22 İyun 09:06
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın Ermənistana hücum silahlarını verməsi məsələsi təkcə İrəvanın istəyi ilə olan proses deyil. Bu, Qərb-Rusiya qarşıdurması kontekstində baş verən hadisədir və Cənubi Qafqazda qlobal güclərin qarşıdurmasının nəticəsi olaraq ortaya çıxıb.

Bunu Teleqraf.com-a açıqlamasında Natiq Miri deyib.

Onun sözlərinə görə, sadəcə İrəvan istədi deyə Ermənistan silahlandırılmır:

"Digər tərəfdən Ermənistan dolayısı ilə müdafiə qabiliyyətini gücləndirməklə özünün təhlükəsizliyini təmin etmək istəyindədir. Artıq açıq şəkildə Ermənistan rəhbərliyi Rusiyanın hərbi təhlükəsizlik çətiri altında olmadığını bəyan edir. Perspektivdə KTMT-dən çıxmaqla bağlı qərar verəcəyini də gizlətmir. İrəvan yeni təhlükəsizlik çətiri axtarışındadır. Bu yöndə konkret fəaliyyət ortadadır. Ermənistanın silahlandırılması da bu böyük prosesin tərkib hissəsidir. Eyni zamanda, bu cür silahlanmaq, həmçinin Azərbaycan-Ermənistan sülh müqaviləsi prosesini uzatmaqla, gələcəkdə danışıq masasında öz mövqeyini gücləndirmək istəyir. Çünki hazırda Ermənistanın hərbi təhlükəsizlik immuniteti çox zəifdir.

Bunu hər kəs bilir. Ermənistan bir yandan guya yaxın bir ayda sülh müqaviləsini imzalamağa hazır olduqlarını ifadə edən yalançı bəyanatlar verir. Digər tərəfdən də özünü silahlandırır. Yəni sülh müqaviləsi olmadan bu cür silahlanma anlamsızdır. Çünki bunu heç bir digər sülh prosesi tərəfi qəbul etməz. Demək ki, ortada bilərəkdən həyata keçirilən siyasət mövcuddur. Buda ondan ibarətdir ki, Ermənistan hərbi cəhətdən mövqelərini gücləndirmək istəyir ki, ən azından masada bərabər şəkildə Azərbaycanla otura bilsin. Məsələ bundan ibarətdir. Yəni bir tərəfdə yalançı sözlərlə oyun oynayır və sülhə hazır olduğunu bildirir. Digər tərəfdən silahlanmağa davam edir. Bu, heç bir məntiqə sığmayan və eyni zamanda təhlükəli davranışdır. Çünki ortada “vur-qaç” təcrübəsi var. Bu təcrübədən Azərbaycanda çox rahatlıqla istifadə edə bilər. Uzaq vuran toplar, strateji silahlar və radar sistemləri Ermənistana gələn kimi Azərbaycan ordusunun legitim hərbi hədəfinə çevrilə bilər. Doğru olan budur. Çünki bu cür bir neçə hava əməliyyatından sonra düşünürəm ki, bu proses dayandırılacaq”.

Natiq Miri bildirib ki, əslində sülh prosesi sözdə yaxın olduğu kimi görünür:

“Ancaq praktik olaraq ortada sülh müqaviləsini imzalamaq üçün ciddi təmaslar və hərəkətlər müşahidə etmirik. Qazaxın 4 kəndinin qaytarılmasından sonra sərhədlərin delimitasiya və demarkasiya prosesi də əngələ ilişib. Digər tərəfdən sülh mətni razılaşdırılıb ən azından ilkin niyyət protokolu səviyyəsində imzalanması prosesinin də qarşısında müəyyən maneə yaranıb. Bu da onunla bağlıdır ki, Azərbaycanın haqlı iki tələbi var. Azərbaycana ərazi iddiaları aradan qaldırılmalıdır. Bu, söz də yox, hüquqi təminatla mümkün olmalıdır. Ermənistanın sözünə kimsə etimad etməyəcək. Əslində sülh müqaviləsini imzalamağa hazırıq kimi yalançı bəyanatlar, dünyanın qlobal gücləri aldatmaq meyilləri də məhz bundan yaranır. Bir yandan bunu bəyan edirlər. Bir tərəfdən Azərbaycana olan ərazi iddianı hüquqi aradan qaldır kimi tələbini yerinə yetirmək istəmirlər. Bununla bağlı Ermənistanın Baş naziri Nikol Paşinyan yeni konstitusiyanın ərsəyə gəlməsi ilə bağlı yeni qərar verib. Bu o deməkdir ki, yeni konstitusiyanın meydana gəlməsi sülh müqaviləsini 2026-cı ilin sonuna qədər imzalanmasına ən ciddi əngəl olacaq. Çünki Azərbaycan hüquq təminat almadan, sülh müqaviləsini imzalamayacaq. ATƏT-in Minsk qrupu kimi institutların ləğvi tələbi ortadadır. ABŞ-nin dövlət katibi ilə telefon danışığında Azərbaycan prezidenti məhz bu məsələyə vurğu edib. Ermənistandan tələb olunan məsələ artıq Amerikanın rəsmiləri səviyyəsində ortalığa qoyulur. Yəni bu açıq reallıqlar ifadə olunur ki, əslində bu cür təminatlar olmadan hər hansı kağız parçasının imzalanması ümumilikdə müsbət mənada heç nəyi dəyişməyəcək. Azərbaycan bu cür tələlərə düşmək istəmir”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər