15 İyun 08:36
235
12 Punto 14 Punto 16 Punto 18 Punto

15 İyun – Milli Qurtuluş Günü Azərbaycan tarixinin mühüm mərhələsinin, bu günki inkişaf və müstəqil, güclü dövlət anlayışının bərqərar olunduğu dövrün başlanğıcıdır. Məhz bu kontekstdə Milli Qurtuluş Günü müasir dövrümüzün qürur səlnaməsi hesab edilir. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycan yox olmaqdan xilas olmaqla yanaşı, ölkəmiz müstəqilliyini itirmək təhlükəsindən qurtuldu. Bu mənada Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayışı ilə Azərbaycan məhv olmaq təhlükəsi ilə yanaşı dərin ictimai-siyasi və iqtisadi böhran xilas olub. Bununla da Azərbaycan yeni bir mərhələyə, inkişaf, tərəqqi yoluna çıxıb.

Bunu Teleqraf.com-a hüquq elmləri doktoru, professor Məhəmməd İmanlı deyib.

O qeyd edib ki, 15 iyun 1997-ci ildə Milli Məclis tərəfindən Milli Qurtuluş Günü elan olunması haqqında qərarın qəbul edilməsi də məhz bu tarixə verilən ən yüksək dəyərin göstəricisi idi: “Çünki 1990-cı illərin əvvəlində müstəqilliyini elan etmiş Azərbaycanda dərin böhran hökm sürür, işğalçı Ermənistan tərəfindən torpaqlarımız təcavüzə məruz qalırdı. Ölkə daxilində mövcud siyasi böhran, xaos fonunda bütün mənfi tendensiyaların reallaşması üçün anti-milli qüvvələrin əlinə böyük “imkanlar” düşmüşdü. Dövlətçilik anlayışı olmayan qüvvələrin hakimiyyətdə olması Azərbaycanı ciddi təhlükələrə doğru sürükləyirdi. Ağır və acınacaqlı olan bu dövr 1993-cü ilin iyun ayında özünün kulminasiya nöqtəsinə çatmışdı. AXC-Müsavat cütlüyün səriştəsizliyi, kreslo davası, ölkənin ayrı-ayrı silahlı qrupların əlində sanki bir oyuncağa çevrilməsi xalqımızın sabaha olan inamını itirmişdi. Sadə vətəndaşlar normal yaşayış hüququndan məhrum olmuş, fundamental hüquq və azadlıqlar ayaqlar altına salınmışdı. Yenicə müstəqilliyini qazanmış bir ölkəni ağır və xaotik durumdan xilas edə biləcək yeganə şəxs zəngin dövlətçilik təcrübəsinə malik Ümummilli Lider Heydər Əliyev idi”.

Professor bildirib ki, xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin Naxçıvandan Bakıya gəlib, iyunun 15-də Azərbaycan parlamentinin sədri seçilməsi tariximizin mühüm dönüş nöqtəsi oldu: “Ulu Öndər Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirərək bütün təhlükələri dəf etdi. Ölkə müstəqilliyinin dönməzliyi təmin olundu. Bu səbəbdən də 15 iyun tarixi haqlı olaraq tariximizə Milli Qurtuluş Günü kimi daxil olub. Ümummilli Lider Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu. Ölkədə tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırıldı. Uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, Azərbaycan vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas edildi. Bununla da Azərbaycan Ulu Öndər Heydər Əliyevin yorulmaz və gərgin fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrilmək yolunda inamla addımlamağa başladı. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması və onun gerçəkləşdirilməsi də məhz Ulu Öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Dahi Liderin rəhbərliyi ilə ölkəmiz qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrilməklə özünün mövqeyini, strategiyasını müəyyənləşdirdi. Ölkə həyatının bütün sahələrində tərəqqi və dirçəliş baş verdi”.

Elmlər doktoru hesab edir ki, Dahi Lider Heydər Əliyevin uzaqgörən strategiyası ölkəmizi dünya birliyinin tam bərabərhüquqlu üzvü, söz sahibi olan dövlətə çevirib: “Onun həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılıb. Siyasi, diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında cəbhədə atəşkəs əldə olunub. Atəşkəs sazişindən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi, iqtisadi potensialından səmərəli istifadə edərək dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr, razılaşmalar əldə olundu. Uzaqgörən siyasətin reallaşması nəticəsi olaraq Azərbaycan sürətli inkişaf yoluna qədəm qoyaraq ölkəmiz regionda lider dövlətə çevrilməsi təmin edildi. Məhz Ulu Öndərin Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi və praqmatik siyasəti nəticəsində Azərbaycan güclənib, dünyada nüfuzlu dövlət kimi aparıcı mövqeyə yüksəlib”.

Məhəmməd İmanlı vurğulayıb ki, 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsi və 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində işğal altında olan torpaqlarımızı erməni təcavüzündən azad etdi, bütün ərazilərimiz üzərində konstitusiya quruluşu təmin olundu. Bu qələbə tariximizə qızıl hərflərlə yazıldı. Xalq və cəmiyyət olaraq birliyimiz və həmrəyliyimiz nəticəsində bu tarixi qələbə əldə edildi. Artıq azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq və bərpa işləri görülür. 30 il öz yurd-yuvasından didərgin düşmüş torpaqlarımıza qayıdan vətəndaşlarımız burada əbədi, xoşbəxt yaşayacağına əmindir. Böyük Qayıdış konsepsiyasına uyğun olaraq keçmiş qaçqın və məcburi köçkünlərin qısa zamanda ata-baba ocaqlarına dönüşü icra edilir. Məhz ulu öndər Heydər Əliyevin görmək istədiyi bütöv, qalib və güclü Azərbaycan, Onun ən layiqli davamçısı Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə bu gün öz tarixinin ən şərəfli dövrünü yaşayır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər