25 İyun 09:05
3 223
12 Punto 14 Punto 16 Punto 18 Punto

ReAl Partiyasının sədr müavini Natiq Cəfərli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Uzunmüddətli sükutdan sonra Ermənistan yenidən sərhəddə təxribatlara əl atmağa başlayıb, bu çərçivədə Naxçıvan və Kəlbəcər istiqamətlərində müəyyən aralıqlarla hərbi fəallığın şahidi oluruq. Artan təxribatlar nədən xəbər verir?

- Əslində, Paşinyan Azərbaycana bir təklif verdi ki, sərhəddə gərginliyi azaltmaq və atəşkəs pozuntularını aradan qaldırmaq üçün ikitərəfli mexanizm yaradılsın. Maraqlı yanaşmadır, qənaətimə görə, açıq deməsə də, Paşinyan bununla dolayı yolla etiraf etmək istəyir ki, sərhəddə baş verənlərə mən nəzarət edə bilmirəm, mənim nəzarətimdən kənarda olan qüvvələr var, bir yerdə monitorinq aparaq və səbəbkarları müəyyən edək. Naxçıvan yaxınlığında, Ermənistan-İran və Ermənistan-Türkiyə sərhədində rəsmən Rusiya qoşunları yerləşir. Hətta həmin ərazilərdə dörd poliqonun olduğu da təsdiqlənib. Yəni Gümrüdəki hərbi bazadan başqa, Rusiya hərbi kontingentinin yerləşdiyi məkanın olduğu da bildirilir.

Ermənistan tərəfindən artan təxribatların arxasında başqa qüvvələrin olduğunu ehtimal etsək, bu, sülh prosesinə mane olmaq və ya bunun uzanmasından dividend götürmək istəyənlərin işidir. Çünki demək olar ki, Azərbaycanla Ermənistan arasında delimitasiya və sülh danışıqlarının yekun mərhələsindən başqa bir problem qalmayıb. Yəni Qarabağ və digər məsələlər həllini tapıb. Üstəgəl, uzun illər bu proseslərin moderatoru olan Rusiya da kənarda qalıb. Azərbaycan və Ermənistan rəsmiləri birbaşa danışıqlardan sonra ilkin delimitasiya və demarkasiya ilə bağlı qərarlar qəbul edildi, nəticədə 4 kənd məsələsi də həllini tapdı. Yəni birbaşa danışıqların effektli olduğu sübut edildi.

Birbaşa danışıqlar Rusiya və bölgədə maraqları olan bəzi digər qüvvələrin xoşuna gəlmir. Çünki bu, proseslərdən kənarda qalmağa və bölgəyə təsir imkanlarını itirməyə bərabərdir. Düşünürəm ki, müəyyən gərginlik nöqtələrinin qalması fonunda yeganə moderator rolunu ələ almaq istəyən qüvvələr var. Məsələn, Fransa. Rusiyanın da maraqlarını kənara qoymaq olmaz. Rusiyanın Cənubi Qafqazda əsas moderator rolundan kənarda qalması Kremli ciddi narahat edən amillərdən biridir.

- Belə bir mexanizm təxribatların qarşısını alacaqmı?

- Ən azı düşünürəm ki, Azərbaycan öz şərtləri çərçivəsində belə bir mexanizmin yaradılmasında maraqlı ola bilər. Bu, həmçinin Paşinyan və komandasına atəşkəs rejimi ilə bağlı onun üzərinə düşən məsuliyyətdən bir az kənarda qalmasına yardımçı ola bilər. Məndə belə bir təəssürat yaranır ki, Paşinyan Ermənistan daxilindən kimlərin təxribat törətdiyini açıq deyə bilmir. İndi təsəvvür edək ki, iki ölkə belə bir mexanizm yaradır və Ermənistan tərəfindən hansısa təxribat baş verir, bu durumda Bakı və İrəvan birgə bəyanat verərək, təxribatın arxasında duran qüvvələri göstərir. Məsələn, fevralda sərhəddə baş verən təxribatın Ermənistanda “Yerkrapa” adlı silahlı qruplaşma tərəfindən törədildiyi məlum olanda, İrəvan bunu etiraf etməyə məcbur olmuşdu. Hətta həmin dəstənin bir neçə üzvü həbs edildi. Bu kimi dəstələrin Moskvanın kurasiyasında olduğunu heç kim inkar eləmir.

