15 İyun 11:24
317
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin yeni mərhələsinin başlanğıcı olan Şuşa Bəyannaməsinin imzalanmasından 3 il ötür. Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoyub.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

O qeyd edib ki, Şuşa Bəyannaməsinin 15 İyun Milli Qurtuluş Günündə imzalanmış olması xüsusilə rəmzi məna daşıyır: “15 İyun Azərbaycanın müstəqillik tarixində dönüş nöqtəsi olduğu və yeni bir dövr başladığı kimi, 2021-cil 15 İyundan artıq Türkiyə-Azərbaycan münasibətlərində keyfiyyətcə yeni bir dövr başlayıb. Artıq Azərbaycan xalqı 15 İyunda iki bayramı birlikdə qeyd edir. İmzalanmış bu Bəyannamə böyük bir tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XXI əsrdə azad edilmiş Şuşada müttəfiqlik Bəyannaməsinin imzalanmış olması böyük öndərlərin yanaşma və fəlsəfəsinin əbədiləşdirilməsinin təcəssümüdür”.

Deputat bildirib ki, dostluq və qardaşlıq simvolu olan Şuşa Bəyannaməsi, həmçinin, çoxşaxəli müttəfiqliyin də rəmzidir: “Bu baxımdan xüsusilə deməliyik ki, müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan qardaş Türkiyə dövləti ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin mühüm tərkib hissəsidir. Bəyannamə sayəsində Türkiyə və Azərbaycan münasibətləri rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Sənədin ortaya qoyduğu mühüm məsələlərdən biri də xaricdə yaşayan türk və Azərbaycan icmaları arasında informasiya mübadiləsini artırmaq və diplomatik səyləri birləşdirməkdir. Beynəlxalq aləmdə daha səmərəli fəaliyyət göstərmək istiqamətində media platforması və diaspor sferasında birgə, qarşılıqlı əlaqələrin genişləndirilməsinə zərurət yaranıb. Məhz bu istiqamətdə gələcəkdə genişmiqyaslı işlər aparılması üçün vacib olan aşağıdakı məsələlər bəyannamədə öz əksini tapıb: hər iki ölkənin diasporları arasında ikitərəfli əməkdaşlığın bütün parametrlər üzrə inkişaf etdirilməsi, birgə media platforması əsasında ölkələrin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya, həmçinin diplomatiya istiqamətində ikitərəfli əlaqələrin genişləndirilməsi, strateji məsələlər üzrə birgə qərarların qəbul edilməsi və icra edilməsi, qarşılıqlı maraq doğuran bütün məsələlər üzrə həmrəyliyin təmin edilməsinin göstəricisidir”.

Millət vəkili hesab edir ki, hər bir sahədə olduğu kimi azad olunmuş ərazilərin yenidən qurulması prosesində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur: “Şuşa Bəyannaməsi əraziyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdıracaqdır. Regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaq. Şuşa və Şuşa ətrafının gözəl turizm imkanları açılacaq. Əlbəttə, burada Zəngəzur dəhlizinin əhəmiyyətini xüsusilə qeyd etməliyik. Şübhəsiz ki, Zəngəzur dəhlizi dünya və xüsusilə də, region üçün böyük geosiyasi önəm daşıyır. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaq. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi reallığa çevrilir. Bu baxımdan deməliyik ki, Zəngəzur dəhlizi geosiyasi əhəmiyyətə malik olan nəqliyyat layihəsidir”.

Tamam Cəfərova vurğulayıb ki, tarixi Şuşa Bəyannaməsi iki qardaş ölkənin siyasi, diplomatik və iqtisadi uğurudur: “Bu gün əminliklə deyə bilərik ki, Şuşa Bəyannaməsinin fonunda iki qardaş dövlətin birliyi və strateji tərəfdaşlığı, həm dünya üçün nümunə, həm də regional təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər