. “Qarabağ”dan başqa digər klubların belə bir imkanı yoxdur. Digər klublar eyni vəziyyətdədir. Həmçinin nəzərə almaq lazımdır ki, böyük futbol mütəxəssisləri heç də həmişə pula görə gəlmir. Mourinyonun da “Fənərbaxça"ya gəlişində şərtlər başqadır. Bununla yanaşı, Türkiyədə yüksək futbol ab-havası var. Böyük avropa ölkələrindən geri qalsa da, reallıq belədir. Misal üçün “Fənərbaxça”nın bir oyununa gələn azarkeş sayı Azərbaycanda əlli oyunda qeydə alınmır. Məhz bu reallıqlar bütün məqamlarda nəzərə alınır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər