MDB-nin yaranması barədə 1991-ci il 8 dekabrda Belovej müqaviləsi vardı. Həmin müqaviləyə Sovetlər ittifaqının tərkibindən çıxdığını bəyan edən Rusiya, Belarus və Ukrayna üzv idi. Sonradan digər respublikaların qoşulması üçün 1991-ci ilin dekabrında Almatıda görüş oldu. Almatı görüşü əslində sovet respublikalarının MDB-yə üzv olmasını təsdiqləyən mühüm beynəlxalq əhəmiyyətli sənəd rolunu oynadı.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Elşən Manafov deyib.
Onun sözlərinə görə, Almatı bəyannaməsinə imza atmış sovet respublikalarının bir müddət sonra müstəqilliyi beynəlxalq birlik tərəfindən tanınmağa başladı:
"Həmin bəyannaməyə imza atmış müstəqil respublikalar 1992-ci ilin martında BMT-nin tərkibinə daxil oldular. Bunu ona görə vurğulayıram ki, həmin bəyannaməyə imza atmış bəzi müttəfiq respublikaların, məsələn Gürcüstanın BMT-yə üzv olması məsələsi bir qədər ləngidi. Bu da Almatı müqaviləsinin əslində əhəmiyyətini bir daha qabardır. Amma digər amil ondan ibarətdir ki, Almatı bəyannaməsindən sonra Ermənistan-Azərbaycan arasında münaqişə daha da alovlanıb. Bu da Ermənistanın Azərbaycana ərazi iddiaları və təcavüzü nəticəsində baş tutub. Hər iki ölkə Almatı bəyannaməsinə qədər hansı ərazilər və sərhədlərlə beynəlxalq birlik tərəfindən qəbul olunmuşdularsa həmin sərhədlər Ermənistan tərəfindən kobudcasına pozulmuşdu. Məhz Almatı müqaviləsinin imzalanmasından sonra Ermənistanın Azərbaycana təcavüzü ərazilərimizin işğalı ilə nəticələndi. Azərbaycan İkinci Qarabağ müharibəsində həmin ərazilərin azad olunmasına, dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpa olunmasına nail oldu.
Azərbaycan tərəfi haqlı olaraq Ermənistana 1920-ci il respublikaların ərazi kontekstlərində deyil, 1918-1920-ci illərdə Azərbaycan və Ermənistanda mövcud olmuş cümhuriyyətlərin sərhədləri nəzərə alınmaqla yeni sərhədlərin müəyyən edilməsini təklif edir. Burada da sağlam məntiq və hüquqi düşüncə var. Çünki Ermənistan və Azərbaycan da özlərinin dövlət müstəqilliklərinin bərpa olunması barədə məlum konstitusiyaları aktlarını qəbul ediblər. Heç biri, nə onlar Ermənistan SSR-nin, nə biz Azərbaycan SSR-nin varisi deyilik. Tərəflər 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan və Ararat cümhuriyyətlərinin varisləri olduqlarını bəyan edirlər. Bu kontekstdən məsələlərə yanaşsaq, o zaman Ermənistanın ərazisi 29.7 kv kilometr deyil, 9 min kv kilometr olmalıdır. Azərbaycan bunun da üstündən keçir. Çünki həmin ərazilər sovet dönəmində, təbii ki, Moskvanın təzyiqləri nəticəsində Ermənistana güzəştə gedilmiş ərazilər idi. Bütün bunların müqabilində Azərbaycanın Almatı bəyannaməsindən sonra baş vermiş ərazi dəyişiklərinə münasibətdə təklifləri Ermənistan tərəfindən qəbul olunub.
Ermənistan əslində Qərbdən bəlli olan ismarışlar nəticəsində hazırda Azərbaycanla sülh müqaviləsinin imzalanması, proseslərdən yayınmaq və bunları yubatmaq istəyir. Yubatmaqda da məqsəd təbii ki, Ukraynada bəlli münaqişənin Qərbin xeyrinə qurtaracağı təqdirdə Cənubi Qafqazda da geosiyasi konfiqurasiyanın dəyişdirilməsi ilə bağlı Qərbin Ermənistana bəlli ismarışları olacaq. Ermənistan həmin əlverişli məqamı gözləyir. Əminəm ki, Qərbdən olan ismarışları yerinə yetirir”.