16 İyul 09:05
3 362
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Azərbaycanla Ermənistan arasında sülh prosesi çərçivəsində son danışıqlar Ağ evin təşkilatçılığı ilə baş tutdu. Görüşün yekunu olaraq verilən açıqlamalarda tərəflərin sülhə doğru yaxınlaşan mövqeyindən, yaranmış tarixi şanslardan bəhs edilirdi...

- Əslində burada Amerikanın öz maraqları var. Çünki Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə onlar İrəvanı Rusiyanın təsirindən çıxarmaq istəyir. NATO ilə bu gündən başlanan təlimlər də bunun tərkib hissəsidir. Öz növbəsində ABŞ-də gedən proseslər birmənalı şəkildə Rusiyanın istədiyi məcrada gedir. Çünki Moskva bütün hallarda Amerikada vəziyyətin qarışmasını istəyirdi. Bütün hallarda Moskva Donlad Trampın hakimiyyətə gəlməsində maraqlıdır. Rusiya da artıq müharibədən yorulub. Ona görə də, sülh təşəbbüskarı kimi Amerika önə çıxır. Daha sonra bunu ABŞ diplomatiyasının xarici siyasətdə qələbəsi kimi dünyaya təqdim etməyə çalışırlar. Hələlik isə bu alınmır.

- Bakının əsas şərtləri nədən ibarətdir, Amerika Azərbaycanın təkliflərinə necə baxır?

- Azərbaycanın tələbi məsələni kökündən həll etməkdir. Ermənistan Konstitusiyasında mütləq ki, dəyişiklik olunmalıdır. Bu, ən düzgün variantdır. Əgər bu gün sülh sazişi imzalansa belə, əhəmiyyəti şübhə altına alına bilər. Daha sonra erməni tərəfindən kimlərsə məsələ qaldırıb, yenidən Azərbaycana qarşı ərazi iddiasını gündəmə gətirəcək. Ona görə Amerikanın irəli sürdüyü təşəbbüsün müsbət nəticələnəcəyinə inam yoxdur.

- Belə çıxır ki, sülhlə bağlı gözləntilər hələ real deyil?

- Yaxın iki-üç ayda Ermənistan referenduma getsə, bundan sonra sülh razılaşmasının imzalanması mümkündür. Əks təqdirdə Azərbaycanın sülh sazişinə getməsi indiki şəraitdə problemləri gələcəyə saxlamaq kimi dəyərləndirilir. Ona görə də, Amerikanın bu təşəbbüsü alınmayacaq.

- Türkiyə-Ermənistan münasibətləri normallaşdırmaq, sərhədləri açmaq kimi məsələləri Azərbaycanın mövqeyi nəzərə alınmadan reallaşdırmaq niyyətləri də var idi. Bu halda nəyə nail olmaq istəyirdilər?

- Türkiyə Ermənistanla məhz Azərbaycan ərazilərini işğal etdiyinə görə, onunla heç bir əlaqə qurmadı, bu ölkəni dövlət kimi tanımadı. Ötən ilin oktyabrında yəni, Azərbaycan bayrağı Xankəndidə dalğalandıqdan sonra Türkiyə Ermənistanla münasibətləri yumşaltmaqla bağlı açıqlamalar verildi. Azərbaycan da eyni siyasi jesti etdi. Çünki Türkiyənin Ermənistandan tələbi heç də hər şeyi həll etmirdi. Amma Azərbaycanın tələbi çox ciddidir. Azərbaycan tək özünə qarşı deyil, Türkiyəyə qarşı da ərazi iddialarının aradan qaldırılmasını tələb edir. Təbii ki, bu da avtomatik olaraq saxta erməni soyqırımı məsələsini də gündəmdən çıxarır. Belə bir şəraitdə Azərbaycanın mövqeyi Türkiyənin yenidən Ermənistana qarşı daha ciddi addım atmasını gündəmə gətirdi.

- Zəngəzur dəhlizi ilə bağlı Türkiyə Prezidentinin mövqeyi nəyi ehtiva edir, Ermənistan buna razı olmasa, nə baş verə bilər?

- Dəhlizinin açılması artıq Ermənistanın tamamilə blokadadan çıxması ilə nəticələnəcək. Türkiyə buna müsbət yanaşmadığına görə, Azərbaycan da bu addımı atmayacaq. Amerika nə qədər çalışsa da, Ermənistanın taleyi Azərbaycanla Türkiyənin əlindədir. Rusiyanın da mövqeyi əsas amillərdəndir. İranda Məsud Pezeşkianın hakimiyyətə gəlməsi Ermənistanın işini bir qədər də çətinə salacaq. Ona görə də, Ermənistan öz qonşuları ilə münasibətlərə fikir verməlidir.

- Noyabra qədər Azərbaycanla Ermənistan arasında çərçivə sülh sazişinin imzalanması iddia edilir. Bu baş tutmasa, yeni hərbi qarşıdurmanın olacağı ehtimalı səslənir...

- Ermənistan yenidən Azərbaycanla müharibə riskini gözə ala bilməz. Bakıya qarşı hər hansı bir təxribatın olması, sərhəddin pozulmasına edilən istənilən cəhd Azərbaycanın 1920-ci ildəki ərazi statusuna qayıtması ilə nəticələnə bilər. Bu halda Ermənistanın cəmi 9 min kv. km. ərazisi qalacaq. Çünki 1918-ci ildə Ermənistan dövlət kimi yarandıqda 9 min kv km-dən bir qədər artıq idi. Belə olan halda Zəngəzur dəhlizini açmağa ehtiyac qalmayacaq. Azərbaycan Qərbi Zəngəzuru, Göyçəni götürəcək. Ondan sonra Ermənistanın kimə istəyir şikayət etsin. Bunun heç bir nəticə verməyəcək. Bütün bunların fonunda noyabra qədər sülh sazişinin imzalanması real görünmür. Vaxt etibarı ilə də bu mümkün deyil. Avqust ayında Ermənistan referendum elan edib, otyabrda dəyişikliyə getsə, bəlkə buna real baxmaq olar. Amma Ermənistandakı qüvvələrin nisbəti buna imkan vermir.

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanıb.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər