9 İyul 18:05
2 650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistan Baş naziri Narendra Modinin Rusiya səfərinə xeyli müddətdir hazırlıq gedirdi. Səfər Hindistanda parlament seçkilərinə görə təxirə salınmışdı. Modi seçkidə qələbə qazanaraq üçüncü dəfə baş nazir olduqdan sonra Kreml ona dəvəti təkrarladı.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd edilir ki, Modi sonuncu dəfə Rusiyada 2019-cu ildə olub:

“Əslində əvvəllər belə bir razılaşma vardı ki, iki ölkənin lideri ildə bir dəfə görüşüb fikir mübadiləsi aparsınlar. Ancaq müxtəlif səbəblərdən tərəflər buna riayət edə bilməyib. Məsələn, Rusiya Hindistanın rəqibi Çinlə daha tez-tez ortaq sammitlər keçirir. Buna baxmayaraq, Kreml Çinlə yanaşı Hindistanla təırəfdaşlığı da arxa plana atmaq istəmir.

Modi ABŞ və Avropa ölkələri ilə sıx əməkdaşlığa baxmayaraq, Rusiya ilə münasibətləri də üst səviyyədə saxlamağa çalışır. Dehli Qərbin formalaşdırdığı anti-Rusiya blokuna qoşulmayıb. Eynilə Dehlinin Kremllə əməkdaşlığı Qərbə qarşı yönəlməyib. Dehli bunun əvəzinə Qərbin bölgədə Çini dayandırmaq üçün formalaşdırdığı birliklərə qoşulub. Məsələn, Tokio ilə tərəfdaşlığı gücləndirib. Yaponiya Çinin hərbi dəniz donanmasının onun sahillərinə yaxınlaşmasından narahatdır. İki ölkənin müxtəlif adalarla bağlı mübahisələri davam edir.

Dehli Pekinlə rəqabət içindədir. Vaşnqton bu səbəbdən Dehli ilə ələqaləri gücləndirib. ABŞ Nümayəndələr Palatasından rəhbərliyinin bir müddət əvvəl Dehliyə səfəri və Hindistanda yaşayan Dalay Lama ilə görüşü də bundan xəbər verir

Dehlini Rusiyanın siyasəti ilə bağlı bir məsələ ciddi narahat edir. Rusiyanın Ukraynaya zorla göndərdiyi insanların arasında Hindistan vətəndaşları da var. Bu, Dehlini ciddi narahat edir. Modi Rusiya Prezidenti Vladimir Putinlə görüşdə bu mövzunu müzakirə edib. Putin ordudakı hindlilərin geri çağrılacacağını Modiyə vəd edib.

Sanksiyalarla üzləşən Rusiya Hindistanla iqtisadi-ticari əməkdaşlığını genişləndirməyə çalışır. Hindistan Rusiya neftinin əsas alıcılarından birinə çevrilib. Nəticədə ticarət əlqələrində Rusiyanın xeyrinə 60 milyard dollarlıq disbalans yaranıb. Çünki Rusiya Hindistandan elə çox məhsul almır. Dehlinin Kremlin siyasətindən başqa narazılığı da var. Dehli hesab edir ki, Ukrayna müharibəsinə görə Kreml balansı Çinin xeyrinə pozub və bu ölkə ilə daha da yaxınlaşıb. Hər halda Modinin Putinlə görüşü və apardığı müzakirələr bir sıra suallara aydınlıq gətirməlidir”.

Təhlildə vurğulanır ki, Modi Putinlə ortaq layihələri də müzakirə edib:

“Bunlar biri şimal-cənub nəqliyyat dəhlizidir. Dehli bir müddət əvvəl Tehranla İranın Çabahar limanının idarəçiliyi ilə bağlı razılıq əldə etmişdi. Hindistan Çinə alternativ nəqliyyat dəhlizinə üstünlük verir. Hindistan məhsullarının İran və Cənubi Qafqaz üzərindən Avropaya daşınması aktuallaşıb. Bu məsələdə Kremli maraqlandıran Hindistanın sonrakı mərhələdə hansı marşrutu seçəcəyidir. Hindistan məhsulları İrandan sonra Azərbaycan və ya Ermənistan vasitəsilə Gürcüstan limanları, ya da Rusiya üzərindən Avropaya daşınmalıdır. Kreml Dehlini inandırmağa çalışır ki, məhz Rusiya marşrutu (Bu halda Azərbaycan üzərindən keçəcək – Hindistan-İran-Azərbaycan-Rusiya xətti - red.) seçilsin.

Ukrayna müharibəsinə görə Rusiya Qərb texnologiyalarından yararlana bilmir. Hindistan isə informasiya-texnologiyaları sahəsində güclü mütəxəssislərə malik ölkədir. Hindistanda süni intellekt üzərində fəaliyyətlər genişlənib. Hindistan şirkətləri çip istehsalına da böyük əhəmiyyət verir. Rusiya bu texnologiyalarda maraqlıdır.

Modinin Rusiyadan sonra bir sıra Qərb ölkələrinə səfərləri nəzərdə tutulub”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər