12 İyul 14:19
2 085
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizdə sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinin demokratik və ədalətli şəkildə keçirilməsi üçün münbit şərait var. Qanunvericilik, ölkə Konstitusiyası, Seçki Məcəlləsi, "Siyasi partiyalar haqqında" qanun, Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi müvafiq sənədlər prosesin tam şəffaf şəraitdə keçirilməsinə zəmin yaradacaq. Seçilmək istəyənlər və seçənlər üçün münbit zəmin var.

Bunu Teleqraf.com-a Yeni Azərbaycan Partiyasının təmsilçisi, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

O qeyd edib ki, artıq ölkəmizdə mövcud olan siyasi partiyalar özlərinin ali orqanlarının topantılarını keçirərək seçkidə iştirakla bağlı qərarlarını verir: “Bu günə qədər xeyli sayda siyasi partiya seçki ilə bağlı öz qərarlarını açıqlayıb və seçkidə iştirak edəcək namizədlərini elan edib. Partiyalar MSK-ya səlahiyətli nümayəndələrini təyin edir. Dairə Seçki Komissiyalarında da parlament seçkilərində iştirakla bağlı namizədlərin irəli sürülməsinə başlanılıb. Bütün bunlar ölkədə növbədəkənar parlament seçkilərinin azad, ədalətli, demokratik ab-havada və siyasi mübarizə fonunda keçəcəyinə əminlik yaradır”.

Millət vəkili bildirib ki, Yeni Azərbaycan Partiyası da növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərini müəyyən edib: “Yaxın günlərdə Yeni Azərbaycan Partiyası İdarə Heyətinin qərarından sonra öz namizədlərinin siyahısını dairələr üzrə təqdim edəcək. Sözsüz ki, seçkidə iştirak edib-etməmək siyasi partiyaların verəcəyi qərarla bağlıdır. Bəzi partiyalarda isə idarəçilik dərnək şəklində olduğuna görə, hansı addım atacaqlarını bilmirlər. Bu xüsusda AXCP partiya kimi deyil, dərnək kimi fəaliyyət göstərir. Bu partiyanın sədrinin yeganə baxdığı yer evinin pəncərəsidir. Çünki o cəmiyyəti bundan başqa yerdə görmür, hiss etmir. Sadəcə olaraq bu adam tik-tokerlik, bloggerlik edir. Bir komputeri qoyub qabağına ancaq onunla işləyir. Faktiki olaraq virtual aləmdədir, canlı aləmdə deyil. Seçki ilə bağlı da ona hansı tapşırığı verəcəklərsə, onu yerinə yetirəcək. Onun seçkidə iştirak edib-etməməsinin prosesə heç bir aidiyyatı yoxdur”.

YAP təmsilçisi bildirib ki, ölkəmizdə 26 siyasi partiya dövlət qeydiyyatından keçib: “Bu partiyaların əksəriyyəti bəyan edib ki, seçkidə iştirak edəcək. AXCP dərnəyini çıxmaq şərti ilə siyasi partiyaların əksəriyyəti seçkidə iştirakla bağlı mövqeyini bəyan edib. Partiyanın bir və yaxud bir neçə namizədlə iştirakının heç bir fərqi yoxdur. Bünün üçün heç bir məhdudiyyət yoxdur. Ölkəmizdə demokratik şərait, azad media və bütün imkanlar mövcuddur. Hər bir şəxs istənilən media quruluşunda çıxış edib sərbəst şəkildə öz fikirlərini ifadə edə bilir”.

Siyavuş Novruzov Müsavat partiyasının seçkidə iştirakla bağlı mövqeyinə də münasibət bildirib: “Müsavat partiyasının verdiyi qərara da hər kəs hörmətlə yanaşmalıdır. Çünki bu partiyanın daxili qərarıdır. Bu qərarla da addımlar atılır. Seçkidə kimlərin şansının çox olmasını isə seçici müəyyənləşdirir. Bu gün Azərbaycan günü-gündən inkişaf edir. Yeni partiyalar, yeni nəslin təmsilçiləri artıq siyasi proseslərə qoşulur. Onlar da bu aktiv proselərdə iştirak edir. Çünki tək köhnə ilə oturub qalmaq və yaxud o düçüncə ilə yaşamaq olmaz. Biraz irəliyə baxmaq lazımdır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər