“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- ABŞ dövlət katibinin müavini Ceyms Obraynın Ermənistan səfəri hansı məqsədi daşıyırdı? Obraynın gəlişinin Nikol Paşinyan hökuməti üçün həssas bir dönəmə təsadüf etməsi, eləcə də onun burada Ermənistanla ABŞ arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın artırılmasına yönəlik bəyantlar verməsi ilə diqqət çəkdi. Nə baş verir?
- Vaşinqtonla İrəvan arasında dialoq getdikcə genişlənir. Vaşinqtonun emisarlarını Ermənistana göndərməkdə bir neçə məqsədi var. Birinci məqsədi budur ki, Rusiyanın Ermənistana təsir imkanları azalsın. İrəvana da göstərmək istəyirlər ki, ABŞ onun “müstəqil xarici və təhlükəsizlik siyasəti”ni dəstəkləyir, bu dəstəyini də artırmağa hazırdır. Problem ondadır ki, Ermənistan iqtisadi sahədə Rusiyadan asılıdır. Bu asılılığı azaltmaq da, Amerikanın əlində deyil. Amerika qonşu deyil ki, Ermənistanla iqtisadi-ticari əlaqələrini genişləndirsin. Məsələn, Ermənistan Rusiya bazarında satdıqlarını Amerikada sata bilməz. ABŞ obyektiv səbəblərə görə bu məsələni həll edə bilmir. Amma kreditlərin ayrılması, təhlükəsizlik sahəsində əməkdaşlıq mümkündür.
Vaşinqton Paşinyanın hakimiyyətini itirməsini istəmir, ona dəstəyini davam etdirir. Çünki bilirlər ki, Paşinyan devrilərsə və ya öldürlərsə, onun yerinə gələnlər yenidən Rusiya ilə ittifaqa qayıdacaqlar. Bu səbəbdən də, Paşinyanın hələ uzun müddət hakimiyyətdə qalmasına çalışırlar. Vaşinqtona görə, hələ Paşinyanın görəcəyi işlər var. Buna görə də Obrayn, Bono və digərləri gəlir, dialoqu genişləndirirlər.
Bütün bunlar Moskvaya mesajdır ki, Vaşinqton İrəvanla tərəfdaşdır və bunu genişləndirməkdə davam edəcək.
Obraynın səfərində məqsədlərdən biri də, Azərbaycanla Ermənistan arasındakı dialoqu dəstəkləməkdir. Göstərmək istəyirlər ki, ABŞ bölgədə sülh, İrəvanla Bakı arasında müqavilənin imzalanmasını, Ermənistanın regional layihələrə qatılmasını istəyir. Əslində, Azərbaycan bunun əleyhinə deyil, yetər ki, sülh müqaviləsi imzalansın və Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olan amilləri aradan qaldırsın. Görünür, Obraynın bu istiqamətdə bilgi almağa ehtiyacı olub. Yəqin ki, İrəvanda tərəflər arasında bu məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
- Obrayn Cənubi Asiya və Mərkəzi Asiyadan keçəcək nəqliyyat dəhlizlərinin açılmasının önəmindən danışdı. Maraqlıdır ki, ABŞ perspektivdə nəzərdə tutulmuş dəhlizlərin hansı formada açılmasını istəyir və bu yöndə nə kimi həmlələri ola bilər? Xüsusən bizi maraqlandıran ABŞ-nin Zəngəzur dəhlizinə yanaşmasıdır.
- Amerika Çinlə rəqabət içindədir, ticarət məsələsində fikir ayrılıqları var. ABŞ Çin mallarına qarşı vergiləri artırıb, həmçinin Pekinin bölgədə hərbi qüdrətinin artmasından narahatdırlar. Çin Tayvanı özünə birləşdirmək istəyir, bundan narahat olan ABŞ prosesin qarşısını almağa çalışır. ABŞ bu məqsədlə Çinə qonşu olan ölkələrlə ittifaqlar qurur. Bura Hindistan, Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya daxildir. İndi Ukraynadakı müharibəyə görə Rusiya nə qədər əsas hədəf kimi görünsə də, Çin də əsas hədəflərdən biridir. Amerika Çini zəiflətməyin yollarını axtarır, hərbi gücünün qarşısını almağa çalışır.
Çin də bütün bunlara baxmayaraq, öz məhsullarını əvvəlki qayda ilə Avropaya ixarac edir. Çinin bunun üçün iki yolu var – biri Rusiya üzərindən keçən dəmir yoludur, digəri okeanlar üzərindən keçir. Yeni bir xətt də Orta dəhlizdir. Amerika da son dövrlərdə Orta dəhlizə maraq göstərməyə başlayıb. Bəllidir ki, ABŞ Çinin öz məhsullarını Avropaya nəqlinin qarşısını ala bilməz. Amma baxanda görürük ki, Orta dəhliz ABŞ-nin maraqlarına zidd deyil. Mərkəzi Asiya ölkələri də burada iştirak edir ki, Amerika onlarla sıx dialoq içindədir. Mərkəzi Asiya ölkələri ilə ABŞ arasında 5+1 formatı var.
ABŞ istəmir ki, Çin və Rusiyanın bu bölgədə təsir dairəsi daha da genişlənsin. Bu səbəbdən də ABŞ-nin Mərkəzi Asiyaya ciddi maraqları var, bu, Cənubi Qafqaza da aiddir. Orta dəhliz Çindən başlayan bir xətt olsa da, Mərkəzi Asiya ilə Çini birləşdirir. Amerika da bunda maraqlıdır ki, Rusiyanın nəqliyyat vasitələrindən istifadə etməkdənsə, Orta dəhlizdən istifadə edilsin. Burada Vaşinqtonun tərəfdaşlarının sayı da çoxdur. Məsələn, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri, Türkiyə və sair. Bir ABŞ rəsmisi – Obrayn da ad çəkmədən ilk dəfə bəyan etdi ki, bu nəqliyyat yolunu dəstəkləyirlər. Aydındır ki, bunu dedikdə Orta dəhliz nəzərdə tutulur.
Orta dəhlizin tam reallaşması üçün Zəngəzur dəhlizinin işə düşməsinə ehtiyac var. Düzdür, yüklər Orta dəhliz üzrə Bakı-Tiflis-Qars dəmir yolu ilə də çatdırıla bilər, amma ABŞ-nin başqa bir narahatlığı da var. ABŞ ondan narahat ola bilər ki, Zəngəzur dəhlizi işə düşməsə, Azərbaycan məcbur olub İrandan keçən Araz dəhlizindən istifadə edəcək. Bu, Amerikanın maraqlarına cavab vermir. Buna görə də, Zəngəzur dəhlizinin işə düşməsi Amerikanın maraqlarına cavab verə bilər. Amma ABŞ bunun üçün Ermənistan rəhbərliyini başa salmalıdır ki, maneələri qaldırsın.
- Ermənistan ordusunun Baş Qərargah rəisinin müavini Artur Yeroyan NATO Hərbi Komitəsinin Baş Qərargah rəisləri formatında keçirilən iclasına qatıldı. Bəs bu nədən xəbər verir, niyə Yeroyanı bu toplantıya çağırmaq zərurəti yarandı?
- Ermənistan bir neçə ildir NATO ilə əməkdaşlığa maraq göstərir. Ermənistan bu fonda Rusiya ilə hərbi əlaqələri minimuma endirib, KTMT-dən çıxmaq haqda düşünür. Artıq KTMT-ni maliyyələşdirməyi dayandıran Ermənistanın ilin sonu-gələn ilin əvvəlinə qədər bu təşkilatdan çıxması mümkündür. Hələlik qəti qərar verilməsə də, görünən budur ki, Ermənistan Rusiya ilə hərbi əməkdaşlıqda maraqlı deyil. Amma alternativ tapılmalıdır, alternativ də NATO-dur.
