19 İyun 14:34
1 107
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Asiyanın türk cümhuriyyətlərini Azərbaycan-Türkiyə ittifaqına cəlb etmək mümkündür.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert türk dövlətləri arasında hərbi inteqrasiyaya diqqət çəkib:

"Bölgədə “Türk NATO-su” və ya “Türk KTMT-si” yaratmaq mümkündürmü? Önəmlisi odur ki, təklifi türk dövlətləri arasında inteqrasiyada daha çox maraqlı olan Türkiyə və ya Azərbaycan təmsilçisi yox, KTMT-yə üzv olan dövlətin nümayəndəsi (Qırğızıstanın Azərbaycan və Gürcüstandakı keçmiş səfiri Kayrat Osmonaliyev Şuşada keçirilən beynəlxalq konfransda çıxışı zamanı regional təhlükəsizliyin təmin edilməsi sahəsində türk dövlətlərinin əməkdaşlığının və inteqrasiyasının dərinləşdirilməsinin, daha doğrusu, NATO və ya KTMT-nin analoqu olan regional təhlükəsizlik sisteminin yaradılmasının zəruriliyini vurğulayıb) səsləndirib. Təqdirəlayiq təklifdir, ancaq hələlik reallaşması çətindir. Çünki eyni dövlətlərin iki hərbi blokda təmsil olunması mümkün görünmür. Məsələn, Qazaxıstanın və ya Qırğızıstanın həm “Rus KTMT-si"ndə, həm də “Türk KTMT-si"ndə təmsilçiliyi mümkün deyil.

“Türk KTMT-si"nin formalaşması üçün Türkiyə NATO-dan, Qazaxıstan və Qırğızıstan da KTMT-dən çıxmalıdır. Buna baxmayaraq, türk dövlətləri arasında hərbi əməkdaşlığın zəruri olması barədə təklifin səsləndirilməsi və bunun ətrafında müzakirələrin aparılmasını müsbət qiymətləndirmək olar.

Hərbi əməkdaşlığı elə Türk Dövlətləri Təşkilatı çərçivəsində də başlatmaq və inkişaf etdirmək mümkündür. Türkiyə-Azərbaycan hərbi ittifaqını Mərkəzi Asiyaya (Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan) yaymaq olar. Bunun üçün xüsusi hərbi təşkilata ehtiyac yoxdur, Mərkəzi Asiyanın türk dövlətlərinin Şuşa bəyannaməsinə qoşulmaları hərbi əməkdaşlıq və təhlükəsizlik məsələlərini ehtiva edəcək".


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər