İranın yeni Prezidenti Məsud Pezeşkiyanın birinci xarici səfərini Azərbaycan və ya Türkiyəyə etməsi bölgədə canlanma yaradacaq.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Pezeşkiyanın seçilməsi Azərbaycan-İran əlaqələrində yeni səhifə aça bilər:
“İranda seçkinin nəticəsi bəlli olduqdan dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyevin yeni seçilmiş həmkarı Məsud Pezeşkiyanı təbrik edərək ölkəmizə səfərə dəvət etməsi yerində oldu. Azərbaycanlının İranın dövlət başçısı seçilməsi iki ölkə arasındakı münasibətlərə yeni nəfəs verə bilər. Eyni millətin rəhbərləri yaxın olmağa çalışmalıdırlar. Bu fürsətdən yararlanmaq Pezeşkiyanın əlindədir. Əlbəttə, ali dini lider və ətrafı, o cümlədən SEPAH yeni prezidentin daxili və xarici siyasətdəki təşəbbüslərinin qarşısını almağa çalışacaq.
Əngəllərə baxmayaraq, Pezeşkiyanın birinci xarici səfərini Azərbaycan və ya Türkiyəyə etməsi bölgədə canlanma yaradacaq. Bu, İran üçün də faydalıdır. Məzhəbçilik üzərindən başqa dövlətlərin daxili işlərinə qarışmaq, maraq qrupları formalaşdırmaq, onları maliyyələşdirmək və silahlandırmaq İranın gələcəyi və qonşularıyla münasibətlərinə yaxşı heç nə vəd etmir”.