21 İyun 09:47
1 996
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Bakının əsas tələbləri, yəni konstitusiya dəyişikliyi və Minsk qrupundan imtina ilə bağlı məsələləri Ermənistan fərqli kontekstdən şərh verməyə çalışır. Nikol Paşinyan referendumun ancaq ərazi mübadiləsi fonunda baş tutması ehtimalından danışır. “Keçmiş SSRİ dövründə olmuş sərhədləri bərpa edirik” kimi açıqlamalar verir. Sizcə, bu məntiqlə tərəflərin yekun sülh razılaşmasına yaxınlaşması nə dərəcədə real görünür?

- Əslində referendum Ermənistan cəmiyyəti, Nikol Paşinyan və digərləri üçün fərqli məqsədlər üçün şərh edilir. Hərbi cani keçmiş Ermənistan Prezidenti Serj Sərkisyan iki müddətdə prezident olduqdan sonra konstitusiya dəyişikliyinə nail olmuşdu. Məqsəd öz hakimiyyətini uzatmaq idi. Bununla da dövlət başçısı indiki statusda baş nazir oldu. Prezident vəzifəsi isə formal xarakter daşımağa başladı. Sarkisyan istəyirdi ki, öz hakimiyyətinin uzunmüddətli olmasını bununla həll etsin. Amma daha sonra Paşinyan ortaya çıxdı və Ermənistanda real hakimiyyət dəyişikliyi baş verdi. Öz növbəsində Paşinyan da Ermənistanın real konstitusiyasında dəyişikliklərə tərəfdar olduğunu açıqlamışdı. İndi isə Azərbaycanın bununla bağlı tələbləri var. Belə olan halda Paşinyanın da konstitusiyada real dəyişikliklər etmək niyyəti ortaya çıxır. Onun məqsədi yenidən prezident hakimiyyətinə qayıtmaqdır. Ona görə də, referendum məsələsi indi Ermənistan üçün iki hissədən ibarət mövzuya çevrilib. Sadəcə olaraq Paşinyan erməni cəmiyyətini referendum mövzusuna öyrəşdirməyə çalışır.

- Sizcə, Ermənistanda referenduma gediləcəyi halda Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları məsələsinə toxunulacaqmı?

- Ermənistan hakimiyyəti tərəfindən verilən bəyanatlar cəmiyyəti referendum mövzusuna öyrəşdirməklə bağlıdır. Azərbaycan bunu irəli sürdükdən sonra erməni müxalifəti məsələni fərqli şəkildə yozmağa başlayıb. Bundan Paşinyana qarşı istifadə ediblər. Ona görə, də bu, vaxt tələb edən bir məsələdir. Siyasi məntiq bununla bağlıdır. İndiki halda təklif edilən mövzular isə ikinci dərəcəlidir.

- Fransa Ermənistanı silahlandırmaqla nəyə nail olmaq istəyir? İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) uzaqlaşması fonunda rəsmi Parisin bölgəyə bu yolla girmək planı varmı?

- Azərbaycanın bu məsələ ilə bağlı rəsmi mövqeyi açıqlanıb. Çünki keçmiş münaqişə 30 ilə yaxın məhz Ermənistanın Azərbaycana təcavüzü fonunda baş vermişdi. Məqsəd də ərazi iddiası ilə bağlıdır. Daha sonra işğal, etnik təmizləmə baş verib. 10 minlərlə azərbaycanlı hərbi işğalın qurbanı olub. İndi isə Azərbaycan buna son qoyub. Ona görə də, hazırkı məqamda qonşu ölkədən yenə də Azərbaycana təhlükə yaradan fəaliyyət müşahidə edilsə, buna qarşı qabaqlayıcı zərbələr vurulacaq. Azərbaycana qarşı ərazi iddialarında olan Ermənistanda revanşistlər tərəfindən hansısa addımların atılmasını oturub gözləmək olmaz.

- Belə çıxır ki, Azərbaycan qarşı tərəfin həmləsinə qarşı adekvat addımlar ata bilər? Bu addımların hərbi müstəvidə olması ehtimalını necə dəyərləndirirsiniz?

- İstisna edilmir ki, Azərbaycan İsrail kimi hansısa mərhələdə Ermənistana qarşı qabaqlayıcı zərbələr endirsin. Əgər Fransadan aldıqları toplar və digər hücum sılahlarının Azərbaycana qarşı istiqamətlənməsi müşahidə edilsə, o elə yerindəcə məhv edilməlidir. Bunun üçün Azərbaycan imkanları və hüquqi var. Çünki Azərbaycan ikinci dəfə işğalla üzləşmək istəmir. Ona görə də, buradakı məntiq çox sadədədir. Azərbaycan bu məsələdə hər iki tərəfdən məqsədlərinin nə olduğunu soruşmaqda, tələb etməkdə halqıdır. Əgər onların məqsədi Azərbaycana qarşı təhlükə yaratmaqdan ibarətdirsə, buna heç vaxt imkan verilməməlidir. Sözsüz ki, bu imkan verilməyəcək. Vətəndaşın, dövlətin təhlükəsizliyi naminə öncədən qabaqlayıcı tədbirlər görülməlidir.

- Atılacaq sərt addımlar fonunda Bakının əsas hədəfi nədən ibarət olacaq?

- Sülh sazişi imzalanmadan, sərhədlər müəyyənləşmədən, revanşist fikirləri səsləndirən Ermənistan hücum silahları alırsa, burada hansısa məntiq axtarmaq lazımdır. Kimin nə deməsindən asılı olmayaraq bu Azərbaycana qarşı atılacaq bir addımdırsa, o zaman nəyə görə prosesin başa çatmasını gözləməliyik? Nəyə görə, gözləməliyik ki, ermənilər onlara verilən silahları öyrənib, bizə qarşı tətbiq etsinlər.... Elə yoldaca Azərbaycan tərəfi bu silahları məhv etməlidir. Bunun üçün tam hüququmuz var. Əsas vəzifəsi ölkə vətəndaşlarının təhlükəsizliyidir. Ona görə də, bu məsələdə Azərbaycan hökuməti zərrə qədər tərəddüd etməyəcək və ölkəmizə qarşı təhlükə yaradacaq bütün hədəflər anındaca vurulacaq.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər