ReAl Partiyası sədrinin müavini Natiq Cəfərli Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- ABŞ-dən Ermənistana səfərlər artıb, konqresmenlər bir həftəyə yaxın İrəvanda oldular, USAID rəhbəri Samanta Pauerin dördgünlük səfəri başlayıb. Üstəgəl, yaxın günlərdə birgə ABŞ-Ermənistan təlimləri keçiriləcək. Baş verənləri necə şərh etmək olar?
- Bilirsiniz ki, mayda bir Baqrat hərəkatı başlamışdı, bununla Paşinyan hökumətinin laxladılmasına cəhdlər oldu. İki aya yaxın davam edən proses sönsə də, yenidən Ermənistan hökumətinə qarşı müəyyən cəhdlər var. Səfərlərin artması Paşinyan və komandasına dəstəyin bir ifadəsidir.
İstənilən halda, ABŞ-nin Ermənistanda hakimiyyətin qeyri-legitim yollarla dəyişdirilməsinə qarşı olduğunun göstəricisidir. Əslində, mesaj daha çox Rusiyayadır. Çünki Rusiyadakı müəyyən dairələr prosesləri Baqrat hərəkatı və kilsə vasitəsilə əlində saxlmağa çalışırdılar. Bu, həm də Rusiya və Ermənistan arasındakı gərginliyin təzahürü idi. Yəni bu səfərlərin artması Paşinyan hökumətinə dəstəyin ifadəsidir.
Paşinyan və komandasını sona qədər qorumağa çalışacaqlar, məncə, əsas mesaj bundan ibarətdir.
- Ermənistan-ABŞ, Ermənistan-Avropa Birliyi yaxınlaşması ölkəmizin zərərinədirmi?
- Böyük zərərli tərəflərinin olduğunu düşünmürəm. Məsələyə bir az geniş baxdıqda belə bir sual yaranır ki, Paşinyan və komandasının ən azı 2026-cı il seçkilərinə qədər hakimiyyətdə qalması Azərbaycanın xeyrinədir, ya ziyanına? Əgər Qərbin aktivliyi Paşinyan və komandasının qorunmasına yönəlikdirsə, bunun Azərbaycanın zərərinə olduğunu düşünmürəm.
Paşinyan indiyədək Ermənistana gündəmə gətirilməyən mövzuları müzakirə obyektinə çevirməyi bacarıb. Məsələn, Azərbaycanın tələb etdiyi konstitusiya dəyişikliyini də gündəmə gətirib. Artıq Ermənistanda konstitusiya dəyşikliyi ilə bağlı müzakirə açılıb. Halbuki bir neçə ay əvvələ qədər belə müzakirə yox idi.
Delimitasiya və demarkasiya prosesi də göstərdi ki, Azərbaycan və Ermənistan arasında birbaşa danışıqlar effekt verir. Yəni məsələyə bu nöqteyi-nəzərdən baxsaq, əgər ABŞ-nin məqsədi Paşinyan və hökumətini ən azı 2026-cı ilədək qorumaqdırsa və Azərbaycan bir çox məsələlərdə bu komanda ilə daha rahat anlaşa bilirsə, o zaman bunlar ölkəmizin ziyanına deyil.
Amma bəzi amerikalı konqresmen və senatorların Azərbaycan əleyhinə çıxışları nrahatlıq yaradır, bunun da ABŞ-nin dövlət siyasəti olduğunu düşünmürəm.
Həmin siyasilərin haqsız yerə Azərbaycana qarşı çıxmaları narahatedici məqamdır. Bunu da neytrallaşdırmağın yolları var. Həmin konqresmen və ya senatorlar daha çox öz və seçicilərinin mövqelərini ifadə edirlər, bu, dövlətin mövqeyi deyil. ABŞ və Azərbaycanın dövlət səviyyəsində kifayət qədər normal münasibətləri var, qarşılıqlı məktublar yazılır, səfərlər olur.
Xarici işlər naziri Ceyhun Bayramov da ABŞ-yə gedib. Yəni dövlətlərarası münasibətlərdə bir problemin olduğunu düşünmürəm.
- Avropa Birliyi Gürcüstanın təşkilata üzvlüyü prosesi və yardımını dayandırdı. Gürcüstandan fərqli olaraq, Ermənistanın birliyə önünün açıldığını görürük. Yəni Brüssel Gürcüstanı Ermənistanla əvəzləyir?
- Əvəz edə bilməzlər. Avropa Birliyi strateji olaraq yanlış və populist qərarlar verir. Əgər söhbət ölkələrin mövqelərindən gedirsə, Ermənistan ritorik olaraq Rusiya ilə müəyyən gərginlik yaşasa da, Rusiyanın bu ölkədə hərbi bazası var. Bundan başqa, Rusiyanın Ermənistanın Türkiyə və İranla sərhədlərində qoşunları yerləşir, burada 4 hərbi poliqonu mövcuddur. Ermənistan iqtisadiyyatının 72 faizi Rusiyaya bağlıdır. Rusiya-Ermənistan ticarət dövriyyəsi fantastik həddə çatıb, son 2 ildə 4 dəfəyə qədər artıb. Bunun səbəbi də, sanksiyalardan yan keçməsi üçün Ermənistan və şirkətlərinin Rusiyaya dəstək verməsidir.
Bunları gözardı edərək bir qanuna görə Gürcüstanın sıxışdırılması, strateji olaraq Avropa Birliyi tərəfindən verilmiş çox yanlış qərardır.
Avropa Birliyinin bu qərarlarının səbəbləri var. Oktyabrda Gürcüstanda parlament seçkiləri keçiriləcək. Çox güman ki, bu qərarlar seçkilərdə İvanişvilinin komandasını zəiflətmək və avrointeqrasiya tərəfdarlarının qələbəsini təmin etmək üçün qəbul olunur. Bu, Gürcüstan cəmiyyətinə bir mesajdır. Çünki Gürcüstan cəmiyyətinin əksəriyyəti Avropaya inteqrasiyanın tərəfdarıdır.
Ən azı Avropaya vizasız gediş-gəliş və Gürcüstan əhalisinin yarım milyondan çoxunun qitə ölkələrində iş tapmaları burada inteqrasiyaya marağı artırıb. İndi bu tip qərarlarla seçki prosesinə təsir etməyə çalışırlar ki, İvanişvili komandasının qarşısında olan müxalif qüvvələr daha çox səs qazansın.
- Bəs bu təsiretmə nə qədər effektli olacaq, yəni payızda seçki yolu ilə Gürcüstanda hakimiyyət dəyişikliyi mümkün olacaqmı?
- İvanişvili və komandası iqtisadi olaraq Gürcüstanda kifayət qədər nailiyyət qazanıb. 2022-ci ildə 10.4, 23-cü ildə 7.8 faiz artım olub. 2024-cü ilin ilk beş ayında ÜDM-ün artımı 10 faizə çatdı, işsizlik sıfıra yaxındır. Bu, həm də onunla əlaqəlidir ki, Gürcüstan vətəndaşları Polşa, Avstriya və Almaniya kimi ölkələrdə iş tapa bilirlər. Demək olar ki, Gürcüstanda işsizlik problemi yoxdur, hətta kənarda işçi qüvvəsi də cəlb edirlər. Düzdür, son 2-3 ildə qiymətlər xeyli yüksəlib, amma İvanişvili və komandası iqtisadi baxımdan daha dayanıqlı görünür.
Bəs siyasi – avrointeqrasiya baxımından təsir ola bilərmi? Mümkündür. Ən azı seçicilərə mesajdır ki, bu hökumət qalsa, avrointeqrasiyanı saxlaya və ya gecikdirə bilərik. Bu mesajın seçicilərə təsir göstərməsi mümkündür. Amma düşünmürəm ki, “Gürcü Arzusu” belə bir acınacaqlı məğlubiyyətə uğrayacaq. Çünki Gürcüstanda əhalinin böyük hissəsi avrointeqrasiya tərəfdarı olsa da, konservativ dəyərlərin daşıyıcıları da çoxdur.
Konservativ dəyərlərin daşıyıcıları Avropa Birliyinin bəzi tələblərinə qarşıdır, bu, cinsi azlıqlar və digər məsələlərlə bağlıdır. Bu, “Gürcü Arzusu”na dəstək yarada biləcək faktordur.
“Gürcü Arzusu”nun özü də indiyədək avrointeqrasiyadan imtina etdiyini söyləməyib. Hətta ötən aylarda Gürcüstana Avropa Birliyinə üzvlük statusu veriləndə “Gürcü Arzusu” həmin günü ölkədə bayram elan etdi. Yəni hökumət Avropaya inteqrasiyadan imtina eləmir, sadəcə bu yolu öz şərtləri ilə getmək istəyir. Bu baxımdan, Gürcüstan seçkilərində maraqlı situasiya yaranacaq.
Yenilik ondan ibarətdir ki, bu seçkilər tam proporsional olacaq. Bu o deməkdir ki, xırda partiyaların parlamentdə təmsilçilikləri artsa, “Gürcü Arzusu” təkbaşına hökumət formalaşdıra bilməsə də, kiçik partiyalarla koalisiyaya gedərək, müxalifəti, Saakaşvilinin partiyasını hökumətdən kənarda saxlaya bilər.
- Ümumiyyətlə, Qərbin Cənubi Qafqazla bağlı aydın bir strategiya və ya yol xəritəsi varmı? Azərbaycanla məsafəli davranış, Gürcüstanı özündən uzaqlaşdırma cəhdlərini görürük. Tək Ermənistan üzərindən bölgədə yerləşmə səyləri nə qədər məntiqlidir?
- Mən məsələyə bir az fərqli baxıram. Qərb yekcins deyil. Qərbdə müxtəlif institut, güc və ölkələr var. Məsələn, İtaliya da, Britaniya da, Macarıstan da Qərbdir. Azərbaycan və Türkiyə ilə kifayət qədər yaxın münasibətləri olan ölkələrdir. Amma Qərb institutları ümumi anlamda Türkiyə, Azərbaycan və Gürcüstan siyasi-iqtisadi anlamda Qərbə bağlı olduğunu görürlər.
Burada ən zəif halqa Ermənistandır. Ermənistan boğaza qədər Rusiyaya bağlıdır. Buna görə də, Rusiyadan asılılığı azaltmaq üçün Ermənistanı dəstəkləyirlər, bu faktdır. Amma bu, anti-Azərbaycan və ya anti-Türkiyə mövqeyinə görə yox, Ermənistanın böbəkdən Rusiyaya bağlı olduğuna görədir.
Azərbaycan və Türkiyənin Rusiyadan asılılığı yoxdur. Azərbaycan ümumiyyətlə Türkiyə elə bir güc mərkəzi yaradıb ki, Rusiyanı Cənubi Qafqazda xeyli dərəcədə zəiflədib. Qərb institutları bunu çox yaxşı görürlər. Mən bunu şəxsi görüşlərimdən də bilirəm. Bu səbəbdən də, Ermənistana dəstək anti-Azərbaycan və ya anti-Türkiyə gedişi kimi qəbul olunmamalıdır.
Məsələyə Cənubi Qafqazda ən zəif halqanın Ermənistan olması kimi baxmaq lazımdır. Buna görə də, Ermənistanın Rusiyadan asılılığının azaldılması üçün cəhdlər artıb. Əlbəttə, bu, Türkiyə və Azərbaycanda haqlı narazılığa səbəb olur. Amma bu, fundamental anti-Azərbaycan və anti-Türkiyə dalğası deyil.
Qərbdə elə ölkələr var ki, Azərbaycanla çox yaxındır. Məsələn, Qərbdə Azərbaycanın ən böyük ticarət tərəfdaşı İtaliyadır, birinci yerdədir. Macarıstanın Azərbaycanla sıx əlaqələri var. Britaniya Azərbaycanda ən böyük investordur. Elə Türkiyə ixracatının 57 faizi Avropa ölkələri ilə bağlıdır. Yəni ritorika incidici və narazılığa səbəb olsa da, baş verənlərin fundamental olaraq Azərbaycan və Türkiyəyə qarşı olduğunu da deyə bilmərik.