Ermənistan üçün çətindir, ancaq Azərbaycan bu məsələni rahat həll edə bildi. Biz ordumuzda NATO standartlarına ona görə sürətlə tətbiq edə bildik ki, bizim müttəfiqimiz Türkiyədir. O da NATO-nun ikinci ən böyük ordusudur. Biz artıq Türkiyə modelinə keçmişik, bunu Prezident İlham Əliyev də vurğulayıb. Ermənistan üçün çətindir, çünki hələ də KTMT-nin üzvüdür, illərlə Rusyadan silah-sursat və hərbi texnika alıb, ordusundakı zabitlərin mütləq əksəriyyəti keçmiş SSRİ və Rusiyanın hərbi akademiyalarının məzunlarıdır. İndi bunlardan qurtulmaq çətindir. Təsadüfi deyil ki, Nikol Paşinyan dəfələrlə ordudakı “5-ci kolon”dan danışıb. İndi qarşılarına məqsəd qoyublar ki, imkan daxilində NATO standartlarına keçmək lazımdır.
Artıq Ermənistanla NATO arasında təmaslar sıxlaşıb, alyansın təlimlərində də iştirak etməyə çalışırlar. Amma bunun nə qədər uğurlu olacağını demək çətindir. Bütün hallarda, ordunu qısa zamanda NATO standartlarına keçirmək çətin olacaq. Buna baxmayaraq, NATO ilə əməkdaşlığı genişləndirmək qərarını veriblər.
- Ermənistan Rusiya üçün həssas olan yerlərə üz tutur. Məsələn, NATO və ABŞ ilə hərbi-siyasi əlaqələrini dərinləşdirir, rəsmilərini Ukraynanın Buça şəhərinə göndərir və sair. Artıq Moskva Buça məsələsinə görə İrəvana nota verib. Ermənistan Rusiyanın qırmızı xəttini keçibmi, keçibsə, buna cavab necə olacaq?
- Rusiyanın qırmızı xətlərinin nə olduğuna baxmaq lazımdır. Əgər NATO ilə belə bir əməkdaşlıq qırmızı xətdirsə, bəli, keçilib. Amma Ermənistan hələlik KTMT-ni tərk etməyibsə, deyə bilərik ki, qırmızı xətlər aşılmayıb. Amma İrəvan artıq təşkilata maliyyə ayırmır. Belə deyə bilərik: keçməsələr də, qırmızı xəttə çox yaxınlaşıblar. Ermənistan KTMT-ni tərk etmək qərarı versə, o qırmızı xətti keçəcək. Amma bu xəttin keçilib-keçilməməsindən asılı olmayaraq, heç nə dəyişmir. Rusiya Paşinyandan xoşu gəlməsə də, onu devirə də bilmir. Çünki Ermənistan cəmiyyəti hələ də Paşinyanı dəstəkləyir. Rusiyanın imkanı olsaydı, Paşinyanı çoxdan devirərdi. Hələlik belə bir imkan və fürsət yoxdur.
Rusiyanın dəstək verdiyi “Qarabağ klanı” və separatçılar Ermənistanda böyük nüfuza malik deyillər. Keşiş Baqrat Qalstanyanın da mitinqlərinə çoxlu adam gəlmir, parlament müxalifəti də Paşinyanı devirə bilmir. Hələlik Paşinyan yoluna davam edir. Düzdür, bu yaxınlarda Rusiya İrəvandakı səfirini geri çağırdı, amma Paşinyan da geri addım atmadı, əksinə, Ermənistan rəsmilrəi Moskvanın ünvanına yenidən ağır ifadələr səsləndirdilər. Məsələn, spiker Alen Simonyanın Rusiyaya dedikləri ağır oldu. Moskva ondan da narazı qaldı ki, Ermənistanın Ukraynadakı səfiri Rusiya ordusunun qətliam törətdiyi iddia olunan Buça şəhərinə gedib. Moskva gördü ki, Paşinyanı dəyişə bilmir, səfiri yenidən qaytardı.
Hələlik Rusiya Paşinyanla yola davam etmək məcburiyyətindədir. Təmaslar və telefon danışıqları da davam edir. Rusiya alternativ tapa bilmədiyinə görə, Nikol Paşinyan hökuməti qırmızı xəttə çox yaxınlaşsa belə, onu dəyişə bilmir.