"Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Azərbaycanla Ermənistan arasında sülh müstəvisində danışıqlar davam etsə də, proses növbəti dəfə uzanır. Sizcə, danışıqların bu məcrada uzun müddət davam etməsi tərəflərə nə vəd edir?
- Danışıqlarda hazırda ABŞ-nin da müəyyən istəkləri var. Onlar da tez bir zamanda sülh müqaviləsinin imzalanmasını istəyirlərsə, Ermənistan hələ də konstitusiyasını dəyişməyib. Belə olan halda imzalanmış sülh müqaviləsi natamam bir razılaşma olacaq. Çünki Ermənistanın hüquqi normativ sənədlərində qonşu ölkələrə ərazi iddiası davam edəcək. Bu isə xalqlar arasında sülhün bərqərar olmasına maneədir. Eyni zamanda ilkin sülh mətni üzərində hansısa razılaşmanın əldə edilməsi də istisna edilmir.
- Amerikanın sülhlə bağlı tələskənliyi nə ilə bağlıdır?
- ABŞ tərəfindən demək olar ki, iki-üç gündən bir Azərbaycanla bağlı sülh müstəvisində bəyanatlar verir. Amerika az qala sülh danışıqlarında Azərbaycanı əsassız olaraq prosesi uzatmaqda ittiham edir. Bakı isə heç vaxt sülhlə bağlı prosesin uzanmasında maraqlı deyil. Əksinə Bakıdan İrəvana sülhlə bağlı daha çevik addımlar atmaq tələb olunur.
- Sizcə, sülhə başlıca maneə olan Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlı nə kimi addımlar atıla bilər?
- Bir neçə gün öncə Nikol Paşinyan Ermənistanın konstitusiyasının 2027-cı ildə dəyişdirilməsi ilə bağlı komissiyaya tapşırıqlar verib. Paşinyanın son hakimiyyət dövrü 2026-cı ildə bitirsə, 2027-ci ildə konstitusiya dəyişikliyinə getmək sadəcə olaraq vaxtı uzatmaqdan ibarətdir. O həmçinin seçicilərin səsini almaq üçün belə manevrlər edir. Eyni zamanda Qərbən və digər qonşu ölkələrdən alınan dəstək müqabilində Paşinyan yenidən baş nazir olduqdan sonra 2027-ci ildə konstitusiya dəyişikliyinə getməyi planlaşdırır.
- Belə çıxır ki, Paşinyan 2027-ci ilə qədər Bakı ilə heç bir razılaşmaya getmək niyyətində deyil...
- Reallıq məhz bunu deyir ki, Ermənistanın baş naziri həmin vaxta qədər Azərbaycanla sülh məsələsini sadəcə olaraq manipuliyasiya etmək niyyətindədir. Eyni zamanda Paşinyanın Rusiya ilə bağlı davranışlarında da fərqli çalarlar müşahidə edilir. Ermənistanın Rusiyadakı səfirinin bu ilin mayında raket hücumu nəticəsində dağıntılara məruz qalmış Belqorod şəhərinə göndərilməsi də heç də təsadüfi deyil. Bu sanki Paşinyanın Rusiya ilə münasibətlərdə “u” dönüşü ilə izah edilir.
- Qərblə bağlı olan yanaşmalarda Ermənistanın indiki davranışlarında əsas amillər nədən ibarətdir?
- Avropa İttifaqına üzv olmaqla bağlı indiki mərhələdə məsələnin referenduma çıxarılmayacağının Paşinyan tərəfindən qeyd edilməsi Rusiya-Urkayna müharibəsində vəziyyətin dəyişməsi ilə izah olunur. Müharibənin gedişində Ukraynanın düşdüyü durum, ABŞ-da keçirilən prezident seçkilərində Cozef Baydenlə Donal Tramp arasındakı debatda Trampın güclü tərəf kimi çıxması Ermənistanın baş nazirini müəyyən məsələləri düşünməyə vadar edib. O hadisələrin gedişində olan dəyişikliklər fonunda proseslərin Rusiyanın xeyrinə başa çatacağı təqdirdə atacağı addımları götür-qoy etməyə çalışır. Təbbi ki, sabah Paşinyanın üzünü tamamilə Rusiya tərəfə eçvirməsi də mümkündür. O nə qədər qərb sevgisi ilə yaşasa da reallıqlar çərçivəsində addım ata bilər.