Üç il əvvəl - 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında bir sənəd imzalandı – Şuşa Bəyannaməsi. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın imzaladığı sənəd iki qardaş ölkənin münasibətlərini üst səviyyəyə - müttəfiqlik müstəvisinə qaldırdı. Beləliklə, müttəfiqliyimiz rəsmiləşdi, bəs ötən üç il bu baxımdan nə ilə yadda qaldı?
Politoloq Elxan Şahinoğlu Teleqraf.com-a açıqlamasında bu haqda danışıb.
Onun sözlərinə görə, bu bəyannamə Türkiyənin Azərbaycanla müttəfiqliyini rəsmiləşdirməklə yanaşı, Cənubi Qafqazdakı varlığını da təsdiqlədi:
“Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərini daha üst səviyyəyə qaldırdı. Əlbəttə, müstəqillikdən sonra qardaş Türkiyə ilə strateji tərəfdaşlıq münasibətləri qurmuşduq. Təəssüf ki, ötən illərdə müəyyən dövrlərdə münasibətlərdə gərginlik də yaşamışıq. Amma elə bir mərhələyə gəlib çatdıq ki, Türkiyənin Azərbaycana verdiyi dəstək də artdı, bu, özünü daha çox İkinci Qarabağ Müharibəsində göstərdi. Bundan sonra münasibətləri daha üst səviyyəyə qaldırmağa ehtiyac yarandı. Strateji tərəfdaşlıq və müttəfiqlik məhz bəyannamə və ya sazişlə rəsmiləşdirilməli idi, belə də oldu.
Şuşa Bəyannaməsi siyasi, iqtisadi, mədəni, hərbi və digər sahələrdə əməkdaşlığın inkişafını göstərən yol xəritəsidir. Bəyannamənin imzanmasından keçən üç ildə ikitərəfli əməkdaşlıq və münasibətlər daha da gücləndi, əlaqələr üst səviyyədədir. Hərbi-texniki sahədə əməkdaşlıq da inkişaf edir, Türkiyə ilə birgə texnika istehsalına başlamışıq.
Türkiyə və Azərbaycan türk dünyasının inteqrasiyasında da mühüm rol oynayır. Son üç ildə bu rol daha da genişlənib, Mərkəzi Asiya ölkələri də bu prosesə cəlb olunub. Yəni Şuşa Bəyannaməsi türk inteqrasiyası üçün də bir yol xəritəsidir.
Şuşa Bəyannaməsi Türkiyənin Cənubi Qafqazdakı varlığını göstərdi. Bundan sonra kimsə deyə bilməz ki, Türkiyə bölgə ölkəsi deyil. Türkiyə artıq Cənubi Qafqazda yerləşib, Şuşa Bəyannaməsi də bunu rəsmiləşdirdi. Bundan sonra Cənubi Qafqazda Azərbaycan və Türkiyə əleyhinə layihə həyata keçirmək və siyasət yürütmək mümkün deyil. Hətta Rusiya da Türkiyənin bölgədəki rolunu qəbul etmək məcburiyyətində qaldı. Rusiya Prezidenti Putin İkinci Qarabağ Müharibəsindən sonra bir neçə dəfə açıqlama verdi ki, Türkiyə bölgədə yerləşib, Azərbaycanda var və buna mane olmaq mümkün deyil. Şuşa Bəyannaməsinin bir əhəmiyyəti də budur”.
Şuşa Bəyannaməsinə baxmayaraq, Azərbaycan və Türkiyə rəsmilərinin görüşlərində münasibətlərin daha üst səviyyəyə qaldırılmasını müzakirə edirlər. Söhbət nədən gedir?
Elxan Şahinoğlunun bu suala cavabı belədir:
“Həmişə onun tərəfdarı olmuşam ki, Türkiyə hərbi bazalarının Azərbaycanda yerləşdirilməsinə ehtiyac var. Əlbəttə, Azərbaycan güclü dövlətdir və güclü ordumuz var, bizimlə hesablaşırlar, Ermənistanla gündə yüz dəfə müharibə etsək, yüzündə də qələbə qazanarıq, amma hələ də başqa istiqamətlərdə Azərbaycana təhlükələr yarana bilər. Məsələn, Şimal və Cənubdan. Türkiyənin Azərbaycanda hərbi bazalarına buna görə ehtiyac var ki, heç kim ölkəmizə qarşı təhlükəli planlar həyata keçirə bilməsin. Düşünürəm ki, gələcəkdə bu addımın da atılmasına ehtiyac olacaq.
Şuşa Bəyannaməsinə görə, Şuşanın özündə Türkiyə konsulluğu açılmalıdır. Amma təəssüf ki, bu məsələ də ləngiyir, bunu da sürətləndirməyə ehtiyac var. İndi görürük ki, Rusiya da Xankəndidə konsulluq açmaq istəyir. Halbuki bizim daha çox Türkiyənin Şuşada konsulluğunun açılmasına ehtiyacımız var. Türkiyə-Azərbaycan müttəfiqliyinin daha üst səviyyəyə qaldırılması münasibətlərin konfederativ səviyyəyə çatdırılması demək olardı. Əslində, bu siyasəti dəstəkləyənlərdən biriyəm.
Hərbi-texniki sahədə layihələr həyata keçirilir, hesab edirəm ki, bu projelərin sayı artırılmalıdır”.