Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə həmin sənəd qüvvəyə minmir. Bu sənəd Ermənistan parlamentində, konstitusiya məhkəməsində qəbul edilməlidir. Proses məhz bu cürdür. Azərbaycan Prezidenti də haqlı olaraq xəbərdarlıq edib. Çünki bu proses Ermənistan Konstitusiyasında dəyişiklik olmadan tamamlana bilməz.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Rasim Musabəyov deyib.
“Daxili qanunvericilik imzalanacaq sülh müqaviləsində olan öhdəliklərdən üstün ola bilməz anlayışı gündəmə gətirilib. Erməni tərəfi də buna istinadən danışır. Sözsüz ki, bu kifayət etmir”, - deyə o əlavə edib.
Deputat bildirib ki, sülh müqaviləsi Ermənistan qanunvericiliyinə uyğun olaraq konstitusiya məhkəməsinə göndərilməlidir: “Orada isə ənənəvi olaraq erməni sayağı, ikibaşlı şərhlər veriləcək. Vaxtilə Surix protokoluna qarşı da bu hal yaşanmışdı”.
Millət vəkili hesab edir ki, Azərbaycanla erməni tərəfinin bu cür oyunları işə yaramayacaq:
“Təbii ki, Nikol Paşinyan hazırkı durumda konstitusiya dəyişikliyi üçün referendum çağırmaq iqtidarında deyil. Ermənistanın müstəqillik aktında olan əsassız iddiaların konstitusiyadan çıxarılması təklifi irəli sürülsə, Paşinyanın əleyhidarları referendumu boykot edəcək. Ona görə də, Ermənistan hakimiyyəti bunun başqa yollarını tapmalı, konstitusiya məhkəməsi ilə işləməlidir”.
Rasim Musabəyov ATƏT-in Minsk qrupu ilə bağlı olan məsələyə də toxunub:
“Azərbaycan Minsk qrupunu öz ərazisinə buraxmır. Bakı üçün bu qrum yoxdur. Çünki onlar diplomatik turizmdən başqa heç nə ilə məşğul olmayıb. Ona görə də, Azərbaycan və Ermənistanın birgə müraciəti ilə bu məsələ həllini tapmalıdır. Söhbət tək kağız üzərindən olan həmsədrlikdən getmir. Boş-boş işlərlə məşğul olmaq üçün hər il ATƏT-in büdcəsindən onlara vəsait ayrılır. Əgər Minsk qrupuna ayrılan vəsaiti dayandırmaq mümkün olmasa, Azərbaycan ATƏT-in bütün büdcəsinə veto qoyacaq”.