Həmin qrupun zərərsizləşdirilən üzvlərinin yaşları da kifayət qədər yuxarı idi, təxminən 45-55 yaş arası. Yəni yaşları əsgər yaşından yuxarı idi. Həmin dəstələrin Ermənistan Müdafiə Nazirliyi yox, hansısa mərkəzə tabe olduqları üzə çıxdı. Bir sözlə, Azərbaycanın şərtləri daxilində yaradılacaq bu mexanizm Ermənistan rəhbərliyinə o imkanı yarada bilər ki, bunun arxasında onun yox, başqa qüvvələrin dayandığını sübut eləsin.

- Sizcə, delimitasiya və demarkasiyanın növbəti mərhələsi Zəngəzur istiqamətində olacaq? Paşinyan yaxınlarda üç gün bölgədə oldu və demarkasiyanın üstünlükləri barədə yerli sakinlərlə danışdı. Üstəgəl, bu məsələ Paşinyanın partiyası ilə iclasında da müzakirə edilib. Paşinyan iclasda prosesin bu yöndə davam edəcəyini istisna etməyib.

- Azərbaycanla Ermənistan sərhədində elə ərazilər var ki, bunlarla bağlı de-yure olmasa da, de-fakto razılaşmalar var. Harada problemli ərazi var, orada proses daha uzun çəkəcək. Zəngəzura gəlincə, 2020-ci ildə ərazilərimiz azad edildikdən sonra Azərbaycan ordusu bu istiqamətdə faktiki sərhədlərimizdə dayanıb, indi bunu de-yure leqallaşdırmaq lazımdır. Hesab edirəm ki, burada daha rahat olacaq, çünki yaxınlıqda heç yaşayış məntəqələri də yoxdur. Məsələn, Tavuş-Qazax istiqamətində yaşayış məntəqələrinin olması yersiz hay-küy və Baqrat Srbazanın revanşist hərəkatının yaranmasına səbəb oldu.

Zəngəzur istiqamətində elə bir problem yoxdur, boş ərazilərdir, ən yaxşı halda otlaq və əkin sahələri var. Bu səbəbdən həmin istiqamətdə daha rahat olacağını düşünürəm. İndi Paşinyanın belə bir açıqlama verməsi təsadüfi deyil. Görünür, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri arasında telefon zəngləri və ya hansısa formada fəal müzakirələr gedir. Ola bilsin ki, Paşinyan Azərbaycanın da razılığı ilə bu bəyanatı verir. Çünki Azərbaycan razılıq verməsə, nə delimitasiya, nə də demarkasiya aparmaq mümkündür.

- Ermənistan mətbuatı neçə gündür yazır ki, iyulda anklavların təhvil verilməsi prosesi başlayacaq. Hətta iddia edirlər ki, ilk təhvil veriləcək kənd Kərki olacaq. Hazırda belə bir gəlişmə üçün zəmin varmı?

- Ermənistan mətbuatını izləyirəm, mənə elə gəlir ki, bu, Srbazan hərəkatını qızışdırmaq üçün ortaya atılan iddialardır. Çünki demək olar ki, Baqratın hərəkatı sönüb, heç bir effekt vermədi, ciddi dalğa yaratmadı, erməni əhalisinin əksəriyyəti bu aksiyanı dəstəkləmədi. İndi bu hərəkatı alovlandırmaq üçün yeni hekayələrə ehtiyac var.

Mənə elə gəlir ki, bu, ən sonda həll ediləcək məsələdir. Çünki bir Başkənd məsələsi də var. Məncə, bu, sülh müqaviləsinin ən son mərhələsində həll edilməsi daha məntiqlidir. Dünya tarixində bununla bağlı müxtəlif üsullar olub. Məsələn, ərazi mübadiləsi, gediş-gəlişlə bağlı hüquqların tanınması və sair. Yəni bu məsələni həll etmək üçün beynəlxalq hüquqda müxtəlif üsullar var. Qənaətimə görə, bu, indiki məqamda Azərbaycan üçün həyati əhəmiyyət daşımayan bir məsələdir. Bu gün bizim məsələmiz sülh müqaviləsini yekunlaşdırdıb kommunikasiyaları açmaqdır. Zatən, növbəti mərhələlərdə anklavlar məsələsi də həllini tapacaq.


Müəllif: Mənsur Rəğbətoğlu